Gülər Əhmədova işi, Gülərqeyt və ya Gülərgeyt — Azərbaycanda 2012–2013-cü illərdə Azərbaycan Milli Məclisi və Prezident Administrasiyası kimi yüksək vəzifələrdə çalışan dövlət qulluqçuları və müxtəlif səviyyəli dövlət məmurlarının iştirakı ilə baş vermiş siyasi korrupsiya qalmaqalı. 2012-ci il sentyabrın 25-də azərbaycanlı hüquqşünas və keçmiş universitet rektoru Elşad Abdullayevin 2005-ci il parlament seçkilərində Abdullayevə Milli Məclisdə deputat mandatı vermək üçün rüşvətlə danışıq aparan deputat Gülər Əhmədova ilə görüşünü əks etdirən videonu YouTube-da yerləşdirməsindən sonra alovlanıb. Digər məmurların və korrupsiya halları ilə bağlı bir sıra oxşar videoların daha sonra Abdullayev tərəfindən yerləşdirilməsindən, ardınca həmin videolarda olan şəxslərin bəzilərinin işdən çıxarılması, həbs edilməsi və öldürülməsindən sonra qalmaqal böyüyüb.

"Gülərqeyt" adı ilk videoda görünən indiki deputat Gülər Əhmədovanın adından götürülüb. İlk videonun yayımlanmasının ertəsi günü Azərbaycan mediası tərəfindən Votergeyt qalmaqalına bənzədilərək Gülərqeyt adlandırılıb. Daha sonra ingilisdilli media orqanlarında və AŞPA-nın Hüquq Məsələləri və İnsan Haqları Komitəsinin korrupsiya hesabatında da istifadə edilib. Buna baxmayaraq əksər videolar Gülər Əhmədova ilə bağlı yox, Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin oğurlanması ilə bağlıdır.

Zəmin Hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi olan Elşad Abdullayev 1997–2010-cu illərdə fəaliyyət göstərən və son 4 ildə korrupsiya və qeyri-qanuni tələbə qəbulu faktları ilə bağlı Baş Prokurorluğun araşdırmasının mərkəzində olan Azərbaycan Beynəlxalq Universitetinin rektoru kimi tanınıb. 2003-cü ildə Abdullayevin böyük qardaşı, Milli Təhlükəsizlik Nazirliyinin zabiti Mahir Abdullayev oğurlanıb və onun itkin düşməsini Hacı Məmmədovun başçılıq etdiyi dəstənin cinayətkar fəaliyyəti ilə əlaqələndirən dövlət araşdırması heç bir nəticə verməyib.

Elşad Abdullayev 2005-ci ildə hakim Yeni Azərbaycan Partiyasından Azərbaycan Milli Məclisinə deputatlığa namizəd olub. Onun təmsil etmək istədiyi II Binəqədi seçki dairəsi üzrə nəticələr etibarsız elan edilib və 2006-cı ildə təkrar seçki təyin edilib. Lakin seçkiqabağı təşviqat zamanı potensial seçicilərə rüşvət verməkdə təqsirli bilinən Abdullayev namizədlikdən məhrum edilib. Faktiki olaraq qalib gəldiyinə inanan Abdullayev daha sonra qardaşının oğurlanmasının arxasındakı həqiqəti (parlamentə seçilsəydi, əldə edə biləcəyinə inandığı məlumatlara) öyrənməsini istəməyən "müəyyən gücləri" günahlandırıb. Onun sözlərinə görə, 2008-ci və 2009-cu illərdə adam oğurluğu ilə bağlı "cinayətkarlar dəstəsi" haqqında məlumat toplaya bilib və MTN və Baş Prokurorluğa təqdim edib.

2012-ci il dekabrın 7-də "Azadlıq" radiosuna müsahibəsində Abdullayev Prezident Administrasiyasının təzyiqi ilə hələ 2006-cı ildə parlamentdə mandat qazanmaq planından vaz keçmək məcburiyyətində qaldığını bildirib. İddialara görə, Abdullayevə ABŞ səfirliyinin Azərbaycan hökumətindən müxalifət partiyasının namizədinə mandat qazanmaq şansının verilməsini tələb etdiyi bildirilib. Müsavat Partiyasının başqanı İsa Qəmbər, Abdullayevin təkrar hesablamalarına görə, "parlamentə buraxıla bilmədiyi" üçün, seçim Müsavatı təmsil edən Abdullayevin dairəsindən namizəd olmuş Arzu Səmədbəylinin üzərinə düşür. ABŞ-ın Azərbaycandakı səfirliyi bu iddiaları təkzib edib.

Paylaşılan videolar 2012-ci ilin sentyabrında Elşad Abdullayev açıqlama verərək 2005-ci ildə oğurlanmış qardaşının tapılması və qarşıdan gələn parlament seçkilərində Elşad Abdullayevin özünün hökumətdə yer alması müqabilində dövlət məmurlarının ondan tələb etdiyi 2 milyon ABŞ dolları məbləğində rüşvəti ödədiyini bildirib. Abdullayev bunu Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə ödədiyini və deputat Gülər Əhmədovanın vasitəçi olduğunu iddia edib. Abdullayev iddia edib ki, məmurlar heç vaxt razılaşmaya əməl etməyib və pulunu qaytarmayıblar. Bu ifadələrdən sonra Əhmədova Abdullayevi böhtan atmaqda ittiham edib.

Buna cavab olaraq Elşad Abdullayev 25 sentyabr 2012-ci ildə YouTube-da ilk videoları paylaşıb. Videoda özü, deputat Gülər Əhmədova və onun dostu Sevinc Babayeva kabinetdə oturaraq 2005-ci il parlament seçkiləri ətrafında baş verənləri müzakirə ediblər. Əhmədovanın Abdullayevlə əvvəlcədən razılaşdığını və pul müqabilində ona hökumətdə yer vəd etdiyini xatırladıblar. Abdullayev 500 min ABŞ dolları təklif edir, lakin Əhmədova 1 milyon ABŞ dolları verməsini tələb edir. Söhbət zamanı Abdullayev bir neçə dəfə Əhmədovanın Ramiz Mehdiyevin rüşvət istəyən şəxs kimi adını çəkməsinə nail olmağa çalışır, lakin o, heç vaxt bunu açıq şəkildə təsdiq etmir.

Video yerli mediada böyük səs-küyə səbəb olub. Əhmədova əvvəlcə videonun yalan olduğunu bildirib və ona əlavə şərh verməkdən imtina edib. Daha sonra o, videoda olduğunu etiraf edib, lakin qeyd edib ki, müzakirə olunan pul əslində Abdullayevin fəaliyyətini dayandırmış universitetinin tələbələrinə borcunun qaytarılması üçündür və həmin pulları müvafiq qaydada tələbələr arasında bölüşdürmək üçün həmin pulu ona verməsi üçün təzyiq göstərib. O, "istintaqın aparılmasına mane olmamaq üçün" deputatlıqdan könüllü olaraq istefa verib. Buna baxmayaraq, o, YAP üzvlərinin tənqid atəşinə məruz qalıb və buna son qoymaq üçün prezidentə (partiya sədrinə) müraciət etmək zərurəti hiss edib. Abdullayev videonu dərc edəndən sonra ona təhdidlər gəldiyini bildirib.

Abdullayev 2012-ci il oktyabrın 6-da Gülər Əhmədovanın müxtəlif yüksəkvəzifəli dövlət məmurlarının seçkidən sonra Milli Məclisdə görmək istədikləri deputatlığa namizədlərin siyahılarını tərtib etmələri barədə danışdığı daha bir video yayımladı. Bu siyahıların tərtibinə məsul olanlar arasında o, iqtisadi inkişaf naziri Fərhad Əliyevin, səhiyyə naziri Əli İnsanovun (hər ikisi 2005-ci il seçkiləri ərəfəsində dövlət çevrilişi planlaşdırdığına görə həbs edilib), Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın adını çəkir. Sevinc Babayeva bunu ilk video ilə birlikdə tək söhbətin fraqmenti kimi görünən videoda da təsdiqləyir. Videoda Gülər Əhmədova həmçinin Abdullayevə xəbərdarlıq edir ki, "Əli İnsanov və Hacıbala Abutalıbov ilə işləməyə davam edəcək deputatların içəri buraxılması halları olub, bu dəfə həmin deputatlar buraxılmayacaq".

21 oktyabr 2012-ci il tarixdə yayılan növbəti videoda Abdullayev özünü Daxili İşlər Nazirliyinin 7-ci şöbəsinin əməkdaşı Rövşən Abbasquliyev adlandıran şəxslə birlikdə görünür. Mahir Abdullayevin tapılmasında heç bir irəliləyiş olmadığı qeyd edilir. İddia olunan nazirlik əməkdaşı deyir ki, Mahir Abdullayev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. O, qeyd edir ki, "görürsən ki, gəlirlər, maşına basıb aparırlar, yiyəsi bir neçə gündən sonra xəbər tutur ki, adamı bandotdeldədir". Videoda Elşad Abdullayev qardaşı oğlunun Daxili İşlər Nazirliyinə işə götürülməsinin mümkünlüyü ilə də maraqlanır. İşçi bunun 10–15 min manatla mümkün olduğunu deyir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov təsdiqləyib ki, Rövşən Abbasquliyev həqiqətən də yeddinci şöbədə işləyib, lakin 2008-ci ildə "iş məcəlləsini ciddi şəkildə pozduğuna" görə işdən çıxarılıb. Zahidov qeyd edib ki, işdən çıxarılan əməkdaşın açıqlaması nə nazirliyə, nə də nazirə kölgə sala bilməz. Buna baxmayaraq, o, yeni dəlillər işığında məsələyə baxılacağını bildirib.

2012-ci il noyabrın əvvəlində Mahir Abdullayevin işi ilə bağlı üç nəfər, o cümlədən Azərbaycan baş nazirinin birinci müavininin keçmiş köməkçisi Vaqif Hüseynov və iş adamı Arzu Kazımov həbs edilib. Bildirilib ki, bu iki nəfər Elşad Abdullayevə oğurlanmış qardaşını tapmaqda köməklik edəcəyini vəd etdikdən sonra ondan ümumilikdə təxminən 4 milyon ABŞ dolları alıb.

Abdullayevin 18 noyabr 2012-ci il və 2007-ci il tarixli yaydığı dördüncü videoda o, Nərimanov rayon məhkəməsinin ovaxtkı hakimi Ağababa Babayevlə danışır. O, qardaşının tapılmasında Abdullayevə kömək vəd edir. Babayev Abdullayevlə söhbət etdiyini inkar etməyib, lakin videoda eşidilən bəzi şeyləri demədiyini və videonun montaj edildiyini iddia edib.

Beşinci video 2012-ci il dekabrın 14-də, Abdullayevin Gülər Əhmədovanın dostu Sevinc Babayevanın təkbaşına söhbəti zamanı çəkilib. Videonun 2005-ci il parlament seçkilərindən sonra çəkildiyi bildirilir. Babayeva Abdullayevə bildirir ki, Gülər Əhmədovanın telefon zəngindən sonra Ramiz Mehdiyev onun seçki dairəsinə polis qruplarının gəlməsini və onun qələbəsini təmin etmək üçün "tədbirlərin görülməsini" təşkil edib və bunun dərhal həyata keçirilib. Babayeva Abdullayevə narahat olmamasını, çünki o, pulu qəbul etdiyini öz gözləri ilə gördüyünü və baş verən hər bir işdə son sözün Mehdiyevdə olduğunu deyib.

Bunu şərh edən Gülər Əhmədovanın keçmiş müxalifətçi rəqibi Eldar Namazov 2005-ci ildə polisin onun dörd seçki məntəqəsindəki müşahidəçilərinə hücum edib onların protokollarını ələ keçirdiklərini təsdiqləyib. Namazovun sözlərinə görə, ertəsi gün onlar daha 6 seçki məntəqəsində eyni şeyi ediblər və bu, Əhmədova öz qələbəsini elan etməyə imkan verib.

25 dekabr 2012-ci ildə yayımlanan növbəti videoda Abdullayev 2012-ci ilin noyabrında Mahir Abdullayevin işi ilə bağlı saxlanılan 3 nəfərdən biri, iş adamı Arzu Kazımovun şəxsi köməkçisi olduğunu iddia etdiyi Rövşanə Əliyeva ilə danışır. Videoda o, Zaur adlı şəxsə zəng edir, onun dediyinə görə, Zaur, Arzu Kazımovun oğlu və "super oğlan"dır və Arzu Kazımovun adından Elşad Abdullayevin problemlərini "qısa müddətdə" həll etməyə kömək edə bilər. Daha sonra Baş Prokurorluq Kazımovu hökumətdəki "əlaqələri" vasitəsilə qardaşını azadlığa buraxacağına söz verdiyinə görə Abdullayevdən 1,5 milyon ABŞ dolları almaqda ittiham edib. Rövşanə Əliyeva yayılan videoya cavab olaraq Arzu Kazımovla heç bir əlaqəsi olmadığını bildirib və Elşad Abdullayevin onu dəfələrlə silahla hədələdiyini bildirib. 16 iyul 2013-cü il tarixli məhkəmə iclasında Rövşanə Əliyeva Arzu Kazımovun əlaqələrini Elşad Abdullayevin tanışı olan kiçik qardaşı Eldəniz vasitəsilə Elşad Abdullayevə ötürdüyünü etiraf edib. O, məhkəmədə Arzu Kazımovun əleyhinə ifadə verməsi və təklifi rədd etməsi müqabilində Abdullayev tərəfindən 30 min manat təklif edildiyini iddia edib.

Abdullayevin sözlərinə görə, 2004-cü ildə çəkilmiş və 2013-cü il yanvarın 21-də yayımlanan növbəti videoda Arzu Kazımovun öz kabinetində Elşad Abdullayev və Mahir Abdullayevin qayınatası, AzərTac İnformasiya Agentliyinin icraçı direktoru Şamil Şahməmmədovla söhbəti əks olunub. Abdullayev iddia edib ki, bu video Kazımovun qardaşını qaçıran "ölüm eskadrilyası"nın "kassiri" kimi xidmət etməsinin sübutudur.

Abdullayev 20 fevral 2013-cü ildə daha bir video yayıb. 2004-cü il tarixli videoda Heydər Əliyev adına Beynəlxalq Hava Limanının polis şöbəsinin rəis köməkçisi, daxili işlər naziri Ramil Usubovun uzaq qohumu Rasim İldırımzadə ilə qardaşının taleyini müzakirə etdiyi əks olunub. Videoda İldırımzadə şübhəli görünən Abdullayevi qardaşının sağ-salamat olduğuna və ayın sonunda azadlığa çıxacağına dəfələrlə əmin edir. Videonun yayımlanmasında sonra İldırımzadə bildirib ki, o, Abdullayevə o vaxt bildiklərini deyib və ondan heç vaxt rüşvət istəməyib. O, Abdullayevi qardaşının oğurlanmasının təfərrüatlarından yaxşı xəbərdar olmaqda və hətta bu hadisədə öz rolunu oynamaqda ittiham edib. İldırımzadə iddia edib ki, videolar sadəcə olaraq bütün tərəflərin bildiyi faktların müzakirəsi idi.

2004-cü ilin avqustundan qısa müddət sonra yayımlanan növbəti videoda prezidentin mühafizəçisi olduğu iddia edilən Səftər Kələntərov adlı şəxs əks olunub. Kələntərov Sankt-Peterburqa uçmaq üçün Abdullayevdən 3000 ABŞ dolları tələb edir. Mahir Abdullayevin harada olduğuna gəlincə, Kələntərov deyir ki, o, Çeçenistanda bir yerdə saxlanılır və Abdullayevin sağ və sağlam olduğunu sübut edən video və fotoları gətirəcəyini vəd edir.