Küləklə sovrulanlar () — Marqaret Mitçellin 1936-cı ildə Pulitser mükafatına layiq görülmüş eyni adlı romanı əsasında, 1939-cu ildə çəkilmiş epik tarixi sevgi filmidir. Film “Selznick International Pictures”dən Devid O. Selznik tərəfindən istehsal edilmiş və Viktor Fleminqin rejissorluğu ilə çəkilmişdir. Hadisələrin XIX əsrdə Şimali Amerikada baş verdiyi filmdə, Corciyada plantasiya sahibinin möhkəm iradəli qızı Skarlett O’Hara, Eşli Uilkes, Melani Hemilton və Ret Batlerin həyatından bəhs olunur. Hadisələr ABŞ Vətəndaş müharibəsi və Cənubda yenidənqurma fonunda baş verir və əhvalatlar ağ dərili cənubluların mövqeyindən danışılır. Filmdə əsas rollar Vivyen Li (Skarlett), Klark Qeybl (Ret), Lesli Hovard (Eşli) və Oliviya de Hevillend (Melani) tərəfindən canlandırılmışdır.
Filmin çəkilişləri başlanğıcdan çətinliklərlə üzləşmişdir. Devid O. Sleznikin Klark Qeybli Ret Batler rolu üçün razı salması və iştirak üçün müraciət etmiş 1.400-dən çox qadının Skarlett rolu üçün müsahibədən keçirilməsi məqsədiylə çəkilişlər təxirə salınmışdır. Filmin orijinal ssenarisi Sidney Hovard tərəfindən yazılsa da, lazım olan uzunluğun əldə edilməsi üçün bir neçə dəfə müxtəlif yazıçılar tərəfindən yoxlanmışdır. Əvvəlcə filmin rejissoru Corc Kyukor təyin olsunsa da, çəkilişlərin başlamasından qısa müddət sonra o, istefa vermiş və Viktor Fleminqlə əvəzlənmişdir, lakin, Fleminq də bir müddət mənəvi bitkinlik səbəbiylə çəkilişlərdən uzaqlaşmış və Sem Vudla əvəzlənmişdir.
1939-cu ilin dekabrında çıxarılmasından sonra film tənqidçilər tərəfindən əsasən müsbət rəylər almış, lakin bəziləri dramatikliyin çatışmadığını və bəzi səhnələrin çox şişirdildiyini də qeyd etmişlər. Aktyor seçimi xüsusi maraq doğurmuş və Vivyen Linin Skarlett obrazına çox uyğun olması bildirilmişdir. 1940-cı ildə baş tutmuş XII Oskar mükafatlarının təqdim edilməsi mərasimində “Küləklə sovrulanlar” on üç nominasiyadan onu üzrə (səkkiz müsabiqə iki şərəf mükafatı) mükafata layiq görülmüşdür. Filmin qazandığı mükafatlar arasında Ən Yaxşı Film, Ən Yaxşı Rejissor (Viktor Fleminq), Ən Yaxşı Uyğunlaşdırılmış Ssenari (ölümündən sonra Sidney Hovard üçün), Ən Yaxşı Aktrisa (Vivyen Li) və İkinci Dərəcəli Rolda Ən Yaxşı Aktrisa (Hetti MakDeniel, Oskar mükafatı almış ilk afro-amerikan olmuşdur) nominasiyaları da olmuşdur. Həmin dövrdə nominasiyalar və mükafatların sayına görə film rekord göstəriciyə nail olmuşdur. Film çox böyük populyarlıq qazanaraq həmin dövrə kimi çəkilmiş filmlər arasında ən çox gəlir gətirən ekran əsəri olmuş və bu nəticəni uzun müddət saxlaya bilmişdir. İnfilyasiya göstəriciləri nəzərə alındıqda film bu gün də kassa gəlirlərinə görə kino tarixinin ən uğurlu əsərlərindən biri olaraq qalmaqdadır.
Filmdə tarixi revizionizmə yer verilməsi və quldarlığın tərənnümü tənqid edilsə də, bunun afro-amerikanların təsvirinin dəyişdirilməsi üçün edildiyi de vurğulanmışdır. XX əsr boyunca film bir neçə dəfə təkrarən çıxarılmış və populyar mədəniyyətə əsaslı təsir etmişdir. “Küləklə Sovrulanlar” Amerika Film İnstitutunun 100 Ən Yaxşı ABŞ Filmi siyahısının ilk onluğuna salınmış və Milli Film Registerində qeydiyyata alınmışdır.
Məzmunu
I Hissə 1861-ci il ABŞ-də Vətəndaş müharibəsi dövründə Skarlett O’Hara valideynləri və iki bacısı ilə birlikdə Corciyadakı Tara adlı pambıq plantasiyasında yaşayır. Skarlett öyrənir ki, Eşli Uilkes – Skarlett gizlincə onu sevir – onun kuzeni Melani Hemilton ilə evlənəcək və bu evlilik Eşlinin Tvelv Oks plantasiyası yaxınlığında yerləşən evində təşkil edilmiş barbekyu günündən sonra elan edilir.
Tvelv Oks partisində ailəsi tərəfindən rədd olunmuş Ret Batler Skarletin diqqətini çəkir. Kişilər arasında söhbət zamanı Ret Şimalın inkişaf edən iqtisadi gücü qarşısında Cənubun heç bir şansı olmadığını bəyan edir və çətin vəziyyətə düşür. Skarlett gizlincə Eşliyə onu sevdiyini etiraf edir, Eşli izə onu rədd edərək, Melani ilə bir-birlərinə daha çox yaraşdıqlarını bildirir. Ret onların danışığını eşitsə də, Skarlettə bu sirri qoruyacağına söz verir. Müharibə elan olunması xəbəri ilə barbekyu yarımçıq kəsilir və kişiklər silahlanmağa tələsirlər. Skarlett Eşlinin Melanini öpdüyünü görür, Melaninin kiçik qardaşı Çarli isə Skarlettlə vidalaşır. Skarlett Çarlinin sevməsə də onun evlənmə təklifini qəbul edir və müharibəyə yola düşməmişdən əvvəl onlar evlənirlər.
Konfederasiya ordusunda xidmət edən Çarli ağ ciyər soyuqlamasından vəfat edir və Skarlett dul qalır. Skarlettin kefini açmaq üçün anasl onu Atlantadakı evə göndərir, lakin, O’Haraların açıq sözlü qulluqçusu Mammi deyir ki, onun burada Eşlinin dönüşünü gözləməyi planlaşdırdığını başa düşür. Dərin matəm vəziyyətində olan Skarlett, Melani ilə birlikdə Atlantadakı bazara gedir. Burada Atlanta cəmiyyətinin zadəgan təbəqəsini təmsil edən yaşlı qadınlar Skarlettin bu hərəkətini pisləyirlər. Ret gözlənilmədən Konfederasiyanın blokada yaranı kimi meydana çıxır. Konfederasiya qüvvələri üçün maddi gəlir toplamaq üçün cənablar xanımları onlarla rəqs etməyə dəvət edirlər. Ret Skarlettlə oynamaq üçün çox böyük məbləğdə pul təklif edir və bu ordakı kişilərin etirazına səbəb olur, Skarlett isə rəqsi qəbul edir. Rəqs zamanı Ret Skarlettə onu əldə etməyə çalışacağını deyir, Skarlett isə bunun ola bilməyəcəyini bildirir.
Gettisberq döyüşündə Skarlettin şəhərindən olan kişilərin bir çoxu öldürülür və müharibənin gedişi Konfederasiyanın əleyhinə çevrilir. Eşli Milad tətili üçün evə gəldiyində Skarlett növbəti dəfə uğursuz şəkildə ona hisslərindən danışır, müharibəyə qayıtmamışdan əvvəl isə onlar öpüşürlər.
Səkkiz ay sonra Atlanta əməliyyatının nəticəsi olaraq şəhər Birlik qüvvələri tərəfindən ələ keçirilir və Melani çətin vəziyyətə düşərək ağır əməklə məşğul olmağa məcbur olur. Melaninin qayğısını çəkəcəyi haqqında Eşliyə verdiyi sözü tutmaq üçün Skarlett və onun gənc qulluqçusu Prissi tibbi yardım olmadan uşağı çatdırmağa çalışır. Skarlett onu Melani, Prissi və uşaqla birlikdə Taradakı evə aparması üçün Reti çağırır. Ret, at və vaqonla gələrək onları yanan anbarların arasından keçirərək aparır. Taraya kimi onları ötürmək əvəzinə Ret, Melani, onun uşağı, ağlayan Prissi və ehtirasla öpdüyü Skarletti zəif bir atla yola salır, özü isə döyüşə gedir. Evə gedərkən yolda Skarlett Tvelv Oks plantasiyasının yandırılıb, dağıdılıb xaraba halına salındığını görür. Evə çatdığında Taranın hələ dağıdılmadığını, lakin valideynləri, bacıları, Mammi və Pork adlı iki xidmətçidən başqa hamının plantasiyanı tərk etdiyinin şahidi olur. Skarlett öyrənir ki, anası bir müddət əvvəl ölüb, bütün hadisələrin təsirindən atası ağlını itirmək üzrədir. Taranın Birlik qüvvələri tərəfindən qarət edilməsindən sonra Skarlett ailəsini və evini qorumaq üçün əlindən gələn hər şeyi eləmək qərarını verir.
II hissə 200px|thumbnail|right|Filmin ikinci hissəsində Skarlett Retlə evlənir. Skarlett ailəsi və qullarını bir yerə toplayaraq pambıq tarlalarını yenidən becərməyə çalışsa da, böyül çətinliklərlə üzləşir, atası isə oğruları öz torpağından qovmağa çalışarkən atdan yıxılaraq ölür. Konfederasiyanın məğlubiyyətindən sonra Eşli geri dönsə də, məlum olur ki, onun Taraya bir faydası olmayacaq. Skarlett Eşlidən onunla birlikdə qaçmağı xahiş etdikdə o, Skarlettə qarşı olan hisslərini etiraf edir, lakin Melanini tərk edib gedə bilməyəcəyini bildirir. Yenidənqurucuların Tara üçün təyin etdikləri vergini ödəyə bilməyən Skarlett, bacısının orta yaşlı və zəngin nişanlısı Frenk Kennedini aldadır, Suellenin gözləməkdən yorulduğunu və başqa namizədlə evlənəcəyini deyir. Axşam vaxtı evə qayıdarkən Skarlett güclə canını kütləvi zorlamadan qurtara bilir, bundan sonra Frenk, Eşli, Ret və bir neçə dostu gecəqondular yerləşən ərazidə reyd keçirir ki, bu da Frenkin ölümü ilə nəticələnir. Frenkin dəfnindən sonra Rett Skarlettin yanına gələrək evlilik təklif edir və o razılaşır. Onların qız uşağı dünyaya gəlir və Ret onu Bonni Blu adlandırır, lakin Skarlett hələ də Eşliyə olan bağlılığını saxlayır, o, Retə daha uşaq istəmədiyini və artıq bir yerdə yatmayacaqlarını deyir.
Bir gün Skarlett Frenkin dəyirmanını idarə edən Eşlini yanına çağırır və onlar qucaqlaşarkən Eşlinin bacısı İndia görür. Skarlettdən xoşu gəlmədiyinə görə o, sürətlə şayiələr yayır və Skarlettin nüfuzu yenidən aşağı enir. Şaiyələrdən sevimli xəbər tutan Ret Skarletti Eşlinin doğum günü partisinə qatılmağa məcbur edir; sevimli kuzenindən heç bir pis hərəkət gözləməyən Melani şayiələrə inanmayaraq Skarlettin tərəfində durur. Partidən qayıdarkən Skarlett kefli Ret ilə Eşliyə görə mübahisə edir. Qısqanclıqdan coşan Ret onun başını tutur və kəlləsini dağıtmaqla hədələyir. Skarletin gülərək onun şərəfi olmadığını deməsindən sonra, Ret cavab olaraq zorla Skarletti öpür və bu gecə sekslə məşğul olacaqlarını deyir. Skarlett qorxaraq ondan uzaqlaşmağa çalışsa da, Rett onu zorla tutaraq yataq otağına gətirir. Növbəti gün Ret hərəkətlərinə görə üzr istəyərək boşanmağı təklif etsə də, Skarlett bunun rüsvayçılıq olacağını deyərək imtina edir.
Ret uzun London səfərindən qayıtdıqdan sonra Skarlett barışmağa cəhd edir. Skarlett Retə hamilə olduğunu desə də, bir müddət sonra pilləkəndən yıxılaraq uşağını düşürür. Skarlett yenicə özünə gldikdə isə böyük faciə baş verir, ponisi ilə oynayan Boni yıxılaraq ölür. Hamilə Melaninin başsağlığı vermək üçün gəlməsi vəziyyəti bir az da qəlizləşdirir.
Melanini ölüm yatağında ziyarətindən sonra Skarlett Eşliyə təsəlli verir və Ret evə dönür. Eşlinin həmişə yalnız Melanini sevdiyini öyrənən Skarlett Retlə barışmaq qərarına gəlir. O, yalvararaq deyir ki, indi başa düşür ki, Eşlini sevdiyini düşündüyü bütün müddət ərzində əslində onu sevməyib. Lakin, Ret onun bütün fikirlərini rədd edərək deyir ki, Boninin ölümü barışmaq üçün olan bütün ümidləri də öldürüb. Skarlett onu saxlamaq üçün ayağa dursa da, Ret qapıya doğru irəliləyir, Skarletti pilləkənin qabağında gözü yaşlı tərk edərək bir gün onun sevgisini qaytaracağına söz verir və qapıdan çıxaraq səhər dumanında gözdən itir.
Rollarda
Aktyor seçimlərinə başlandığı ilk dövrlərdən Klark Qeybl – Li, Hovard və Hevilendlə birlikdə, ikinci, üçüncü və dördüncü seçimlərdə də — xarici görünüşünə görə namizəd aktyorlar siyahısında son yerləri tutmuşdur. Digər filmlərdən fərqli olaraq bu filmin aktyor seçimi üç qrup üzrə aparılmışdır: Tara plantasiyası, Tvelv Oks və Atlanta. Aktyorların siyahısı obrazların sosial mövqeyinə görə sıralanmışdır; məsələn O'Hara ailəsinin başçısı olan Cerald O'Hara obrazını yaradan Tomas Mitçell birinci, onun həyat yoldaşını canlandıran Barbara O'Neyl ikinci, O'Haraların böyük qızı Skarletti canlandıran Vivyen Li isə filmin əsas qəhrəmanı olmasına baxmayaraq siyahıda üçüncü göstərilmişdir. Eyni şəkildə Con Uilkes obrazını canlandıran Hovard C. Hikmen onun oğlunu canlandıran Lesli Hovarddan yuxarıda qeyd edilmişdir. Təbliğat posterlərində filmin əsas ulduzlarından biri kimi təbliğ edilən Klark Qeybl isə Tvelv Oksda qonaq olduğuna görə, aktyor siyahısında ən son yerlərdən birini tutmuşdur. Filmdə Meybelle Merrivezer obrazını canlandırmış Mari Andersonun 2014-cü ilin aprelində vəfat etməsindən sonra filmdə çəkilmiş aktyorlardan yalnız ikisi sağ qalmışdır: Melani Uilkes obrazını canlandırmış Oliviya de Hevillend və Byu Uilkes obrazını canlandırmış Miki Kan sağ qalmışdır.
Tara plantasiyası Tomas Mitçell — Cerald O'Hara Barbara O'Neyl — Ellen O'Hara (onun həyat yoldaşı) Vivyen Li — Skarlett O'Hara (qızı) Evelin Keyes — Syullen O'Hara (qızı) Enn Ruterford — Karrin O'Hara (qızı) Corc Rivs — Brent Tarleton (əslidə Stüart) Fred Kreyn — Stüart Tarleton (əslində Brent) Hetti MakDeniel — Mammi (ev xidmətçisi) Oskar Polk — Pork (ev xidmətçisi) Batrflay MakKuin — Prissi (ev xidm*ətçisi)/- Viktor Cori — Conas Uilkerson (sahə nəzarətçisi) Everett Braun — Biq Sem (sahə ustası) Tvelv Oks Hovard C. Hikman — Con Uilkes Alisiya Ret — İndiya Uilkes (onun qızı) Lesli Hovard — Eşli Uilkes (onun oğlu) Oliviya de Hevillend — Melani Hemilton (onların kuzeni) rend Bruks — Çarli Hemilton (Melaninin qardaşı) Karol Ni — Frenk Kennedi (qonaq) Klark Qeybl — Ret Batler Atlanta