Ədalət, Hüquq, Demokratiya Partiyası və ya qısaca ƏHD Partiyası, həmçinin, 16 mart 2024-cü il tarixinədək Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası və ya qısaca BAXCP — Azərbaycanda fəaliyyət göstərən milliyətçi, sağ mərkəzçi siyasi partiya. Partiya Azərbaycan Xalq Cəbhəsi Partiyasının xələfi olduğunu iddia edir. Qurucusu və hazırkı sədri Qüdrət Həsənquliyevdir.

Ədalət, Hüquq, Demokratiya Partiyası qurulduğu gündən bəri bütün bələdiyyə və parlament seçkilərində iştirak etmişdir. Partiya Azərbaycan Milli Məclisinin II, III, IV, V və VI çağırışlarında 1 deputatla — Qüdrət Həsənquliyev ilə təmsil olunmuşdur.

Ədalət, Hüquq, Demokratiya Partiyasını Mərkəzi Seçki Komissiyasında 2010-cu ildən bəri Mikayıl Rəhimov təmsil edir. O, həmçinin, 2011-ci ildən bəri komissiya katibi vəzifəsini də daşıyır. 2006–2010-cu illərdə isə partiya Demokratik İslahatlar Partiyası nümayəndəsi Tamam Cəfərovanın üzvlüyünə dəstək vermiş və beləcə Tamam Cəfərova həm də keçmiş adı ilə BAXCP-ni təmsil etmişdir.

Partiyanın sıralarında indiyədək Azərbaycan Milli Qəhrəmanı Maşallah Abdullayev, keçmiş Laçın dağ-atıcı alayının ilk komandiri Arif Paşa, jurnalist Elçin Mirzəbəyli, Ali Məclisin sabiq deputatları Bünyamin Qəmbərli, Fərəc Yusifbəyli və Mikayıl Rəhimov, hüquqşünas, professor Məhəmməd İmanlı kimi şəxslər təmsil olunmuşdur.

Ədalət, Hüquq, Demokratiya Partiyası indiyədək 7 qurultay keçirmiş və 1 sədr seçmişdir.

Ədalət, Hüquq, Demokratiya Partiyası 2015–2020-ci illərdə Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının tamhüquqlu üzvü olmuşdur. Partiya, həmçinin, Azərbaycanda yaradılmış "İslahat" Seçki Blokunun təsisçilərindən və 2010–2013-cü illərdə üzvlərindən biri olmuşdur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən keçmiş adı ilə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvlərinin 75%-i kişi, 25%-i isə qadın olmuşdur.

Tarixi

Parçalanma və birləşmə cəhdi 4 iyun Gəncə qiyamının ardınca Azərbaycan Xalq Cəbhəsi sədri, Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy paytaxtı tərk edərək doğulduğu Kələki kəndinə getmişdir. Çevrilişin lideri Surət Hüseynov Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev ilə ittifaq yaratmışdır. Heydər Əliyev 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmişdir. 21 iyun 1993-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyə müraciət edərək onu öz işinə geri çağırmışdır. 24 iyun 1993-cü ildə isə Əbülfəz Elçibəy fəaliyyətini icra edə bilmədiyi üçün prezidentin səlahiyyətləri müvəqqəti olaraq Heydər Əliyevə ötürülmüşdür. Heydər Əliyev 30 iyul 1993-cü ildə qiyamçı Surət Hüseynovu Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin etmişdir. Heydər Əliyev daha sonra növbədənkənar prezident seçkiləri təyin etmişdir. 3 oktyabr 1993-cü ildə keçirilən prezident seçkilərində 3 namizəd arasından Heydər Əliyev 98,6% səs toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

Baş verən bu hadisələr Azərbaycan Xalq Cəbhəsi daxilində də gərginliklərə və qruplaşmalara səbəb olmuşdur. Belə ki, təşkilat daxilində Yurd İctimai Birliyi bazasından gələn qrup birgə fəaliyyət göstərməyə başlamışdır. Kütləvi informasiya vasitələrində "yurdçular" olaraq tanınan bu qrup daha sonralar "islahatçılar" olaraq adlandırılmağa başlandı. Bu qrupun təmsilçiləri o dövrdə parlament jurnalisti olan, daha sonra isə AXC sədrinin birinci müavini olan Əli Kərimli, AXC Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli, AXC-nin sədr müavinləri Asim Mollazadə və Cəmil Həsənli, Rəyasət Heyəti üzvü Qüdrət Həsənquliyev kimi şəxslər idi. Digər bir qrup olan "klassiklər"də isə AXC-nin sədr müavini Mirmahmud Mirəlioğlu, daha sonralar yaradılan AXCP Gənclər Komitəsinin ilk sədri Oqtay Güləliyev, baş nazirin sabiq müavini Kamil Vəli Nərimanoğlu, sabiq nazir İsa Bağırov, müğənni Flora Kərimova, hüquq müdafiəçisi Novella Cəfəroğlu kimi şəxslər təmsil olunmuşdur.

Azərbaycan Respublikası Ali Sovetinin səlahiyyət müddəti tamamlandıqdan sonra həm yeni və ilk dəfə hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyasının qəbulu ilə bağlı referendum, həm də Azərbaycan Respublikasının Milli Məclisinin təsis edilərək bu quruma millət vəkillərinin seçilməsi üçün parlament seçkiləri keçirilməsi qərarlaşdırıldı. 125 deputatdan 100-nün majoritar, 25-nin isə ümumrespublika üzrə vahid proporsional sistemlə seçildiyi 1995-ci parlament seçkilərində rəsmi şəkildə siyasi partiyaların iştirakına icazə verilsə də, ictimai təşkilatların iştirakı qanunda yerini tapmadı. Bu səbəbdən "yurdçular" Azərbaycan Xalq Cəbhəsinin partiyalaşması üçün fəaliyyətə keçdilər. Nəticədə 25 may 1995-ci ildə qurultay çağırıldı. Azərbaycan Xalq Cəbhəsi bu qurultayda partiyalaşaraq Azərbaycan Xalq Cəbhəsi Partiyasına çevrildi. 1 sentyabr 1995-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındı. Bundan sonra isə Əli Kərimlinin liderlik etdiyi "islahatçılar" və Mirmahmud Mirəlioğlunun liderlik etdiyi "klassiklər" arasında mübarizə daha da şiddətlənməyə başlamışdır

Əbülfəz Elçibəy 1997-ci ildə Kələkidən Bakıya qayıtmış və siyasi fəaliyyətinə davam etmişdir.Elçibəyin qayıdışından sonra partiya daxilində çəkişmələr şiddətlənmişdir. Belə ki, "klassiklər" "islahatçılar"ın lideri, sədrin birinci müavini Əli Kərimliyi Elçibəyin fəaliyyətini məhdudlaşdırmaqla və səlahiyyətlərindən sui-istifadə etməklə günahlandırırdı. Partiya daxilində uzun müddət çəkişmələr, problemlər və münaqişələr davam etdi. 2000-ci il parlament seçkiləri ərəfəsində proporsional siyahının tərtibi səbəbi ilə bu problemlər pik həddə çatmışdır. O ərəfədə Əbülfəz Elçibəyə prostat xərçəngi diaqnozu qoyulmuş və o, 2000-ci ilin avqustunda müalicə almaq üçün Ankara şəhərinə getmişdir. 19 iyun 2000-ci ildə "klassiklər" partiyanın bir sıra rayon təşkilatlarının iştirakı ilə müşavirə çağırdı. Bu isə artıq problemlərin həllinin mümkün olmadığını göstərirdi. "İslahatçılar" qanadının mənsubu olsa da, Qüdrət Həsənquliyev bu müşavirədə iştirak etmiş və üzvləri parçalanmağa mane olmağa səsləmişdir. Əbülfəz Elçibəy 22 iyul 2000-ci ildə Ankarada öldü. Bundan sonra partiya de-fakto iki qanada parçalanmışdır.

Azərbaycan Xalq Cəbhəsi Partiyası 2000-ci il parlament seçkilərindən əvvəl yenidən təşkil olunan Mərkəzi Seçki Komissiyasına Qüdrət Həsənquliyev və Adil Minbaşını namizəd göstərmiş və onlar 18 iyul 2000-ci ildə Mərkəzi Seçki Komissiyasının üzvü seçilmişdirlər.

28–29 oktyabr 2000-ci ildə "klassiklər" qanadı qurultay çağırmış və partiyanın II (IV) Qurultayında Mirmahmud Mirəlioğlu Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri seçilmişdir. Əli Kərimli 2001-ci ilədək Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin vəzifələrini icra etmiş, 2001-ci ildə isə partiyanın II (IV) Qurultayını keçirərək partiya sədr seçilmişdir. Azərbaycan Milli İstiqlal Partiyası və bir sıra digər təşkilatlar isə bu qanadı rəsmi partiya olaraq tanıdı.

Qüdrət Həsənquliyev "islahatçılar" qanadından olsa da 2001-ci ildə hər iki qanadı birləşdirmək üçün fəaliyyətə keçirmişdir. Bu cəhd Azərbaycan Demokrat Partiyası və Müsavat Partiyası tərəfindən "hakimiyyətin planı" olaraq qiymətləndirilmiş və məqsədinin "müxalifəti parçalamaq" olduğu qeyd olunmuşdur. Başlanğıcda bu cəhd "islahatçılar"ın dəstəyini alsa da, daha sonra sədr Əli Kərimli "bu işdə qaranlıq məqamların" olduğunu söyləyərək geri çəkilmişdir. Daha sonra "klassiklər"lə aktiv əlaqələr yaradan Qüdrət Həsənquliyev onları razı sala bilmişdir, lakin Mirmahmud Mirəlioğlu bu cəhdə etiraz etmişdir.

Birləşmənin gerçəkləşməsi üçün qurultay qərarı alındı və bu məqsədlə Birləşdirici Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi yaradıldı. Azərbaycan Xalq Cəbhəsi Partiyasının bəzi rayon təşkilarları bu komitəyə qoşulduğunu elan etdi. 19 avqust 2002-ci ildə Şəhriyar adına Mədəniyyət Sarayında Azərbaycan Xalq Cəbhəsi Partiyasının Birləşdirici Qurultayı keçirilmişdir. Qurultayda partiyanın yeni Nizamnamə və Məramnaməsi qəbul edilmişdir. Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin həmsədri Qüdrət Həsənquliyev alternativ əsaslarla və gizli səsvermə yolu ilə birləşmiş partiyanın sədri seçilmişdir. Qurultaydan sonra müvafiq sənədlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmuş və birləşmiş Azərbaycan Xalq Cəbhəsi Partiyasını AXCP-nin yeganə hüquqi varisi olaraq tanınmışdır. Daha sonra ABŞ Dövlət Departamentinin və beynəlxalq təşkilatların etirazı ilə partiyanın dövlət qeydiyyatı ləğv olunmuşdur.

Birləşmiş Azərbaycan Xalq Cəbhəsi Partiyası 2002-ci ildə Azərbaycan Təkamül Partiyası ilə birgə Milli Demokratik Qüvvələr Birliyini təsis etmişdir.

Qüdrət Həsənquliyev 2003-cü əlavə parlament seçkilərində 69 saylı İsmayıllı seçki dairəsindən Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü olaraq deputatlığa namizəd olmuşdur. Qanuna əsasən Mərkəzi Seçki Komissiyası üzvləri heç bir siyasi partiyaya üzv ola bilməz və deputatlığa namizəd ola bilməz. Lakin komissiya üzvü Qüdrət Həsənquliyev deputatlığa namizəd olmaq istədiyi üçün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 21 fevral 2003-cü il tarixli 1170 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü vəzifəsindən azad edilmişdir. Seçki nəticələrinə əsasən 69 saylı İsmayıllı seçki dairəsi üzrə Qüdrət Müzəffər oğlu Həsənquliyev səslərin 70,73%-ni toplayaraq deputat seçilmişdir.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası dövrü (2004–2024) Azərbaycan Xalq Cəbhəsi Partiyası adı üzərində problemlərin həll olunmayacağı anlaşıldıqdan sonra dövlət qeydiyyatı ilə bağlı yaranmış problemin həlli məqsədilə 2004-cü ildə yeni konfrans çağrılmışdır. 3 aprel 2004-cü ildə birləşmiş AXCP-nin, yeni adı ilə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının Təsis Konfransı keçirilmişdir. Konfransda Bütöv Azərbaycan ideologiyasını sahiblənən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası təsis olundu. Partiya özünü Azərbaycan Xalq Cəbhəsinin ideoloji davamçısı olaraq qəbul etmişdir. Konfransda deputat Qüdrət Həsənquliyev partiya sədri seçilmişdir. Elçin Mirzəbəyli isə partiyanın xarici əlaqələr üzrə katibi olmuşdur. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin media üzrə köməkçisi olmuş Vüsalə Mahirqızı isə partiyanın mətbu orqanı olan "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru təyin edilmişdir.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 15 avqust 2005-ci ildə Ədliyyə Nazirliyi tərəfindən rəsmi dövlət qeydiyyatına alınmışdır. Partiya rəsmi olaraq qeydiyyata alındıqdan sonra Azərbaycan Respublikasının Milli Məclisində 1 deputatla, yəni Qüdrət Həsənquliyev ilə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisində də 1 deputatla, yəni Fərəc Yusifbəyli ilə təmsil olundu.

BAXCP 2005-ci parlament seçkilərinə müstəqil şəkildə, yəni seçki bloklarıma qoşulmadan Milli Demokratik Qüvvələr Birliyi ilə qatılmışdır. BAXCP seçkilərdə sadəcə Azərbaycan Təkamül Partiyası namizədlərini dəstəkləmiş, özünün 64 namizədini irəli sürmüş, onlardan isə 19-u qeydə alınmışdır. BAXCP-yə seçkidə əməkdaşlıqla bağlı Böyük Quruluş Partiyası tərəfindən təklif gəlsə də bu qəbul olunmamışdır. Seçkilərin nəticəsinə əsasən partiya 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsi üzrə sədr Qüdrət Həsənquliyevin qələbə qazanması ilə 1 mandat qazanmış və beləliklə, qurulduqdan 1 il sonra parlamentdə təmsil olunma haqqını qazanmışdır. Seçkilərdən sonra Azərbaycan Təkamül Partiyası seçki nəticələrinə etiraz etmiş və Azadlıq Blokunun etirazlarına qoşulmuşdur. Qüdrət Həsənquliyev isə seçkilərin demokratik keçirildiyini söyləmişdir. Bu birlik daxilində fikir ayrılığına səbəb olmuşdur.