Kriminologiya ("cinayət" haqqında elm,  — cinayət və  — öyrənmək sözlərindən yaranmışdır) — individual və cəmiyyət səviyyəsində cinayətin səbəblərini, nəticəsini, dərəcəsini və onun həll yollarını öyrənən humanitar elmdir.

Tarixi Kriminologiya sözünün özü isə 1885-ci ildə italyan hüquq professoru *Raffaele Garofalo tərəfindən yaradılıb. Kriminologiya elmi ayrıca elm kimi mövcud olsa və tədris edilsə də, inkişaf etmiş ölkələrin ali tədris və təhsil müəssisələrində sosiologiya elminin bir qolu kimi də tədris olunur. Təsadüfi deyil ki, bir çox sosioloqlar kriminoloji mövzular barədə də genişmiqyaslı tədqiqatlar aparır və bu barədə dərs deyir. Kriminologiya elminin özü isə müxtəlif sahələrin nümayəndələrinin apardığı tədqiqatları da özündə cəmləşdirir. Bu digər sahələrə əsasən sosiologiya, psixologiya və davranış elmlərinin tədqiqatları aiddir. Məhz bu səbəbə görə də kriminologiya multi-dissiplin elm adlanır. Həqiqətən də, cinayəti və onun növlərini, nəticələrini və cinayətə qarşı aparılan mübarizəni, habelə cinayət məsələsi ilə məşğul sosial və leqal institutları öyrənmək və onları tam dərk etmək üçün təkcə sosiologiya və kriminologiya yox, qanunvericilik, hüquq, təşkilati davranış, sahibkarlıq, tarix və coğrafiya və digər bənzər sahələri az da olsa öyrənmək gərəkdir.

Tarix boyu hər bir cəmiyyətdə müxtəlif miqyasda və formada mövcud olan cinayət halları toplumu narahat etmiş və öndə gedən şəxslərin və alimlərin diqqət mərkəzində olubdur. Bir çox sosial sahələrdəki kimi cinayət məsələsinə də filosofik və dini prizmadan baxılırdı, çünki bu məsələni tədqiq edəcək elmi sahə mövcud deyildi. Cinayətkarlığın başlıca səbəbləri olaraq bioloji, psixoloji problemlər və dinsizlik göstərilirdi. Bernard (1983) qeyd edir ki, o dövrlərdəki din adamlarına görə, cinayətkar şəxs şeytan və qara qüvvələr tərəfindən idarə olunur və şeytanın istəyi ilə şəxs günah əməl sayılan cinayət törədirdi. Cinayət törətməklə o təkcə zərərçəkən şəxsə deyil, həm də özünə ziyan vururdu, çünki cinayət onu insanlıqdan daha da uzaqlaşdırır və şeytana yaxınlaşdırırdı. Lakin, bütün bu açıqlamalar və yanaşmalar elmin inkişafı, dinin zəifləməsi və məntiqi düşüncənin xürafatı üstələməsi ilə dəyişməyə başladı.

Cesare Beccaria, Cesare Lombroso və Jeremy Bentham kimi mütəfəkkirlərin sayəsində 18-ci əsrdən etibarən yeni nəzəriyyələr ortaya çıxmağa başladı. Dünya miqyasında cinayətin səbəblərinin öyrənilməsində və dərəcəsinin azaldılmasında müstəsna rolu olan kriminologiyada müxtəlif cərəyanlar var, hansılar ki cinayətin səbəblərini izah etmək müstəvisində birbirindən fərqlənirlər, baxmayaraq ki ortaq cəhətləri də mövcuddur. Cinayətin növləri olduqca çox olsa da, kriminologiya sahəsində bu cinayətlər iki qrup altında cəmlənib; küçə cinayəti və ağ-yaxalı yaxud korporat cinayət. Küçə cinayətləri bəzən adi cinayətlər də adlanır. Onlar təkcə küçədə yox, eləcə də məişətdə, ictimai yerlərdə və bir sözlə, bir neçə şəxs arasında baş verir. Bıçaqlamaq, döymək, bilərəkdən öldürmək və oğurluq etmək bu səpkidən olan cinayət əməlləridir. Ağ-yaxalı cinayətlər isə toplumda yüksək nüfuza və siyasi-maddi gücə sahib olanlar tərəfindən törədilən cinayətdir (Punch 1996). Buna iqtisadi bazara qeyri-qanuni müdaxilə, müştəri haqqlarının pozulması, müştərilərin aldadılması, rüşvət, fırıldaqçılıq, səriştəsiz davranaraq cəmiyyətə ziyan vurmaq, ətraf mühiti bilərəkdən çirkləndirmək və ona ziyan vurmaq və işçilərin haqqlarını tapdalamaq və onlara hörmət etməmək kimi cinayətlər daxildir. Bu cinayəti törədənlərin ağ-yaxalı adlanmağının səbəbi isə cinayətkarların tutduğu vəzifədən qaynaqlanır, çünki müasir dövrdə xidmət sahəsində yüksək pillələrdə çalışanlar ağ-yaxalı adlanır. Lakin, kriminologiya adı altında aparılan tədqiqatların tərkibinə nəzər yetirsək, görərik ki əksər tədqiqatlar küçə yaxud sadə cinayətləri araşdırmışlar. Yalnız 1939-cu ildən bəri korporat cinayətlər araşdırılmağa başlanılıb. O dövrdən bu günümüzə kimi bu sahədə olan araşdırmaların sayı sürətlə artmaqdadır və əminliklə demək olar ki, küçə və ağ-yaxalı cinayətlər arasındakı kəskin tədqiqat uçurumu artıq daha balanslı durumdadır, ancaq hələ də ağ-yaxalı cinayətlərlə bağlı tədqiq edilməli olan bir çox sahə var.

Kriminologiya yalnız cinayətin təbiəti, səbəbi və təsirini yox, eyni zamanda cinayət məsələsi ilə bağlı olan sosial institutları və onların fəaliyyətini də öyrənir. Polis və hüquq mühafizə orqanları və qanunu yazan, tətbiq edən dövlət orqanları və həmçinin cinayətə qarşı mübarizə siyasəti hazırlayan dövlət qurumları kriminoloqların diqqət mərkəzində olan institutlardan bir neçəsidir. Kriminologiyanın ayrılmaz hissəsi olan penologiya elmi isə cəzaların seçimini, tətbiqini və dərəcəsini öyrənən elm sahəsidir, hansı ki özündə müxtəlif nəzəriyyələri cəmləyir. Kriminologiyanın son zamanlar aktual olan mövzusu isə təhlükəsizlik kameraları, onların sosial təsiri və cəmiyyətin nəzarətdə saxlanılmasındakı roludur.

Cinayət və anormallıq Qanunla cəzalandırıla bilən hər bir hərəkət cinayət adlanır. Anormallıq isə daha böyük və abstrakt məfhumdur, çünki anormallıq ümumi normalara və dəyərlərə zidd olan və əksəriyyət tərəfindən qəbul edilməyən hərəkətlərdən savayı, cinayəti də özündə cəmləyir. Nəzərə alsaq ki qanun toplusunu da, norma və dəyərləri də insanlar özü yaradır, onlar stabil və universal deyil. Əksinə, topluma, kontekstə və zamana görə dəyişir. Buna görə də, interaktionistlərin dediyi kimi, heç bir hərəkət təbiətən cinayət və anormal deyil. Hərəkətin cinayət yaxud anormal olduğunu cəmiyyət və bəzi hallarda isə, yalnız güclü qüvvələr müəyyən edir. Məsəlçün, İspaniyada keçirilən Tomatina festivalı hər il böyük sayda insan toplusunu özünə çəkir. İştirakçılar birbirinə pomidor atırlar. Festivalda iştirak edən heç kəs qanunla cəzalandırılıb cinayətkar sayılmır, çünki onlar heç bir qanunu pozmurlar. İlk baxışda olduqca mənasız və yanlış festival kimi görsənən bu tədbir ispan toplumunda normal qəbul edilir, və festivalın mövcudluğu bu növ hərəkətin nə dərəcədə normal qəbul edilən olduğunu göstərən bariz nümunədir.

Cinayət və anormallığın mövcudluğu, Emile Durkheim-a görə, toplum üçün müəyyən mənada müsbət haldır, çünki onlar mövcud olduqda insanlar nəyin düzgün və nəyin yanlış olduğunu anlayırlar. Bu da nəticədə qanun-qaydaya tabelik və nizam-intizam yaradır. Digər funktionalist olan Robert Merton isə qeyd etmişdir ki, cinayət və anormallığın və onlara qarşı həm qanuni, həm də ictimai mübarizənin olmağı toplum üçün müəyyən mənada arzu ediləndir, lakin əgər cinayət və anormallıq halları artan tempdə çoxalsa, o zaman toplum artıq normal funksiya göstərə və yaşaya bilməz. Buna görə də, cinayətə qarşı daim mübarizə aparılmalıdır və bu mübarizədə yalnız hüquq-mühafizə orqanları iştirak etməli deyil. Əksər sosial problemlər kimi bu problemin də həlli üçün bir çox sosial institutlar və akademiklər birgə işləməlidirlər. Səbəb isə odur ki, akademik və tədqiqatçılar cinayətin və anormallığın səbəb və motivlərini öyrənən şəxslərdir. Onların tədqiqatlarının üzə çıxartdığı tapıntılar sosial institutlar və hüquq-mühafizə orqanları tərəfindən analiz edilməli və müvafiq siyasət yeridilməlidir. Nəzərə alanda ki sosial-iqtisadi çətinliklər, təhsilsizlik və savadsızlıq kimi faktorlar cinayətin törədilməsindəki önəmli amillərdəndir, bu o deməkdir ki iqtisadi sistem, sosial müdafiə sistemi və təhsil sistemi də cinayətkarlığa qarşı mübarizə aparmalıdır. Hüquq-mühafizə orqanlarının işi isə əsasən qanunu tətbiq etmək, cinayətkarları məsuliyyətə cəlb etmək və nizam-intizamı qorumaqdan ibarətdir.

Kriminoloji nəzəriyyələr Kriminoloji nəzəriyyələr 18-ci əsrdən etibarən çoxalmaqdadır, lakin, ilk elmi nəzəriyyə ortaya çıxana kimi cinayət mövzusuna yanaşma mövcud idi. Bu məsələ ilə əsasən sosial filosoflar və fəlsəfə elminin nümayəndələri məşğul idilər. Zaman keçdikcə isə, xüsusən də sosiologiya və psixologiya elmləri nüfuz qazandıqca yeni kriminoloji nəzəriyyələr də meydana gəlməyə başladı, çünki bu üç sahə birbiri ilə olduqca sıxdır. Cinayətin səbəblərini individual (Bioloji pozitivist nəzəriyyə), mədəni (subkultural nəzəriyyə) və struktural (radikal nəzəriyyə) amillərə bölmək olar, hansıları ki nəzəriyyələri oxuyanda görəcəksiniz.

Nəzarət və idarəetmə nəzəriyyəsi Bu nəzəriyyənin kökləri *Emil Durkhaym-ın fikirlərinə dayanır. Belə ki, Durkhaym iddia etmişdir ki, insan mənfi əməllər törətməyə meyil edir, qadağa edilmiş məsələləri reallaşdırmağa daim cəhd göstərir. Lakin, onun üzərində olan sosial və ailə nəzarəti bunun qarşısını almaqda vacib rollardan birini oynayır. Hər bir toplumun özünə məxsus dəyərləri var və bu dəyərlər toplumun nümayəndələrinin həyat tərzini böyük ölçüdə müəyyən edir. Bu çərçivədən kənara çıxmaq pozğunluq, ədəbsizlik, qanunsuzluq və digər bu səpkili stiqmalarla nəticələnə bilir. Bu stiqmalara məruz qalmamaq üçün isə şəxs öz hərəkətlərinə daim diqqət yetirir. Bu idealar zaman keçdikcə inkişaf etdirilmişdir. Nəzarət nəzəriyyəsinin banilərindən sayılan İvan Nye (1958) apardığı empirik araşdırmalardan sonra belə qənaətə gəlmişdir ki, şəxsin cinayət törətməsində onun necə böyüdüldüyü və ailədə yaşadığı başlıca amildir. Əgər o düzgün böyüdülmüyübsə, yanlış dəyərlər ona aşılanıbsa və yaşadığı ailədə daim problemlər və gərginlik mövcud olubsa, onun xoşagəlməz işlərlə məşğul olması və hətta cinayət törətməsi olduqca böyük ehtimaldır. Həqiqətdə də biz bunu görə bilərik ki, dünyanın əksər ölkələrində, kasıbçılığın, qeyri-stabil təbiətə malik ailələrin yaşadığı diqqətdən kənarda qalmış ərazilərdə cinayət hadisələri adətən daha çox olur. Nye-ın ideaları məşhur cütlük Travis Hirschi və Michael Gottfredson (1983) tərəfindən inkişaf etdirilmişdir. Hirschi və Gottfredson inkişafdan başqa, öz idealarını da irəli sürmüşlər. Onlara görə, Nye-ın dediyi kimi insanın necə yetişdirilməsi vacib amildir, lakin tək amil deyil. Hirschi və Michael Gottfredson-un irəli sürdüyü digər 4 amil dəyərlərə bağlılıq, məqsədə bağlılıq, ailə bağlılığı və məşğulluqdur. Şəxsin inandığı dəyərlər (məsəlçün dini dəyərlər) cinayəti pisləyirsə, şəxsin cinayət etmə ehtimalı aşağı olur. Əgər törədəcəyi cinayət şəxsi öz məqsədinə çatmaqdan uzaqlaşdıracaqsa, bu da cinayətə meyilliliyi azalda bilir. Stabil, sakit həyat sürən və mehriban ailə şəraitində yaşayan şəxslər də cinayətə elə də meyil etmirlər, çünki bu tip ailələrdə şəxsin düzgün yetişdirilməsi üçün kifayət qədər maddi-mənəvi imkanlar var. Eyni zamanda, valideynin övlad və övladın valideyn üzərində nəzarəti də adətən güclü olduğundan heç bir tərəf cinayət törətsə belə öz əməlini gizlətməkdə olduqca çətinlik çəkər. Məşğulluq faktoru deyərkən Hirschi və Gottfredson-un nəzərdə tutduğu məfhum şəxsin müxtəlif işlərlə daim məşğul olduğundan başqa heç bir məsələyə ayırmağa vaxtı olmamasıdır. Başqa sözlə, əgər şəxs işləyirsə yaxud gününün böyük hissəsini aktiv keçirirsə, onun cinayəti planlamaq və həyata keçirmək üçün vaxtı və imkanı elə də olmur. Bu nəzəriyyə bir çox cinayət növlərinin motivlərini anlamaqda xeyli yardımçı olur. Məsəlçün, avtoritar rejimlərdə və hətta bir çox demokratik sayılan ölkələrdə yüksək təbəqə şəxslərin etdikləri cinayətlərin nəzərə çarpacaq dərəcədə qisminin başlıca səbəblərindən biri ciddi nəzarətin olmamasıdır. Bu nəzarət həm dövlət səviyyəsində, həm də cəmiyyət tərəfindən aparılan sosial nəzarəti özündə cəmləşdirir. İntihar hadisələri, qaranlıq küçələrdə törədilən cinayətlər və nəzarətsiz qalmış ərazilərdə yaşayan gənclərin törətdikləri cinayətlərin də çoxunda nəzarətsizlik mühüm rol oynayır.

Radikal kriminologiya