Diplomat () və ya "Diplomata kurdı" () — Azərbaycanda fəaliyyəti dayandırılmış kürddilli qəzet.

Tarixi "Diplomat" həftəlik qəzeti 2003-cü ildə təsis olunmuşdur. Qəzetin təsisçisi və baş redaktoru Tahir Süleyman olmuşdur. "Diplomat" qəzeti kürd, Azərbaycan, rus və türk dillərində çap olunurdu. Qəzet Rusiyanın müxtəlif vilayətlərində, həmçinin Qazaxıstanda, Qırğızıstanda və Ukraynada yayımlanırdı.

"Diplomat" qəzetində Kürdüstan Fəhlə Partiyasının (PKK) liderləri Murad Karayılan və Abdullah Öcalana dəstək verən yazılar dərc olunmuşdur. Qəzetin baş redaktoru Tahir Süleyman özü Abdullah Öcalanı "milli azadlıq hərəkatının rəhbəri" adlandırmışdır. O, zaman-zaman İraqa gedərək, oradakı İraq Kürdüstanı iqtidarı ilə görüşlər keçirmişdir. Qəzetdə kürd liderlərdən alınan müxtəlif müsahibələr dərc olunmuşdur. Azərbaycan mətbuatında dəfələrlə "Diplomat"ın etnik separatizmlə məşğul olduğu iddia edilmişdir. "Diplomat" 2009-cu ildə Türkiyə mətbuatının da diqqətini cəlb etmiş, kürdçülük, müstəqil Kürdüstan və PKK ideyalarını təbliğ etməkdə ittiham olunmuşdur.

2008-ci ildə qəzetin təsisçisi Tahir Süleymanın "ölkə Türkiyənin gününə salına bilər" ifadələri səbəbilə qəzetin Azərbaycan nəşriyyatında çapı dayandırılmış, Tahir Süleyman isə qəzetini dərc etmək üçün Gürcüstanın paytaxtı Tblisi şəhərinə getməyə məcbur olmuşdur. 2012-ci ilin martında Azərbaycan nəşriyyatları yenidən "Diplomat" qəzetini çap etməkdən imtina etmişdir. Tahir Süleyman bildirmişdir ki, Türkiyə səfirliyinin müraciəti əsasında prezident administrasiyası bütün nəşriyyatlara qəzeti dərc etməmək barədə göstəriş vermişdir. Aprel ayında qəzetin nəşri qeyri-rəsmi şəkildə davam etmişdir.

Deputat Sabir Rüstəmxanlı Milli Məclisdə 2013-cü ildə qəzet haqqında çıxış etmiş və iddia etmişdir ki, qəzet PKK-nı təbliğ edir. Bundan sonra qəzet kürdlərin Türkiyədəki mübarizəsinə dəstək verdiyi üçün Türkiyə hökumətinin təzyiqi ilə bağlanmışdır.

İstinadlar

Xarici keçidlər Diplomata kurdı

Kateqoriya:Azərbaycan qəzetləri Kateqoriya:Azərbaycan dilində qəzetlər Kateqoriya:Türk dilində qəzetlər Kateqoriya:Rus dilində qəzetlər Kateqoriya:Kürd dilində qəzetlər Kateqoriya:Azərbaycan kürdləri