Nigar Ramiz qızı Əliyeva () — Azərbaycan Respublikası səhiyyə nazirinin müavini.

Həyatı 1969-cu ildə Bakı şəhərində anadan olub. 1976–1986-cı illərdə Bakı şəhəri 46 nömrəli orta məktəbdə təhsil almışdır. 1986-cı ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun "müalicə işi" fakültəsinə qəbul olunmuş və 1992-ci ildə bitirmişdir. 1992–1993-cü illərdə Bakı şəhəri 5 nömrəli Şəhər Klinik Xəstəxanasında "terapiya" ixtisası üzrə internatura keçmişdir. 1993-cü ildən Respublika Diaqnostika Mərkəzində həkim fəaliyyətinə başlamış və həmin müəssisədə 2006-cı ilədək həkim-terapevt vəzifəsində çalışmışdır.

2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Dövlət sosial siyasəti: mahiyyət, prioritetlər və həyata keçirilmə mexanizmləri" proqramı üzrə ixtisasartırma kursu keçmişdir.

2006-cı ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ümumi şöbənin müdiri vəzifəsinə təyin edilmişdir.

Siyasi fəaliyyəti 2009-cu ildə Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini vəzifəsinə təyin edilmişdir."N. R. Əliyevanın Azərbaycan Respublikası səhiyyə nazirinin müavini təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2009-cu il tarixli, 147 nömrəli Sərəncamı

Azərbaycan Prezidentinin 3 fevral 2022 tarixli sərəncamı ilə səhiyyə nazirinin müavini vəzifəsindən azad edilmişdir.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Mükafatları 2013-cü ildə "Səhiyyə əlaçısı" döş nişanı ilə təltif edilib. 2016-cı ildə Əməkdar həkim fəxri adı ilə təltif edilmişdir.

İstinadlar