Elxan Əlisəttar oğlu Babayev () — musiqişünas, sənətşünaslıq doktoru (1999), professor (1994). ABİ və Musiqi Xadimləri İttifaqının üzvü.

Həyatı Elxan Babayev Üzeyir Hacıbəyov adına ADK-nın ifaçılıq və musiqişünaslıq fakültələrini (1971, 1973) bitirmişdir. 1978-ci ildən ADK-da çalışmışdır (1993–2003 illərdə BMA-nın tədris işləri üzrə prorektoru).

Elxan Babayev 1981–1984-cü illərdə P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasının musiqi nəzəriyyəsi kafedrasının dissertantı olmuşdur. 1985-ci ildə Moskva Dövlət Konservatoriyasında Azərbaycan dəstgahlarının ritmikası (elmi rəhbər sənətşünaslıq doktoru, professor V. N. Xolopova) mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

Elmi yaradıcılığı genişdir: bir neçə elmi monoqrafiyaların, 80-dan artıq elmi, elmi-metodik, elmi-publisistik məqalələrin, teleradio verilişlərinin müəllifidir. Tbilisi, Düşənbə, Almatı, Moskva, Bağdad, Ankara, Köln, Çikaqo, Tehran şəhərlərində keçirilən beynəlxalq elmi simpozium və konqreslərdə məruzələr etmiş, mühazirələr oxumuşdur.

Elmi əsərlərinə görə musiqişünasların B. Asafyev adına beynəlxalq müsabiqəsinin və "Humay" mükafatının laureatı olmuşdur.

Əsas elmi maraq dairəsi Azərbaycan muğamlarının intonasiya və ritm xüsusiyyətlərinin tədqiqi ilə bağlıdır. Bu mövzuda "Azərbaycan muğam dəstgahlarının ritmikası" (1990), "Azərbaycan muğam dəstgahlarında ritm-intonasiya problemləri" (1996), "Şifahi ənənəli Azərbaycan musiqisində intonasiya problemləri" (1998) kitabları və çoxsaylı elmi məqalələri çap olunmuşdur.

İstinadlar

Xarici keçidlər Musiqişünaslar Unudulmaz müəllim və tanınmış musiqişünas

Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Musiqişünaslar Kateqoriya:Azərbaycan Milli Konservatoriyasının məzunları Kateqoriya:Azərbaycanlı alimlər