Xristian esxatologiyası (yunan. ἔσχατος, esxatos, "son", "axırıncı", + yunan. λογος, logos, "elm") – xristian teologiyasının Bibliya əsasında dünyanın sonu, bəşəriyyətin aqibəti kimi məsələləri tədqiq edən sahəsidir.
Xristian esxatologiyasının tədqiq etdiyi başlıca mövzular bunlardır: ölüm və axirət, cənnət və cəhənnəm, İsa Məsihin ikinci gəlişi, ölülərin dirilməsi, böyük əziyyət, minillik padşahlıq, dünyanın sonu, əbədi məhkəmə, yeni göy və yeni yer. Esxatologiya ilə bağlı olan kəlamlara Bibliyanın müxtəlif yerlərində, habelə Bibliyaya daxil olmamış yazılarda və kilsə atalarının əsərlərində rast gəlinir.
İsanın esxatoloji görüşləri
Y. Vays (J. Weiss) və A. Şveytser (A. Schweitzer) XX əsrin əvvəllərində iddia etmişlər ki, İsa hökm gününün tezliklə olacağını gözləyən və xalqı tövbəyə çağıran bir vaiz idi. İsanın bu cür “aldanmış” bir müəllim olduğunu inkar edən Ç. Dodd (С. Н. Dodd) «gerçəkləşmiş esxatologiya» nəzəriyyəsini yaratmışdır. Dodda görə, “hökm” müəyyən mənada artıq gerçəkləşmişdir. Dodd İncildəki tarix təsvirində Allahın hökmünü görür və İsanın Yəhya Müjdəsində yazılmış “İndi isə bu dünyaya hökm veriləcək”Yəhya Müjdəsi 12:31. Bax həmçinin Yəhya Müjdəsi 3:19: “Mühakimə bundan ibarətdir ki, dünyaya nur gəldi, amma insanlar qaranlığı nurdan daha çox sevdi, çünki əməlləri şər idi”. sözlərində özünün bu fikri üçün əsas tapırdı.
Müasir alimlərin əksəriyyəti hesab edir ki, bir yandan Vays və Şveytser, digər yandan isə Dodd iki ifrat baxışı təmsil edirlər. Bu ifratların arasındakı üçüncü baxış daha inandırıcı görünür. İsa düşünürdü ki, Allahın Padşahlığı müəyyən mənada artıq gəlmişdir. Lakin eyni zamanda O, esxatoloji olaylardan gələcəkdə baş verəcək olaylar kimi bəhs edirdi. Beləliklə, müasir Əhdi-Cədid tədqiqatçıları Əhdi-Cədid esxatologiyasını “artıq gəlmiş, lakin hələ tam gəlməmiş” şəklində şərh edirlər.
İsanın gələcəyə dair inancları ilk əvvəl Əhdi-Ətiqə və yəhudi ənənəsinə əsaslanırdı. İsa ölülərin dirilməsiniMark Müjdəsi 12:18-27 və qorxunc hökm gününüLuka Müjdəsi 10:13-15; 11:31-32 gözləyirdi. O, salehlərin mükafatlandırılacağınaLuka Müjdəsi 6:20-23 və günahkarların cəzalandırılacağınaLuka Müjdəsi 6:46-49 əmin idi, axır zamanlarda möminlərin əziyyət çəkəcəyiniLuka Müjdəsi 12:49-53 və təbii fəlakətlərin baş verəcəyiniLuka Müjdəsi 21:25-26 öyrədirdi.
Müasir alimlər razılaşırlar ki, İsa hökm gününün yaxın olduğunu düşünürdü. Bəzi ilahiyyatçılarının bunu imkar etmək cəhdləri inandırıcı deyildir. Bununla belə, İsa bunun nə vaxt olacağına dair hər hansı təxminləri rədd edirLuka Müjdəsi 17:20-21 və “o günü və o saatı” bilmədiyini etiraf edirdi.Mark Müjdəsi 13:32.
Erkən kilsənin esxatologiyası
Həvarilərin vəzlərində esxatologiya mühüm yer tutur. Həvarilərin İşləri Kitabı həvarilərin dirilmiş İsa Məsihlə söhbət edərkən “Ya Rəbb, İsraildə Padşahlığı indimi bərpa edəcəksən?” suallarına, Məsihin “Atanın hökmü ilə təyin olunan vaxtları və tarixləri bilmək sizin işiniz deyil” deyə cavab verdiyini nəql edir.Həvarilərin İşləri 1:6-7 Beləliklə, ilk xristianlar üçün dünyanın sonunun vaxtı haqqında sual açıq qalırdı. Bununla belə, şübhəsiz ki, onlar Səmavi Padşahlığın tezliklə gələcəyini gözləyirdilər. Buna görə də bəzi möminlər öz işlərini tərk edərək dünyanın sonunu günü-günə gözləyirdilər. Həvari Pavel buna qarşı etiraz edirdi,Bax: 2 Saloniklilərə Məktub 2:1-17 həvari Pyotr da o gün haqqında belə deyirdi: “...Rəbb üçün bir gün min il kimidir, min ilsə bir gün kimidir... Rəbb vədini yerinə yetirməkdə gecikməz, lakin sizə görə səbir edir. Çünki O heç kəsin həlak olmasını istəmir, amma hər kəsin tövbə etməsini istəyir. Rəbbin günü isə oğru kimi gələcək. O gün göylər böyük gurultu ilə aradan qalxacaq. Ünsürlər yanaraq məhv olacaq. Yer üzü və onun üstündə hər şey ifşa olunacaq... Amma biz Allahın vədinə əsasən salehliyin sakin olacağı yeni göyləri və yeni yeri gözləyirik...”2 Peter 3:4-15
İsanın ikinci gəlişi Əsas məqalə: Parusiya
Xristian esxatologiyasına görə, İsa gözlənilmədən, gözlə görünən şəkildə ikinci dəfə yer üzünə gələcəkdir. Buna görə siz də hazır olun, çünki Bəşər Oğlu gözləmədiyiniz vaxt gələcək.Matta Müjdəsi 24:44 Rəbbin günü oğru gecə gəldiyi kimi gələcək.1 Saloniklilərə 5:2 Hər kəs İsanın zühurunu görəcəkdir: Budur, O, buludlarla gəlir! Hər göz Onu görəcək, Hətta Onun bədənini deşənlər də Onu görəcək. Yer üzünün bütün tayfaları Onun üçün ah-nalə edəcək. Bəli, belə olacaq. Amin.Vəhya Kitabı 1:7 Xristianların böyük əksəriyyəti inanır ki, Məsihin ikinci gəlişinin nəticəsində imansız adamlar mühakimə ediləcək, sadiq və mömin olanlar isə mükafat alıb yeni göylərdə və yeni yerdə Məsihlə birlikdə yaşayacaqlar: Mən yeni bir göy və yeni bir yer gördüm. Çünki əvvəlki yerlə əvvəlki göy keçib getmişdi, dəniz də artıq yox idi. Taxtdan belə deyən uca bir səs eşitdim: «Budur, Allahın məskəni insanların arasındadır. Allah onlarla birgə məskən salacaq; onlar Onun xalqı olacaq, Allah Özü onların Allahı olaraq aralarında yaşayacaq. Allah onların bütün göz yaşlarını siləcək. Artıq ölüm olmayacaq. Yas, nalə və ağrı bir daha olmayacaq. Çünki əvvəlki şeylər keçib getdi».Vəhy Kitabı 21:1-4 İsa Məsih gəlişindən əvvəl xüsusi əlamətlər olacaq: Məsihin Müjdəsi bütün dünyada vəz ediləcək Matta Müjdəsi 24:14, böyük əziyyət olacaq Mark Müjdəsi 13:7-8, 19-20, möcüzələr göstərən yalançı peyğəmbərlər törəyəcəklər Mark Müjdəsi 13:22, səmada əlamətlər olacaq Mark Müjdəsi 13:24-26. Bundan əlavə, Həvari Pavel öyrədirdi ki, qanunsuz adam meydana çıxmayınca Məsih gəlməyəcək. Məsih Öz qəlişində bu qanunsuz adamı məhv edəcək. Sözügedən qanunsuz adam bir qayda olaraq Vəhy Kitabındakı “vəhşi heyvan” kimi qəbul edilir və “Məsihin Əleyhdarı” yaxud “Antixrist” adlandırılır. Bax: 2 Saloniklilərə Məktub 2:1-10 Ölülərin dirilməsi Ölülərin dirilməsi təlimi hələ xristianlıqdan qabaq da mövcud idi. Əhdi-Ətiqdə Daniel Peyğəmbərin Kitabında belə ayə vardır: “Torpağın altında yatanların çoxu əbədi həyat, bəzisi isə əbədi xəcalət və rüsvayçılıq üçün oyanacaq.” Daniel 12:2
Əhdi-Cədid müntəzəm olaraq ölülərin diriləcəklərindən bəhs edir. Məsih gələcəyi anda Ona sadiq qalmış mərhum möminlər diriləcəklər, Məsihin gəlişinədək sağ qalanlar isə bundan dərhal sonra dəyişiləcəklər. Bu təlim “sirr” adlandırılır.Bax: 1 Korinflilərə Məktub 15:51-52: “Baxın sizə bir sirr açmaq istəyirəm: hamımız vəfat etməyəcəyik, amma son şeypur çalınanda bir andaca, bir göz qırpımındaca hamımız dəyişiləcəyik. Çünki şeypur çalınacaq, ölülər çürüməzliklə diriləcək, bizsə dəyişiləcəyik.”; 1 Saloniklilərə Məktub 4:16-17: “Rəbb Özü əmrini səsləndirməklə, baş mələyin sədası və Allahın şeypuru ilə göydən enəcək. Əvvəlcə Məsihdə olaraq ölənlər diriləcək. Ondan sonra sağ qalan bizlər Rəbbi havada qarşılamaq üçün onlarla birgə buludlar içində götürülüb-aparılacaq və beləcə daim Rəblə olacağıq.”
Lakin Əhdi-Cədidə görə, ölülərin dirilməsi iki mərhələdə baş verəcək. Birinci dirilmədə yalnız cənnətə gedənlər iştirak edəcəklər. İkinci dirilmədə isə məhkum olub əbədi olaraq məhv olanlar iştirak edəcəklər: Birinci dirilmədə iştirak edənlər bəxtiyar və müqəddəsdir. İkinci ölümün onlar üzərində səlahiyyəti yoxdur. Əksinə, onlar Allahın və Məsihin kahinləri olub Onunla birgə min il padşahlıq edəcək.Vəhy Kitabı 20:6 İkinci dirilmə isə son dərəcə qorxunc obrazlarla təsvir olunur: Mən gördüm ki, böyükdən kiçiyə qədər ölülər taxtın önündə dayanıb. Kitablar açıldı və həyat kitabı olan başqa bir kitab da açıldı. Ölülər kitablarda yazılanlara əsasən öz əməllərinə görə mühakimə olundu. Dəniz öz içində olan ölüləri, ölüm və ölülər diyarı da öz qoynunda olan ölüləri təslim etdi. Hər biri öz əməlinə görə mühakimə olundu. Ölüm və ölülər diyarı odlu gölə atıldı. Bu odlu göl ikinci ölümdür. Kimin adı həyat kitabına yazılmayıbsa, o, odlu gölə atıldı. Vəhy Kitabı 20:12-15
Xristian inancına görə, qiyamət günündə ölümdən dirilənlərin bədənləri “çürüməz”, “izzətli”, “ruhani” olacaqdır. Həvari Pavel bu inancı əkilən toxum məsəli ilə açıqlamışdır: Ölülərin dirilməsi də belədir. Əkilən toxum çürüyər, ondan əmələ gəlib dirilən bədən çürüməz; əkilən toxum hörmətsiz, dirilən bədən izzətlidir; əkilən toxum zəif, dirilən bədən qüvvətlidir; əkilən toxum təbii, dirilən bədən ruhanidir. Təbii bədən varsa, ruhani bədən də var. 1 Korinflilərə Məktub 15:42-44 “Çürüməz” bədən ölümə, xəstəliyə, qocalmağa məruz qalmayacaqdır. “İzzətli” bədən dedikdə, Allahın əzəli məqsədinə uyğun olaraq bütün yaradılışın üzərində hökmran olan, Allahın surətini əks etdirən, nur saçan varlıq kimi insan nəzərdə tutulur: O zaman salehlər Atalarının Padşahlığında günəş kimi parlayacaqlar. Matta Müjdəsi 13:43 Ağıllı adamlar göy qübbəsinin parıltısı kimi, çoxunu salehliyə döndərənlər ulduzlar kimi əbədi və daim parlayacaq.Daniel 12:3 “Ruhani bədən” heç demək deyil ki, dirilmiş bədən fiziki yaxud maddi olmayacaqdır. Lakin əbədi həyatda dirilmiş bədən artıq “cismani” arzularla iradə olunmayacaqdır: İnsanlar ölülər arasından diriləndə nə evlənir, nə də ərə gedirlər. Ancaq səmadakı mələklər kimi olurlar. Mark Müjdəsi 12:25
Minillik padşahlıq (Millenium, xiliazm)
Vəhy Kitabında göydən enən bir mələyin Şeytanı min il müddətinə zəncirlədiyi təsvir edilir: Onu dibsiz dərinliyə atdı və qapısını bağlayıb möhürlədi ki, min il bitənə qədər millətləri daha aldada bilməsin. Bundan sonra isə o, qısa bir müddətə azad edilməlidir. Taxtları və onların üzərində oturanları da gördüm. Onlara hökm etmək ixtiyarı verildi. İsa barədə şəhadət və Allahın kəlamı uğrunda boynu vurulmuş canları da gördüm. Vəhşi heyvana və onun surətinə səcdə etməyib alınlarına və əllərinə damğanı qəbul etməmişdilər. Onlar dirilib Məsihlə birgə min il padşahlıq etdi. Bu, birinci dirilmədir. Qalan ölülərsə min il bitməyincə dirilmədi… onlar Allahın və Məsihin kahinləri olub Onunla birgə min il padşahlıq edəcək.Vəhy Kitabı 20:1-6
Xristian kilsəsinin tarixində millenium adlanan bu minillik padşahlıq barəsində üç əsas inanc olmuşdur: Amillenializm (latın dilindən – “min il yoxdur”) minillik padşahlığı məcazi mənada qəbul edir. Katolik kilsəsi Avqustinin təfsirinə əsasən amillenializm təlimini qəbul etmişdir. Pravoslav kilsəsində bu inanca üstünlük verildiyi halda, pravoslav ilahiyyatı bu məsələni açıq hesab edir. Protestantlar arasında lüteran, reformat, anqlikan, metodist və b. kilsələr amillenializm inancını qəbul edirlər. Postmillenializm (latın dilindən – “min ildən sonra”) Məsihin minillik padşahlığından sonra təkrar gələcəyini öyrədir. Premillenializm (latın dilindən – “min ildən öncə”) Məsihin minillik padşahlığından öncə təkrar gələcəyini öyrədir. Bir sıra protestant kilsələri postmillenializm və ya premilenializm təliminə üstünlük verirlər.
Əbədi məhkəmə
Əbədi məhkəmə barəsində təlimə Əhdi-Cədidin müxtəlif yerlərində rast gəlmək olar.Bax: Vəhy Kitabı 20:11-15; Həvarilərin İşləri 17:30-31; Romalılara Məktub 2:5; İbranilərə Məktub 6:2; Yəhudanın Məktubu 7 və s. Həvarilər öyrədirdilər ki, dirilərlə ölüləri mühakimə edəcək Şəxs Məsih olacaqdır.Bax: 2 Timoteyə Məktub 4:1; Həvarilərin İşləri 10:42 Bütün dünyanın Hakimi olmaq hüququnu Məsihə Ata Allah vermişdir: Çünki Atanın Özündə həyat olduğu kimi Oğula da Özündə həyat olmağı bəxş etdi. Hökm çıxarmaq səlahiyyətini də Ona verdi, çünki O, Bəşər Oğludur.Yəhya Müjdəsi 5:26-27 Xristian inancına görə, əbədi mühakimədə İlahi haqq-ədalətin təntənəsi gerçəkləşəcəkdir.
Vəhy Kitabında əbədi məhkəmə belə təsvir olunur: Mən gördüm ki, böyükdən kiçiyə qədər ölülər taxtın önündə dayanıb. Kitablar açıldı və həyat kitabı olan başqa bir kitab da açıldı. Ölülər kitablarda yazılanlara əsasən öz əməllərinə görə mühakimə olundu. Kimin adı həyat kitabına yazılmayıbsa, o, odlu gölə atıldı.Vəhy Kitabı 20:12, 15 Adları həyat kitabında yazılan möminlər də mühakimə olunacaqlar, lakin onlara hökm çıxarılmayacaq, əksinə, bəraət veriləcək: Biz hamımız Allahın hökm kürsüsünün qarşısında dayanacağıq... hər birimiz özü üçün Allaha hesabat verəcəkRomalılara Məktub 14:10, 12