Mədəniyyət tarixi Qədim və erkən orta əsrlər dövrünün mədəniyyəti üzərində formalaşmış türk xalqlarının mədəniyyəti öz inkişafını feodalizmin orta və son mərhələlərində də davam etdirərək XX əsrə özünəməxsus bir mədəni irslə gəlib çıxmışdı.

Orta və son əsrlər dövründə ictimai inkişafın feodal-patriarxal ənənələrinin dərin kök saldığı Orta Asiya və Qazaxıstanda təhsil və məktəb zəif inkişaf etmişdi. Əsasən dini məktəblər olan mollaxanalar mövcud idi. Əhalinin əksəriyyəti savadsız idi. Onlar hər hansı məktubu və "qiymətli kağızı" oxutmaq üçün 10 kilometrlərlə yol qət edərək qonşu aulda yaşayan molla-talmaçların yanına gedirdilər. Müsəlman ruhaniləri məktəblərdə "Quran"ı tədris edirdilər. Qazax, qırğız, türkmən və özbəklərdə bədii ədəbiyyat əsasən şifahi xalq yaradıcılığında öz əksini tapmışdı.

Musiqi Xalq müğənniləri olan akınlar yalnız mahnı qoşmaq, nağıl düzəltməklə deyil, həm də onların ifaçılığı ilə məşğul idilər. Bu mahnılarda və nağıllarda xalqın həyatı, məişəti, adət-ənənələri, tarixi keçmişi öz əksini tapmışdı. Əjdahaya qalib gələn bahadırlar, xəsis və qorxaq bayları ələ salan, aldadan şən və hazırcavab adamlar böyük məhəbbətlə tərənnüm edilirdilər. Qədim qazax mahnılarında köçəri-qazaxların əmək yaradıcılığı, ailə həyatı tərənnüm olunur. Çobanlar öz işlərini yüngülləşdirmək məqsədi (su kəhrizləri qazarkən və s.) mahnı oxuyurdular. Qadınlar gəbə, kilim toxuyarkən, naxışlar salarkən mahnı oxuyurdular və yaxud atlı qazax aula yaxınlaşır, ucadan mahnı oxuyaraq, aul camaatının qonaqpərvərlik baxışları altında uzaqlaşır. Toyqabağı gəlini öz doğma ailəsindən, aulundan oğlan evinin adamları apararkən kollektiv oxunan mahnılarla müşayiət olunurdu.

Yas mahnılarını (joktau, daus) ölən üçün arvadı, anası, böyük qızı və yaxın qohumları bir il ifa edirlər. Əlbəttə bu cür mahnılar çox qəmli olurdu.

Qəhrəman batırlar və müdrik bijlər haqqında oxunan təntənəli mahnılar-maktaular geniş yayılmışdı. Ən mühüm hadisələr mahnılarla müşayiət olunurdu. Məs; ağsaqqallar şurasının iclası və ya gəncləri hərbi yürüşə yola salarkən, atlı qazax xoş xəbərləri aullara mahnılarla çatdırarkən, (Estiptu) faciəli xəbərlər (jibatu) də eyni ilə bu cür çatdırılır və təsəlliverici formada olur.

Musiqiçilər öz talant və qabiliyyətlərini göstərmək üçün yarmarkalara gəlib, çalıb oxuyurdular.

Qazaxların ən çox maraq göstərdikləri-küy (pyes) xalq musiqi aləti ilə keçirilən poeziya və musiqi ifaçılığı yarışı idi.

Qazaxlar nəğməyə jır, nəğmə oxuyan peşəkarlara jırau deyirlər. Qazax dilində nəğmə ölen də adlanır. Jır və ölen oxuyanlara həm jırau, həm də ölençi deyirlər. Bunlarla yanaşı qazax dilində akın sözü də vardır. Müğənnilər kimi akınlar da jır və ölen ifa edir, dastan söyləyirlər. Bəzi istedadlı jırau və akınlarda yaradıcılıq qabiliyyəti də olur. Belə yaradıcı akın və nəğməkarların ilk nümayəndəsi Bukar jırau Kalmakan oğludur (1693–1787)

Ümumiyyətlə, qazax melodiyası təkbaşına ifa olunur və xorla oxunma yoxdur. Vokal musiqisi 2 formada sözlər və nəğmələrlə müşayiət olunur. Mahnıları akınlar, sözləri isə jırşalar deyir və ifa edirdilər.

Sözlər əsasən 7–8 sətirdən ibarət və bu sözlər çox tez-tez təkrar olunurdu. Qazaxlar jombr və ya kobız (iki simli) çalaraq mahnıları hər kəs özü ifa edirdi. Qazaxlarda xalq çalğı ansamblının (timsalında) müşaiəti ilə kollektiv halda xor mahnıları ifa olunmur. Ancaq toy mərasimlərində gənc oğlan və qızlar mərasim mahnıları ifa edirlər. Qazaxlarda nisbətən geniş xalq çalğı aləti dombırdır. Üç günlü korpusa malik olan dombır iki simlidir. Simlər əsasən qoyun bağırsaqlarından hazırlanıb düzəldilir.

Geniş yayılmış musiqi alətlərindən biri də kobızdır. Bir növ azərbaycanlıların musiqi aləti olan kamançaya bənzəyir. Korpusu dəvə dərisindən düzəldilir və oval formalı korpusun üstü açıq olur. Simlər əsasən at tükündən hazırlanırdı. Keçmiş dövrlərdə şamanlar müəyyən mərasimləri keçirərkən kobızla qəmli və kədərli səslər ifa edirlər. Dini musiqi aləti sıbızqı hesab olunur. Onu hər hansı yumşaq ağacın ortasını yonub çıxararaq düzəldirdilər. Zərb aləti dayılpaz adlanır və bir növ barabana oxşayır. Zərbə vurulan yuxarı hissəsinə dəri çəkilirdi. Azərbaycanlılarda bu alət növü dəf və yaxud nağaraya oxşardır. Bu alətdən (musiqi) əsasən hərbi yürüşlərdə və ov zamanı istifadə olunur.

XIX əsrin II yarısında qeyd etdiyimiz musiqi alətlərinin sırasına yeni musiqi alətləri olan qarmon (qazaxca sırnay) və skripka da əlavə olundu. Musiqi sənətinin inkişafı, aulları gəzərək mahnı oxuyan müğənnilərin (ölenşi və ənşi) və musiqiçilərin (kuyşi) artmasına səbəb oldu. Nağılçılar və şairlər irihəcmli tarixi nağılların şerlərini mahnı ilə ifa edir, məzmununu isə danışırdılar. Nağılı danışan isə öz mimikaları ilə onu daha da maraqlı edirdi. Mahnılarda çobanların (ağır həyatı) kasıb əkinçi və heyvandarların ağır həyatı tərənnüm olunur. Mahnılarda qazax qadınlarının hüquqsuzluğu və şəxsi azadlıq arzuları da tərənnüm olunurdu. Baylar mahnılarda zülmkar bir təbəqə kimi tənqid olunurdu. Ancaq bayların iradəsini ifadə edən müğənnilər öz mahnılarında Qurandan nümunələr gətirir, şəriət qanunlarından danışır, feodal-bay cəmiyyətini və onların ailə həyatını idealizə edib, tərifləyirdilər.Бeрлибаeв , Б. Т. Влияниe биeв в фoрмирoвании истoричeскиx знаний казаxoв в устнoм нарoднoм твoрчeствe. — 2007.

XIX əsrdə Qazax musiqi mədəniyyətinin görkəmli nümayəndələri yetişmişdi. Bunlardan dombr ustası Kurmanqazı Saqırbayevi (1806–1879), Dauletkerey Şiqayevi (1820–1880), müğənni Birjan Koyaqulovu (1825–1877), Mühit Meraliyevi (1841–1918), Abay Kunanbayevi (1845–1904, Yajau Musa Bayjanovu (1835–1929), Axanserə Koramsini (1843–1916), Estay Berkimbayevi (1868–1946), kobız çalan Ixlas Dukenovu (1843–1916) və başqalarının adlarını çəkmək olar.

Qazaxların "Yelimay" ("Vətənim mənim"), "Jayırmabes" ("Iyirmibeşlər"), "Kızıl biday" ("Qırmızı buğda"), "Ademi kız" ("Qəşəng qız") mahnıları bayram səhifələrinin və çoban alaçıqlarının bəzəyi idi. Qazaxıstanın və Orta Asiya xalqlarının kəskin mənalı və dürüst səs ehtiyatı var idi. Danışıq zamanı aforizmlərdən geniş istifadə edirdilər. Məs; "Cigit cigitin qardaşıdır". "Oğurluğun sonu kasıblıq, əməyin sonu sevincdir" və s. "Ayjan kızı" ("Ayjan qız"), "Tatpimbet" ("Kişi adı"), "Balborun" ("Zəriflik") kimi qazax rəqsləri mahir rəqqaslar tərəfindən ifa edilirdi. Toy və mərasimlərdə, el şənliklərində müxtəlif məzhəkə-tamaşalar göstərilir, rəqslər ifa edilirdi. Qazaxıstan və Orta Asiya xalqları Azərbaycan xalqında olduğu kimi baharın gəlişini təntənə ilə qeyd edirdilər və onu Novruz bayramı adlandırırdılar.

Bayramlarla əlaqədar oxunan mahnılar üç hissəyə bölünür: toy bastar, jar-jar, bet aşar. Toy bastar-bayrama yığışmış qonaqlar bayramı mahnı ilə başlayırlar. Jar-jar- toy mahnılarıdır. Bu mahnıları kişi və qadın qrupları ifa edirlər. Burada gəlin doğma aulunu, ata-anasını tərk etdiyinə görə qəmli mahnı oxuyur. Kişi dəstəsi isə gəlinə cavab mahnılarında gəlinin narahat olmamasını tövsiyə edir, yeni ərin ata-anasının onun üçün də ata-ana olacağını söyləyirlər.

Bet asar-kişinin gənc qohumları və yaxınları bu mahnını ifa edirlər. Mahnılarda gəlinin kişiyə, onun qohumlarına və böyüklərinə danışıqsız itaət etməsi təbliğ olunurdu.

Qazax mahallarında tez-tez belə əfsanəvi surətlər, necə ki, təkgöz nəhəng, yeddibaşlı əjdaha, insanları yeyən qarı, yüz dırnaqlı-öz metal caynaqları ilə insanları öldürən qadın surəti. Onlar pisliyi təmsil edir, insanlara öz məqsədlərinə çatmaq üçün mane olur, bir-birinin dalınca maneələr törədirlər. Ancaq əvvəl-axır insan qalib gəlir, ona görə ki, o, ədalət və həqiqət uğrunda çıxış edir. Insana şər qüvvələrlə mübarizədə əfsanəvi qəhrəmanlar kömək edir; tausoqar-dağları, yerindən oynadan, koljutar-dənizi udmağa belə qabiliyyəti olan, sakkulak-yerin 3 qatından eşidən, jelayak-uzaq, geniş əraziləri qanadları ilə örtün. Insanların dostları və köməkçiləri rolunda ev heyvanları da çıxış edir. Əfsanəvi at Kerkula uzaq məsafələri az vaxt içərisində keçir. Eyni zamanda bu heyvanın həmçinin danışıq qabiliyyəti də vardır. Müsbət surətlərin rolun əmçinin qoyun, keçi, dəvə, inək ifa edirlər.

Əfsanəvi nağıllar və heyvanlar haqqında nağıllar arasında qəhrəmanlıq nağılları da xüsusi əhəmiyyət kəsb edir, hansı ki, burada sehrli varlıqlardan deyil, real həyatdan götürülmüş surətlərdən bəhs edilir. Necə ki, xalq arasında böyük şöhrət qazanmış "Ayaz-bij" nağılının qəhrəmanı kasıb olduğu halda, öz ağlı, ürəyə yol tapanlığı ilə xanı və onun vəzirlərini valeh edir və öz müsbət keyfiyyətlərinin nəticəsində hökmdar olur.

Xalq arasında geniş yayılmış əfsanələr xüsusi yer tutur. Hansı ki, öz adları ilə məşhur olan, öz düzgün mühakimələri ilə xana qalib gələn Kirenşi və onun ağıllı arvadı Karlıqaş haqqında əfsanə və həmçinin özünün zəngin təsəvvürü, cəldliyi, hiyləgərliyi ilə hətta böyük dövlət sahibləri-mülkədarları da əlində oynadan "Alder-Kosa" haqqında əfsanə şifahi xalq ədəbiyyatının yaradıcılıq süzgəcindən keçmiş bədii nümunələrdir.

"Kambar-batır", "Koblandı", "Yer-Tarqın", "Yer-sain", "Alpamış" məşhur qazax ədəbiyyatının qəhrəmanlıq eposlarıdır. Bu eposlarda varlıların qəhrəmanlığından, qeyri-adi döyüş səhnələrindən və doğma torpağı yadelli işğalçılardan necə qorumaqdan söhbət açılır. "Kozı Korpeş" və "Bayan-İlu", "Kız-Jibek" ən çox əhəmiyyət kəsb edən sosial-məişət eposlarıdır.

"Kozı Korpeş və Bayan Ilu"- ürəklərini həmişəlik bir-birinə bağlayan 2 cavandan bəhs edən faciəvi məhəbbət poemasıdır. Bu yaradıcılıq nümunələri xeyirxah insan hissiyatını, məhəbbətini özündə əks etdirir. Bir-birini sevən gənclərin faciəsi feodal-patriarxal cəmiyyətinin eybəcərliklərindən və qədim adət-ənənələrindən doğur, hansı ki, adını çəkdiyimiz dastanda Bayanın taleyini özü deyil, atası həll edir. O, qızını öz marağı üçün Kodara verir. Ancaq poema toyla bağlı olan qədim adət-ənənələrə haqq qazandırır.

"Kız-Jibek" poemasında qadının mənliyi, sevmək hüququ yüksək qiymətləndirilir. Bununla bərabər bu yaradıcılıq nümunəsində qədim adətlər, böyük qardaşın ölümündən sonra arvadının kiçik qardaşa ərə getməyə razılıq vermək kimi qaydalar ideal surətdə göstərilir. Qazax şifahi xalq ədəbiyyatının ən geniş yayılmış növlərindən biri də poeziya müsabiqəsi hesab olunur. Poeziya müsabiqələri dialoq formasında keçirilir. Həmin yarışlarda akınlarla yanaşı, mahnı sevərlər bu yarışda iştirak edir, öz söz mədəniyyətinin qüdrəti ilə xalq bayramlarını daha da şənləndirirlər. Bu poeziya yarışları məşhur söz ustadlarının, tanınmış şairlərin çıxışları ilə seçilir. Cambulla əlaqədar yarışlar daha da gözə çarpandır. Adi akınlar müsabiqələrdə öz nəsli adından danışır, onun bütün incəliklərini göstərməyə çalışırlar. Bu çox nadir hallarda şairlər əsərlərində xüsusi feodalları və ümumiyyətlə, feodal-patriarxal cəmiyyətini tərənnüm etmişdilər.

Sadə akınlar poeziya yarışlarında öz nəsilləri adından çıxış edir və bütün nəsil həmçinin onun görkəmli nümayəndələri məclisdə iştirak edirdilər. Şairlər ayrı-ayrı feodalları və geridə qalmış feodal-patriarxal cəmiyyəti ideallaşdırıb tərifləyirdilər. Qabaqcıl ən yaxşı şairlər öz çıxışlarında demokratik ideyalarını təbliğ edir, kasıb, sadə xalqın müdafiəsi üçün səslərini qaldırırdılar. Ən yaxşı poetik müsabiqələrindən biri xalqın öz yaddaşında qoruyub saxladığı ağızdan-ağıza ötürdüyü "Birjana və Sarı" poeziya-mahnı müsabiqəsidir. Qazax şifahi xalq yaradıcılığı tapmacalar, atalar sözləri və məsəllərlə zəngindir.