Əbu Yaqub Yusif ibn Əyyub əl-Həmədani (; ) — Xorasanlı sufi və yazıçı.
Həyatı Onun mənbələrdə adı İmam Əbu Yaqub Yusif ibn Əyyub ibn Hüseyn ibn Vəhrə Büzənəcirdi Həmədani şəklində qeyd edilmişdir. Bəzi mənbələrdə künyəsi Əbu Yusif şəklində qeyd edilir. Yenə bəzi mənbələrdə onun nəslinin Əbu Hənifəyə qədər gedib çatdığı qeyd edilir.
Hicri 440 və ya 441-ci (1048 və ya 1049) ildə anadan olmuşdur. On səkkiz yaşında (və ya 19–20) təhsil almaq üçün getdiyi Bağdadda şafii fəqihi və Nizamiyyə mədrəsəsinin müdərrisi Əbu İshaq əş-Şirazinin dərs halqasına qoşulmuşdu. Əş-Şirazidən əlavə Əbu Cəfər Müslimə, Əbdüssəməd ibn Məmun, İbn əl-Mühtədi-Billah, Xətib əl-Bağdadi, İbn Həzarmərd və Əbül-Hüseyn Əhməd ibn Məhəmməd İbn ən-Nəqqur kimi alimlərdən dərs aldı. Bağdadda neçə il qaldığı və buradan nə vaxt ayrıldığı məlum deyil. Daha sonra İsfahanda Həmd ibn Vəlkizdən, Buxarada Əbül-Xəttab Məhəmməd ibn İbrahim ət-Təbəridən və Səmərqənddə Əhməd ibn Məhəmməd ibn Fəzl əl-Farisidən dərs alıb hədis dinlədi. Fiqh və kəlam mübahisələrindən sıxılaraq təsəvvüfə yönəldi. Bu yönəlişdə, ehtimal ki, sufi meyilli olduğu bilinən Əbu İshaq əş-Şirazinin də təsiri olmuşdur. Yusif Həmədaninin təsəvvüf yolunda Abdullah əl-Cüveyni və Həsən əs-Simnənidən bəhrələndiyi nəql edilir.
Yusif Həmədani təsəvvüf təhsilini tamamladıqdan sonra Mərvdə bir təkkə açaraq irşad fəaliyyətinə başladı. "Xorasan Kəbəsi" adlandırılan bu təkkəyə sufilərlə yanaşı alimlər də gəlirdi. Daim bu təkkədə qalmayıb irşad məqsədilə bir çox şəhərə səyahət edən Yusif Həmədani hicri 506-cı (1112) ildə böyük vəiz və sufi fəxri adı ilə yenidən Bağdada qayıtdı. Əvvəllər dərs aldığı Nizamiyyə mədrəsəsindəki vəzləri xalq tərəfindən böyük maraqla qarşılandı.
Həyatının son illərini Mərv və Heratda keçirən Yusif Həmədani Heratdan Mərvə qayıdarkən Bağşur yaxınlığındakı Bameində vəfat etdi (22 Rəbiüləvvəl 535 / 5 noyabr 1140) və burada dəfn edildi. Daha sonra İbn ən-Nəccar adlı müridi məzarını Mərvə köçürdü. Qəbri bu gün Türkmənistan sərhədləri daxilində, Mərv yaxınlığındakı Bayraməli adlanan yerdə yerləşir və Xacə Yusif adlı ziyarətgahdır.
Yusif əl-Həmədani bir çox (bəzi mənbələrə görə 213) mürid yetişdirmişdir. Məşhur şair Sənai, Şeyx Səid Lala və Əbu Saleh Abdullah ət-Təbəki ər-Rumi onun qabaqcıl müridləri arasında qeyd edilir.
Xacə Abdullah əl-Bərəki, Həsən əl-Əndəki, Əhməd Yəsəvi və Əbdülxaliq əl-Gicduvani onun ən məşhur xəlifələridir.
Görüşləri Əhli-Sünnə anlayışının davamçısı, Qurana və Sünnəyə olduqca sadiq olan Yusif Həmədani həyatını elm və irşada həsr etmişdi. Hər səviyyədən olan insanlara elm və irfan sirlərini öyrədir, tələbələrinə daim elmlə yanaşı zöhd və təqvanı da tövsiyə edirdi.
Bununla birlikdə, şəriət xəttindən də əsla güzəştə getməmiş, səhv və təmkini əsas götürmüş, müxtəlif sufilərdə müşahidə olunan şathiyyələrə və fövqəladə kəramətlərə əhəmiyyət verməyən təsəvvüf anlayışına sahib olmuşdur.
Bir gün müridi Əbdülxaliq Gicduvaniyə nəsihət edərək: "Oğlum, iki qapını bağla, iki qapını aç! Şeyxlik qapısını bağla, xidmət qapısını aç; xəlvət qapısını bağla, söhbət qapısını aç!" — demişdir. Bununla da bəlkə də bu gün normal qarşılanan, lakin həmin dövrün çərçivəsindən baxdıqda təsəvvüf aləmində yeni bir dövrü başlatmışdır.
Sonrakı dövrlərdə tələbəsi Əbdülxaliq Gicduvani tərəfindən ortaya qoyulan və xacəgan-nəqşibəndiyyənin əsas düsturlarından olan "xəlvət dər əncümən", yəni "xalq içində Haqq ilə olmaq" düşüncəsinin əsaslarını qoymuşdur.
Yəni Yusif Həmədani insanların dünyaya aid gündəlik işlərini davam etdirərkən Allah ilə olan əlaqələrini bir an belə kəsməməli olduqlarını vurğulayırdı. Eyni zamanda Allahın ən dəyərli varlığı olan insanlara xidmət etməyi, cəmiyyətindəki ictimai fəaliyyətlərə qanuni çərçivədə töhfə verməyi və bunu edərkən də xəlvət şüurunu qorumağı tövsiyə edirdi.
Bu düşüncə sonrakı dövrlərdə yəsəvilik və nəqşibəndilikdə zaman və məkan baxımından inkişaf etdirilərək davam etdirilmişdir.
Əsərləri Yusif Həmədani "Rütbətül-həyat", "Səfavətüt-tövhid li-təsfiyətil-mürid", "Kitabi-Kəşf" və başqa əsərlərin müəllifidir.
Həmçinin bax Nəqşibəndiyyə Hənəfilərin siyahısı
Mənbə
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Kateqoriya:İslam alimləri Kateqoriya:Nəqşibəndilik Kateqoriya:Hənəfilər Kateqoriya:Matüridilər Kateqoriya:Sufilər