Kateqoriya:Kimya Kateqoriya:Fizika Kateqoriya:Atomlar thumb|Helium atomunun və onun nüvəsinin ölçülərinin müqayisəsi Atom – kimyəvi elementin xassələrini özündə saxlayan ən kiçik zərrəcik. Hər bir elementin atomu quruluşuna, xassələrinə görə fərqlənir və elementin kimyəvi simvolu ilə işarə olunur (məsələn, hidrogen atomu – H, oksigen atomu – O, mis atomu – Cu və s.). Atom həm sərbəst, həm də rabitəli hallarda mövcuddur. Qaz, maye və bərk cisimlərin xassələri onların tərkibindəki atomların xassələrindən asılıdır. Atomun bütün fiziki və kimyəvi xassələri onun quruluşu ilə müəyyənləşir və kvant qanunlarına tabedir.

Atomlar ifrat dərəcədə kiçikdir, onların ölçüsü, adətən 100 pikometr tərtibində olur. İnsan saçının eni təxminən bir milyon karbon atomuna bərabərdir. Atomlar görünən işığın dalğa uzunluğundan minlərlə dəfə kiçikdir və buna görə də insanlar adi mikroskopla atomları görə bilmirlər. Atom səviyyəsində kvant effektləri meydana çıxdığı üçün klassik fizikanın qanunları keçərli olmur.

Atom nüvə və elektronlardan ibarətdir. Atomun kütləsinin 99, 9%-dən çoxu nüvədə toplanmışdır. Atomun nüvəsi proton və neytronlardan ibarətdir. Protonların elektrik yükü müsbət, neytronlarınkı isə sıfırdır və buna görə də nüvə müsbət yükə malikdir. Elektronlar isə mənfi yüklüdür və bu əks yük sayəsində nüvə ilə rabitə yaradırlar. Müasir təsəvvürlərə görə elektronlar nüvə ətrafında sürətlə hərəkət edərək elektron buludu əmələ gətirir. Proton və elektronların sayı bərabər olduğu üçün atom elektrik cəhətdən neytraldır. Atom elektron verdikdə müsbət yüklü iona (kationa), elektron aldıqda isə mənfi yüklü iona (aniona) çevrilir.

Atomun elektron və protonları elektromaqnit, nüvədəki proton və neytronlar isə nüvə qüvvəsi ilə cəzb olunur. Bu qüvvə adətən protonları bir-birindən itələyən elektromaqnit qüvvəsindən daha güclü olur. Bəzi hallarda itələyici elektromaqnit qüvvəsi nüvə qüvvəsini üstələyir. Bu zaman nüvə parçalanır və müxtəlif elementlər əmələ gəlir. Bu hadisə radioaktiv parçalanma adlanır.

Atomlar öz aralarında kimyəvi rabitə quraraq molekulları əmələ gətirir. Təbiətdə müşahidə olunan əksər kimyəvi dəyişikliklər atomların rabitə yaratma qabiliyyətindən asılıdır. Belə dəyişikliklər kimya elmində öyrənilir.

Atom nəzəriyyəsinin tarixi

Fəlsəfədə Maddənin kiçik bölünməz zərrəciklərdən ibarət olması bir çox antik mədəniyyətlərdə ortaya çıxan qədim fikirdir. "Dünya nədən təşkil olunmuşdur?" sualına ən dərin və ardıcıl cavabı isə ilk dəfə Levkipp və onun dahi şagirdi Demokrit vermiş və onların ardıcılları olan yunan filosofu Epikür və Roma filosof-şairi Lukretsi Kar tərəfindən inkişaf etdirilmişdir. Bu təlimə görə dünyadakı bütün şeylər olduqca kiçik, bölünməz, dəyişməz, əbədi mövcud olan zərrəciklərdən təşkil olunmuşlar. Həmin zərrəcikləri Demokrit atom adlandırmışdır. Atom sözü qədim yunan dilindəki atomosdan törəyib və "bölünməz" deməkdir. Qədimdə "atom" ideyası əsasən fəlsəfi xarakter daşıyırdı. Müasir atom nəzəriyyəsi həmin dövrün köhnə anlayışlarına əsaslanmır. 19-cu əsrin əvvəlində ingilis alimi Con Dalton maddənin həqiqətən də diskret vahidlərdən ibarət olduğunu sübuta yetirmiş və həmin vahidləri adlandırmaq üçün atom sözündən istifadə etmişdir.

Daltonun sadə nisbətlər qanunu thumb|254x254px|Kimya fəsəfəsinin yeni sistemi əsərində müxtəlif atom və molekulların təsviri (Con Dalton, 1808) 1800-cü illərin əvvəlində C. Dalton atom hipotezini rəhbər tutaraq özünün və başqa alimlərin əldə etdiyi təcrübi faktlara əsaslanmaqla həndəsi nisbətlər qanununu irəli sürmüşdür. Bu qanuna görə əgər iki element bir-birilə bir neçə birləşmə əmələ gətirirsə, həmin elementlərdən birinin eyni miqdarına digərinin elə miqdarı düşür ki, onların bir-birinə nisbəti sadə tam ədədlərin nisbəti kimi olur. Məsələn, azot oksidlərində belə olur: diazot-monooksid 63,3% azot, 36,7% oksigendən; azot-monooksid 44,05% azot, 55,95% oksigendən; azot-dioksid isə 29,5% azot, 70,5% oksigendən ibarətdir. Deməli, diazot-monooksiddə hər 140 q azot üçün 80 q oksigen, azot-monooksiddə hər 140 q azot üçün 160 q oksigen, azot-dioksiddə isə hər 140 q azot üçün 320 q oksigen düşür. Beləliklə, 80, 160 və 320 1:2:4 nisbətini təşkil edir. Bu oksidlər üçün müvafiq formullar N2 O, NO, NO2 şəklində olur.

Dalton atom kütlə vahidi kimi hidrogenin atom kütləsini qəbul edərək bəzi kimyəvi elementlərin nisbi atom kütlələrinin ilk cədvəlini vermiş, atomları işarə etmək üçün ilk dəfə içərisi müxtəlif formada doldurulmuş dairə simvollarını təklif etmişdir. O kimyəvi atomistikanın müddəalarını Kimya fəlsəfəsinin yeni sistemi əsərində ifadə etmişdir.

Elektronun kəşfi 1897-ci ildə Cozef Tomson katod şüalarının elektrik və maqnit sahəsində meylinə əsasən onların mənfi yüklü zərrəciklərdən ibarət olduğunu kəşf etmişdir. O, həmin mənfi yüklü hissəciyi əvvəlcə korpuskul adlandırmış, lakin elektrik enerjisinin daşıyıcısı olduğu məlum olduqdan sonra Corc Stoni ona elektron adını vermişdir. Həmçinin, Tomson elektronların fotoelektrik və radioaktiv materiallardan ayrılan zərrəciklərlə eyni olduğunu göstərmişdir. O elektrik cərəyanını elektronların bir atomdan digərinə keçməsi ilə, cərəyanın olmamasını isə elektronların atomda bağlı halda qalması ilə izah edirdi. Bu da öz növbəsində atomların alimlərin düşündüyü kimi bölünməz olmadığını göstərirdi. Atom eyni sayda müsbət və mənfi yüklərdən ibarət idi və beləliklə də elektrik cəhətdən neytrallığını qoruyurdu. Tomsonun izahına görə ionlar elektron çoxluğuna və ya azlığına malik olan atomlar olmalıdır.J. J. Thomson (1907). On the Corpuscular Theory of Matter, p. 26: "Bu nəticələrin ən sadə şərhi ondan ibarətdir ki, müsbət ionlar müxtəlif elementlərin bir və ya bir neçə korpuskulu çıxarılmış atomları və ya atom qruplarıdır, […], mənfi elektrikləşdirilmiş cisim isə elektrikləşdirilməmişdən daha artıq korpuskula malik olan cisimdir."

Nüvənin kəşfi thumb|Sol. Atomun Tomson modelinə görə alfa zərrəcikləri atomdan faktiki olaraq meyllənmədən keçməlidir Sağ. Geyger-Marsden təcrübəsinin nəticələri: bəzi alfa zərrəciklərinin böyük bucaq altında səpilməsi atomda kiçik, müsbət yüklü, həddən artıq sıx nüvənin olduğunu göstərir Atomdakı elektronlar məntiqi olaraq mütənasib miqdarda müsbət yüklə tarazlaşmalı idi, lakin Tomson həmin müsbət yükün haradan qaynaqlandığını bilmirdi, ona görə də o müsbət yüklərin kürə formalı atomun hər yerində olduğunu irəli sürürdü. Bu mövcud sübutlara uyğun gələn riyazi cəhətdən ən sadə fərziyyə idi. Tomson buradan çıxış edərək elektrostatik qüvvələrin elektronları kürə boyunca az-çox bərabər paylayacağını təsəvvür edirdi. Tomson modeli gavalılı pudinq modeli kimi də məşhurlaşmışdır, ancaq nə Tomson, nə də onun məsləkdaşları bu analogiyadan istifadə etməmişdir.

Atomun Tomson modeli bəzi hadisələri, məsələn, atomun ionlaşması, elektroliz, kimyəvi elementlərin dövri sistemi və s. izah etməyə imkan verdi. Lakin bu model elementlərin şüalanma spektrini, valentliyi, radioaktivliyi, elektromaqnit hadisələrini və s. izah edə bilmədi.

1908–1913-cü illər arasında Ernest Rezerford və onun həmkarları Hans Geyger və Ernest Marsden nazik metal folqaları alfa-zərrəciklərlə bombardman edərək silsilə təcrübələr həyata keçirdilər. Buradakı məqsəd α-zərrəciklərin necə səpildiyini yoxlamaq idi. Təcrübələrdən məntiqi olaraq gözlənilirdi ki, α-zərrəciklər atomla qarşılaşdıqda onların əksəriyyəti səpilməyə məruz qalmalıdır. Çünki Tomson modelinə əsasən, atomun bütün həcmi bərabər sıxlıqda paylanmış müsbət yüklü kütlədən ibarətdir. Lakin təcrübədən gözlənilməz hadisə müşahidə olundu: qızıl atomları üzərinə düşən α-zərrəciklərin əksəriyyəti istiqamətini dəyişmədən folqanı keçir, bəziləri müəyyən bucaq altında səpilir, çox nadir halda (hər 2000 zərrəcikdən biri) folqadan 180° əks edərək geri qayıdırdı.Hans Geiger; Ernest Marsden (1909). "On a Diffuse Reflection of the α-Particles". Proceedings of the Royal Society of London A. 82 (557): 495–500. Yalnız yüksək kütlə ilə sabitləşmiş bu cür yük konsentrasiyası α zərrəciklərini meylləndirən elektrik sahəsini meydana gətirə bilərdi.Heilbron (2003). Ernest Rutherford and the Explosion of Atoms, pp. 64–68

Beləliklə, bu təcrübədən alınan nəticələrə əsasən atomun Tomson modelinin doğru olmadığı müəyyənləşdirildi. Rezerforda görə, atom kütləsinin böyük hissəsi və müsbət yükü atomun bütün həcmində deyil, mərkəzində yerləşir. Elektronlarla müsbət yüklər arasında boşluq mövcuddur. Rezerford atomun müsbət yüklərinin cəmləşdiyi çox kiçik hissəsini atomun nüvəsi adlandırdı. Beləliklə, Rezerford modelinə görə atom aşağıdakı quruluşa malikdir:

Atomun demək olar ki, bütün kütləsi onun nüvəsində toplanmışdır və onun ölçüsü atomun ölçüsü ilə müqayisədə çox kiçikdir. Sonralar müəyyən olundu ki, nüvənin diametri ≈10−15 m-dir. Atom nüvəsi müsbət yükə (𝑞N) malik olub e elementar yükün elementin dövri sistemdəki Z sıra nömrəsi ilə hasilinə bərabərdir: Elektronlar nüvə ətrafında dairəvi orbitlər üzrə hərəkət edir. Neytral atomda elektronların sayı Z-ə bərabərdir. Bu model Günəş sisteminə bənzədiyindən ona atomun planetar modeli də deyilir.

Lakin bu model atomun davamlı mövcud olmasını izah etməkdə çətinliklə üzləşdi. Klassik mexankiaya görə çevrə üzrə hərəkət təcilli hərəkət olduğundan atomdakı elektronlar fasiləsiz olaraq fırlanma tezliyinə bərabər tezlikdə elektromaqnit dalğaları şüalandırmalıdır. Bunun nəticəsində elektronun kinetik enerjisi sürətlə azalmalı və get-gedə aşağı orbitlərə keçməli və nəhayət, nüvə üzərinə düşməlidir – atomun varlığına son qoyulmalıdır. Əslində isə atom sistemi davamlı olaraq mövcuddur.

Bor modeli thumb|Atomun Bor modeli. Elektron enerjini udaraq və ya şüalandıraraq bir orbitdən digərinə ani "kvant sıçrayışları" edir Rezerfordun izah edə bilmədiyi bu çətin vəziyyətdən çıxış yolunu 1913-cü ildə danimarkalı fizik Nils Bor göstərdi. Bor atomun dayanıqlığını və onun bir çox xassələrini elektronların atomda hərəkətinə bəzi məhdudiyyətlər qoymaqla izah etdi. O, aşağıdakı postulatlar (isbatsız qəbul olunmuş müddəalar) əsasında atomun planetar modelinin çətinliklərini kvant təsəvvürləri əsasında aradan qaldırdı:

Birinci postulat: atomlar yalnız hər birinə müəyyən enerji uyğun gələn xüsusi stasionar hallarda və ya kvant hallarında ola bilər. Stasionar halda atom elektromaqnit dalğaları şüalandırmır və udmur.

İkinci postulat: atom böyük enerjili stasionar haldan kiçik enerjili stasionar hala keçdikdə şüalanma baş verir. Bu zaman elektron uzaq orbitdən nüvəyə yaxın orbitə keçir. Əksinə, atom enerji udduqda kiçik enerjili stasionar haldan böyük enerjili stasionar hala keçir. Bu zaman elektron nüvəyə yaxın orbitdən uzaq orbitə keçir.

Protonun kəşfi Hələ 1815-ci ildə Uilyam Prut bir çox elementlərin atom çəkisinin hidrogenin atom çəkisinin tam mislinə bərabər olduğunu müşahidə etmişdir. 1898-ci ildə C. Tomson elektronun yükünü hesablayıb, birinci dəfə, e=3·10−10 müt.el.yük vahidi nəticəsini almışdır. Sonra Tomson elektronun yükünü təyin etmək üçün daha dəqiq qurğu düzəldib (1899) ultrabənövşəyi şüalarla ionlaşma aparmışdır. Bu təcrübədən o, e=6,8·10−10 müt.el.yük vahidi nəticəsini almışdır. 1913-cü ildə Henri Mozli rentgen şüalarının atomdan yayılma tezliyinin atom nömrəsinin və hidrogenin nüvə yükünün riyazi funksiyası olduğunu kəşf etmişdir. 1919-cu ildə Rezerford azot qazını α-zərrəciklərlə bombardman etmiş və α-zərrəciklərin azot nüvəsinin hidrogen atomuna bənzəyən müsbət yüklü zərrəciklərdən meydana gəldiyini göstərirdi.

Bu müşahidələrlə Rezerford hidrogen nüvəsinin elektrondan və ona əks olan vahid müsbət zərrəcikdən ibarət olması qənaətinə gəldi.The Development of the Theory of Atomic Structure (Rutherford 1936). Reprinted in Background to Modern Science: Ten Lectures at Cambridge arranged by the History of Science Committee 1936: