İbranilər - Sami dil ailəsinə məxsus qədim xalq.
Köç Sami dil ailəsinin üzvü olan ibranilər tarixin səhnələrində ilk dəfə Mesopotamiyada görünmüşdülər, Bibliyaya görə ibrani patriarxı İbrahimin ailəsi şumerli olmuşdur. Mənşə etibarilə ibranilər maldarlıqla məşğul olan köçəri xalq olmuşdular, təəccüblü deyil ki, məhz buna görə onların məskunlaşdıqları ərazini dəqiqliklə təyin etmək çətindir. Bunu demək kifayətdir ki, onlar təxminən e.ə. 1900 və 1500-cü illər arasında Mesopotamiyadan Cənubi Suriyaya (daha sonra həmin ərazi Xanaan yaxud Kənan adlandırılmışdı) və daha sonra isə Misirə köç etmişdilər. Həmin əsrlər ərzində İbrahimin nəvəsi Yaqubun soyundan gəldiyini iddia edən bir ibrani tayfası Yaqubun digər adının şərəfinə özünü “israilli” adlandırmağa başladı. Yaradılış kitabına görə Yaqub bütün gecəni bir mələklə güləşdikdən sonra “tanrının əsgəri” mənasına gələn “İsrail” adını almışdı. İbranilər təxminən 3 əsr ərzində Misirdə qaldıqdan sonra Misir imperiyası qurmağa çalışan və ev iqtisadiyyatını davam etdirmək üçün daha çox qula ehtiyac duyan Yeni Padışahlığın fironları tərəfindən qula çevrildilər. İbranilər təxminən e.ə. 1250-ci ildə onların Misir sərhədlərindən Sinay yarımadasına (Misir və Xanaan arasında yerləşən səhralıq ərazi) kütləvi qaçışına başçılıq edən qəhrəman Musanın simasında yeni lider tapdılar. Musa onları daha sonralar adı Yehova şəklində yazılan tanrı Yaxveyə sitayiş etməyə inandırmışdı. Həmçinin həmin dövrdə bütün ibranilər özlərini israillilər adlandırmağa başladılar, çünki Musa onları Yaxveyin İbrahim, Yuşa və Yaqubun tanrısı olduğuna inandırmışdı, beləliklə, İsrailin tanrısı artıq bütün ibranilərin sitayiş etdiyi tanrı idi.
Xanaana dönüş Sinay səhralarında təxminən bir nəsil dolaşdıqdan sonra ibranilər daha zəngin Xanaan torpağına dönməyə qərar verdilər, bu torpaq, doğrudan da quraq Sinay çöllüklərindən daha zəngin idi, belə ki onlara “süd və bal axan” torpaq kimi görünürdü. Lakin ərazinin içərilərinə doğru asanlıqla hərəkət etmək və məskunlaşmaq mümkün deyildi, çünki Xanaan artıq xanaanilər (digər sami dilli xalq) tərəfindən tutulmuşdu və onlar öz torpaqlarını ibranilər ilə bölüşmək istəmirdilər. Beləliklə, ibranilər Xanaanın içərilərinə doğru yol boyu döyüşməli oldular, bu yavaş və çətin proses olmuşdu, lakin “Yuşa İyerixon döyüşündə qalib gəldi və divarlar dağıldı” məşhur cümləsi ilə təhrif olunmuşdu. Musanın davamçısı Yuşa Xanaanda bir qədər ərazi ələ keçirə bildi, lakin bu çox az idi, çünki maldar israillilərin yaxşı qorunan Xanaan şəhərlərini mühasirə ilə ələ keçirmək üçün kifayət qədər silahları yox idi. Bundan əlavə, Yuşanın ölümündən sonra israillilər daha da zəiflədilər, çünki onlar tayfa fərdiyyətçiliyinin dirçəlişi nəticəsində mütəşəkkil hərbi əməliyyatları yerinə yetirmək bacarıqlarını itirmişdilər. Beləliklə, onlar bir əsr davam edən döyüşlərdən sonra yalnız Xanaan təpələrinin bəzilərini və daha az məhsuldar vadilərdən bir neçəsini ələ keçirə bilmişdilər. Daha pisi isə, həmin dövr ərzində özlərini nəinki verdikləri itkilərin qisasını almaq istəyən xanaanilərdən, həmçinin güclü xarici basqından qorumağa məcbur oldular.
Fələstinlilərin basqını
Kiçik Asiyadan gələn qeyri-sami fələstinlilər basqınlar edirdilər, onlar e.ə. 1050-ci ildə asanlıqla Xanaanın çox hissəsini zəbt etdilər, buna görə də bu region alternativ olaraq Fələstin adlanmağa başladı. Yox olmaq təhlükəsi ilə üzləşən ibranilər öz mübarizələrini gücləndirdilər. Onlar tayfa quruluşu formasını (hər tayfada münaqişələri həll etmək üçün müdrik kişilər (hakimlər) seçilirdi) qoruyub saxlamışdılar, aydındır ki, Fələstin problemini həll etmək üçün daha ciddi “milli” hökumət forması zəruri idi. Təxminən e.ə. 1025-ci ildə bütün İsrail tayfalarının sədaqətini qazanan, güclü şəxsiyyətə malik Samuel onların hamısı üçün yeganə hökmdar, Şaulu seçdi. O, ibraniləri vahid xalq kimi birləşdirəcəkdi.
Şaulun dövrü Hökmdar Şaulun hakimiyyəti ibrani milli birliyinin başlanğıcı olmasına baxmayaraq, öz-özlüyündə nə ibranilər, nə də ki kralın özü üçün xoşbəxt bir dövr idi. Əhdi-Ətiqdə bunun səbəblərinin yalnız bir neçə göstəricisi verilmişdir. Sübhəsiz ki, Şaul hökmdar kimi davranmağa başladıqdan az sonra taxt-tacı əl altından idarə etmək niyəti olan Samuelin qəzəbinə tuş gəldi. Beləliklə, Samuel xalqın dəstəyini Şauldan özünə çəkmək üçün bacarıqlı manevrlər edən gənc və enerjili döyüşçü Davudu dəstəkləməyə başladı. Davud öz hərbi kompaniyalarını həyata keçirərək, fələstinlilər özərində ard-arda qələbələr qazandı. Ondan fərqli olaraq, Şaulun qüvvələri ard-arda məğlubiyyətə uğrayırdı. Nəhayət, hökmdar ölümcül yaralandı və özünü öldürərək bu rəqabətə son qoydu. Bu tarix təxminən e.ə. 1005-ci ilə təsadüf edir.
Davudun dövrü
Şaulun ölümündən sonra Davud hökmdar oldu və ibranilərin siyasi tarixində - ən azından müasir dövrə qədər - ən möhtəşəm dövr başladı. Fələstinlilər üzərində qəti qələbə qazanaraq onları cənubda sahilboyu dar əraziyə doğru sıxışdırdı. O, xanaaniləri öz hakimiyyətini tanımağa məcbur etdi, növbəti bir neçə nəsil ərzində xanaanilər öz kimliklərini itirərək tamamilə ibrani xalqı ilə qarışdılar. Birləşmə prosesi davam etdikcə ibranilər maldarlığı bir kənara qoyaraq kənd təsərrüfatı və sənətkarlıqla məşğul olmağa başladılar. Davud mütləq monarx olaraq öz hakimiyyətini tamamilə möhkəmləndirdi, öz təbəələrindən məcburi əmək tələb etdi, vergilərin toplanması üçün siyahıyaalma təsis etdi və sonra vergiləri toplatmağa başladı. Onun əsas məqsədi Yerusəlimdə möhtəşəm paytaxt və dini mərkəz qurmaq idi. Lakin bu işdə bəzi irəliləyişlərə nail ola bilsə də, tikinti işləri onun ölümdən sonra tamamlandı.
Süleymanın dövrü
Davuddan sonra hakimiyyətə e.ə. 973-ci ildən 933-cü ilə qədər hakimiyyətdə qalan, vahid yəhudi padışahlığının 3 hökmdarından sonuncusu, oğlu Süleyman gəldi. Süleyman Yerusəlim şəhərinin tikintisində atasının başlatdığı işi tamamlağa qərarlı idi. Atasının şəhər tikmək niyyəti iki məqsəd güdürdü. Birincisi, əgər israillilər Qərbi Asiyanın qüdrətli xalqları arasında yer tutmaq istəyirdilərsə, öz qüdrətlərinin vizual təzahürü olaraq möhtəşəm şəhərə sahib olmalı idilər. İkincisi, milli dinlərini yenidən təsdiqləmək üçün möhtəşəm məbədə ehtiyac var idi. O vaxta qədər israillilər “Ətiq Mücrüsü”nü (Sina dağında Yaxveyin Musaya verdiyi güman edilən, içində daş lövhələr olan sandığın Bibliyadakı adı) öz səyahətləri boyunca portativ çadırda daşımışdılar. Köçəri xalq üçün müqəddəs məbədi çadırda yerləşdirmək kafi ola bilərdi, lakin qüdrətli xalqın oturaq əkinçilərinə yaraşmırdı. Bunun əvəzində, İsrailin Yaxve ilə xüsusi əlaqəsininin fiziki simvolu olan Mücrü qüdrətli paytaxtda saxlanılmalı və möhtəşəm məbədin ən dərin guşəsində qorunmalı idi. Bu səbəblərə görə Süleyman paytaxdakı tikinti işlərinə, xüsusilə də ibranilərin milli və dini həyatının mərkəzi abidəsi olacaq məbədin tikintisinin xərclərində səxavətli davrandı. Zaman-zaman bu siyasət ibranilərin bir xalq kimi varlıqlarını sürdürmələrinə əsaslı şəkildə kömək oldu, Süleyman, doğrudan da, möhtəşəm bir məbəd ucaltmağa nail oldu və sonralar “Süleyman məbədi” İsrail milli və mədəni cəhətdən yox olmaq təhlükəsi ilə üzləşdiyi zaman ilham qaynağı olmuşdu. Lakin qısa müddət sonra hökmdarın səxavətli tikinti layihələri çətinliklər törətməyə başladı, çünki Fələstin sadə tikinti materialları üçün gərəkli olan təbii sərvətlərlə zəngin deyildi, bu layihələri bəzəyən qızıl və qiymətli daşların çatışmazlığından isə danışmağa belə dəyməzdi. Getdikcə artan ağır vergilərə baxmayaraq, Süleyman tikinti borclarını ödəməkdə çətinlik çəkməyə başladı, o ilk öncə əsas təchizatçısı olan sərhəd qonşusu (şimaldan) Finikiyaya ərazi güzəştə getdi, daha sonra isə Finikiyanın meşələri və mədənlərində işləmək üçün ibraniləri zorla oraya göndərdi.
Vahid ibrani padışahlığının parçalanması Təəccüblü deyil ki, bu cür zalım davranış Süleymanın təbəələri, xüsusilə də şimaldakı əhali arasında ona qarşı düşmənçiliyi qızışdırdı. Şimallılar öz oğullarının zorla Finikiyaya göndərilməsinə şahidlik etdilər, onlar ibrani padışahlığının cənubunda salınan Yerusəlimdə tikinti layihələrinə biganə idilər. Bundan əlavə, şimallılar cənublulara nisbətən Yaxveyə daha az sədaqət nümayiş etdirirdilər, onlar Ətiq Mücrüsünə qızıl gətirmək üçün şəxsi qurbanlar verməkdə daha az həvəsli idilər. Süleyman sağ olduğu müddətdə şimallı təbəələri ona itaət edirdilər, lakin onun ölümü açıq üsyan üçün işarə oldu. Şimallılar Süleymanın oğlu Rehavama vergi ödəməyi rədd edərək vahid ibrani dövlətindən ayrıldılar və öz padışahlıqlarını qurdular.
Şimal paytaxtı Samariya şəhəri olmaqla İsrail padışahlığı, Cənub isə paytaxtı Yerusəlim olmaqla İyudeya padışahlığı adlanmağa başladı. İbrani padışahlığı vahid dövlət halında olanda da o qədər güclü deyildi, lakin ikiyə bölünmüş halda daha zəif idi. İsrail padışahlığı öz gücündən daha çox qonşu dövlətlərin onlardan çəkinməsi və bəxt sayəsində iki əsr mövcud olmağı bacardı, lakin e.ə. 722-ci ildə assuriyalılar tərəfindən məhv edildi. Assuriyalılar işğal etdikləri ölkərdə bütün əhəmiyyətli tikililəri dağıdır və əhalini digər yerlərə köçürürdülər, buna görə də İsrail padışahlığının adı bir daha eşidilmədi. İyudeya padışahlığına gəldikdə isə o, qismən əhəmiyyətsiz olduğuna görə Assuriya təhlükəsindən yayına bildi, lakin e.ə. 586-cı ildə Nebuxadnezarın başçılıq etdiyi Babil ordusu tərəfindən işğal edildi. O, Yerusəlimi və məbədi qarət etdi və yandırdı, İyudeyanın görkəmli sakinlərini isə Babilə köçürdü. Bundan sonra yarım əsr ərzində iyudeyalılar – bundan sonra tarixçilər onları adətən yəhudi adlandırmağa başladılar (bu dövrə qədər ibrani adlanırdılar) – öz vətənlərini bir daha heç vaxt görməyəcəklərindən qorxaraq “Babil dustaqlığı”ndan əziyyət çəkmişdilər. Sonrakı hadisələrdən göründüyü kimi onlar yanılırdılar, e.ə. 539-cu ildə Babilistanı fəth edən Fars hökmdarı Kir yəhudilərə Fələstinə geri dönməyə və orada Farsların hakimiyyəti altında yarı-müstəqil padışahlıq qurmağa icazə verdi. Geri dönənlər vaxt itirmədən Yerusəlim məbədini yenidən inşa etdilər (e.ə 520 – 510-cı illər arasında tamamlandı).
Yunanların hakimiyyəti Onların varisləri e.ə. 332-ci ildə Böyük İskəndərin başçılığı altında yunan ordusu Fələstini işğal edənə qədər farsların təsir dairəsində qaldılar. İskəndərin ölümdən az sonra Fələstin bir-birini əvəz edən yunan dilli hökmdarların hakimiyyəti altına keçdi. E.ə. 168-ci ildə onlardan biri, Antiox Epifanes məbədi təhqir edərək və yəhudi dininə sitayiş etməyi hər kəsə qadağan edərək yəhudi inancını məhv etməyə cəhd göstərdi, lakin bu zalımlıq döyüşçü İyuda Makkabeyin rəhbərlik etdiyi yəhudi üsyanının başlanması ilə nəticələndi. İyirmi il davam edən mübarizədən sonra Fələstin yəhudiləri nəhayət ki, yerli Makkabey sülaləsinin hakimiyyəti altında siyasi müstəqillik qazanmağa nail oldular, lakin bu vəziyyət yalnız e.ə. 63-cü ilə qədər davam etdi.
Romalıların hakimiyyəti Roma generalı Pompey Fələstini Roma protektoratına qaytarmaq üçün sülalənin daxilində yaşanan düşmənçilikdən istifadə etdi. Roma hakimiyyətindən narazı olan yəhudilər bizim eranın 66-cı ilində üsyan başlatdılar, lakin bu Antiox üzərində çalınan qələbəni təkrarlamaq üçün atılan ümidsiz cəhd idi. Bu dəfə onlar qədim imperiyaların ən qüdrətlisi ilə üzləşmişdilər və sahib olduqları hər şeyi itirdilər. 70-ci ildə Roma imperatoru Tit yəhudi üsyanını rəhmsizliklə yatırdı və məbədi dağıtdı, o vaxtdan sonra məbəd bir daha yenidən tikilmədi. Bundan sonra Fələstin tamamilə Roma imperiyasına birləşdirildi və yəhudilər tədricən böyük Roma imperiyasının digər hissələrinə köçdülər. Diaspora yaxud yəhudilərin Fələstindən digər ölkələrə əsrlərlə davam edən miqrasiyası o vaxtdan 20-ci əsrə qədər yəhudilərin mövcudiyyətinin əsas səbəbi olmuşdu.
Din