Xudafərin körpüləri və ya Xudafərin körpüsü — Araz çayı üzərində, Azərbaycanın Cəbrayıl rayonu ilə İranın Şərqi Azərbaycan ostanı arasında yerləşən iki tarixi tağlı körpüdür. 11 və 15 aşırımlı körpülərdən ibarət olan abidələr Arazın şimal və cənub sahillərini birləşdirən tarixi keçiddə yerləşir. Orta əsrlərdə keçid ticarət yolları və hərbi yürüşlər baxımından əhəmiyyət daşımışdır.
Körpülərin ilkin tikilmə tarixləri və sonrakı yenidənqurma mərhələləri haqqında müxtəlif elmi fikirlər mövcuddur. XIV əsr coğrafiyaşünası Həmdullah Qəzvini Xudafərin körpüsünün tikintisini VII əsrdə ərəb yürüşləri ilə əlaqələndirmişdir. Memarlıq tarixçisi Kamil Məmmədzadə isə 15 aşırımlı körpünün mövcud memarlıq quruluşunu XII əsrə, 11 aşırımlı körpünün yenidən qurulmasını XIII əsrə aid etmişdir.
Hər iki körpü Azərbaycan Respublikasında dövlət mühafizəsinə götürülmüş dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələridir. 2021-ci ildə "Xudafərin körpüləri və əlaqəli abidələr" adı ilə UNESCO-nun Ümumdünya İrsinin İlkin Siyahısına daxil edilmişdir.
Yerləşməsi və əhəmiyyəti
Xudafərin körpüləri Araz çayının yatağında iri təbii qaya çıxıntılarının yerləşdiyi Xudafərin dərəsində inşa edilmişdir. Qayalar körpülərin dayaqları üçün təbii əsas yaratmış, tikililərin planı və aşırımlarının ölçüləri çay yatağının relyefinə uyğunlaşdırılmışdır.
11 aşırımlı körpü qərbdə, 15 aşırımlı körpü isə şərqdə yerləşir. Körpülər arasındakı məsafə UNESCO-ya təqdim edilmiş sənəddə 750 metr, Məmmədzadənin araşdırmasında isə təxminən 800 metr göstərilir.
Keçid Arazın cənubundakı ərazilərlə Qarabağ və Arran arasında əlaqələrin təmin edilməsində mühüm rol oynamışdır. Körpülərin yerləşdiyi ərazi müxtəlif dövrlərdə karvan yolları, ticarət əlaqələri və hərbi hərəkətlərlə bağlı olmuşdur.
Tarixi Erkən orta əsrlər haqqında məlumatlar
Xudafərin körpüsünün tikilməsi haqqında yazılı xəbərlərdən biri Həmdullah Qəzvininin XIV əsrdə qələmə aldığı "Nüzhət əl-qülub" əsərində qorunmuşdur. Müəllifin məlumatına görə, hicri 15-ci ildə (636–637) Bəkr ibn Abdullah Araz üzərində Xudafərin körpüsünü tikdirmişdir.
Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm" əsərində də körpünün tikintisini Bəkr ibn Abdullahla əlaqələndirmişdir. Onun məlumatı hicri 22-ci il (643–644) hadisələrinin təsviri daxilində verilir.
Bu xəbərlər arasında tarix fərqi mövcuddur. Onlar Xudafərin ərazisində erkən orta əsrlərdə körpü tikilməsi haqqında tarixi ənənəni əks etdirsə də, qorunmuş körpü konstruksiyalarının VII əsrə aid olduğunu birbaşa təsdiqləmir.
Kamil Məmmədzadə Qəzvininin məlumatını VII əsrdə Xudafərin keçidinin təşkil edilməsi ilə əlaqələndirmişdir. Onun fikrincə, ərəb qoşunları hərbi yürüş şəraitində çay yatağındakı təbii qayalardan istifadə edərək keçid yarada bilərdilər. Məmmədzadə mövcud 15 aşırımlı körpünün memarlıq quruluşunun VII əsrə aid edilməsini qəbul etməmişdir.
XI–XIII əsrlər
Şəddadilər dövlətinin hökmdarı Fəzl ibn Məhəmmədin Araz üzərində körpü tikdirməsi haqqında məlumat Münəccimbaşının "Cami əd-düvəl" əsərində qorunmuşdur. Vladimir Minorskinin nəşr etdiyi ərəbcə mətndə bildirilir ki, hicri 418-ci ildə (1027) Fəzl Araz üzərində körpünün tikilməsini əmr etmişdir. Tikili hökmdarın mühüm yadigarlarından biri kimi xatırlanır.وفي سنة ٤١٨ أمر الفضل ببناء قنطرة على نهر الرس وهي أثر عظيم منه
Ərəbcə mətndə körpü haqqında aşağıdakı ifadə verilir: "Hicri 418-ci ildə Fəzl Araz çayı üzərində körpü tikilməsini əmr etdi. Bu körpü onun böyük yadigarlarından biridir."
Minorski həmin körpünün Xudafərin olması ehtimalını irəli sürmüşdür. O, bu eyniləşdirməni keçidin Qarabağla Arazın cənubundakı Qaradağı birləşdirən mövqeyi və Şəddadilərin cənub istiqamətindəki mümkün siyasi maraqları ilə əsaslandırmışdır.
Minorski əlavə arqument kimi Həmdullah Qəzvininin əsərindəki "Gilan-i Fadlun" adlı ərazini göstərmişdir. Qəzvininin Qay Le Strenc tərəfindən hazırlanmış ingiliscə tərcüməsində isə həmin yer adı "Kilan Faslun" şəklində verilir və Talış ölkəsinin təxminən 50 kənddən ibarət nahiyəsi kimi təsvir olunur.
Minorski əsərinin başqa hissəsində körpünün tikintisini hicri 421-ci ilə (1030) aid etmişdir. Lakin onun nəşr etdiyi ərəbcə mətnin müvafiq hissəsində körpünün tikilməsi hicri 418-ci il, 421-ci ilin hadisələri isə Fəzlin oğulları arasındakı münaqişə ilə əlaqələndirilmişdir.
Münəccimbaşının nəşr edilmiş mətnində körpünün Xudafərin adlandırılması və onun mövcud iki Xudafərin körpüsündən hansı ilə eyniləşdirilməsi haqqında məlumat verilmir.
Xudafərin körpüsünün adı XIII əsrin əvvəllərində yazılmış "Laşa Georgi dövrünün salnaməçisi" adlı gürcü mənbəsində də çəkilir. "Kartlis tsxovreba" toplusuna daxil olan əsərdə Böyük Tamaranın hakimiyyəti dövründə Zaxariya və İvane Mxarqrdzelilərin yürüşləri təsvir edilərkən qoşunların Xudafərin körpüsünədək irəlilədiyi bildirilir. Mənbədə "ხუაფრიდისა ჴიდამდის" ("Xudafərin körpüsünədək") ifadəsi işlədilir.
Minorski bu məlumatı 1210-cu il Ərdəbil yürüşü ilə əlaqələndirmişdir. Lakin gürcü salnaməsində körpüyədək irəliləmə qeyd edilir, körpünün üzərindən keçilməsi isə birbaşa bildirilmir. Ərdəbil yürüşü salnamənin başqa hissəsində təsvir olunur.
Kamil Məmmədzadə müqayisəli memarlıq təhlili əsasında 15 aşırımlı körpünün mövcud quruluşunu XII əsrə, Eldənizlər dövləti dövrünə aid etmişdir. Onun fikrincə, körpünün sonrakı təmirləri əvvəlki konstruksiyaların bərpası xarakteri daşımışdır.
Məmmədzadə 11 aşırımlı körpünün yerində daha qədim tikilinin mövcud olmuş ola biləcəyini və onun XIII əsrdə Elxanilər dövləti dövründə yenidən qurulduğunu ehtimal etmişdir. Müəllif bu fikri həmin dövrdə Araz üzərindən hərbi hərəkətlərin intensivliyi ilə əsaslandırmışdır.
XVIII–XIX əsrlər
Abbasqulu ağa Bakıxanovun "Gülüstani-İrəm" əsərindəki məlumata görə, 1795-ci ildə Ağa Məhəmməd xan Qacarın Qarabağa yürüşü ərəfəsində İbrahimxəlil xan İran qoşunlarının Arazı keçməsinin qarşısını almaq məqsədilə Xudafərin körpüsünü dağıtdırmışdı. Ağa Məhəmməd xan körpünü təmir etdirərək Pənahabad (Şuşa) üzərinə yürüş etmişdi.
Bakıxanov dağıdılmış hissələrin sayını və təmirin texniki xüsusiyyətlərini göstərmir. Məlumatın iki Xudafərin körpüsündən hansına aid olduğu müəyyənləşdirilməmişdir.
Bakıxanovun məlumatına görə, XIX əsrin əvvəllərində Qacar qoşunları Qarabağa yürüşlər zamanı Xudafərin keçidindən istifadə etmişlər. O, 1806-cı ilin hadisələrini təsvir edərkən Abbas Mirzənin Xudafərin körpüsündən keçdiyini bildirmişdir.
1812-ci ilin martında körpü yenidən hərbi hadisələrlə əlaqədar xatırlanmışdır. Nikolay Dubrovinin məlumatına görə, Qacar qüvvələri Xudafərin körpüsünü Arazdan keçmək məqsədilə təmir etmişdilər. Polkovnik Pyotr Kotlyarevski tabeliyindəki Jivkoviçin dəstəsinə 15 martda körpünü tutmağı tapşırmışdı.
Arazda suyun səviyyəsinin yüksəlməsi səbəbindən başqa keçidlərdən istifadə edə bilməyən Kotlyarevski Xudafərin körpüsünə yaxınlaşdıqda onun Qacar qüvvələri tərəfindən dağıdılmış vəziyyətdə olduğunu müəyyənləşdirmişdir. Dubrovin dağıntının dəqiq gününü və hansı tağların dağıdıldığını göstərmir.
23 aprel 1827-ci il tarixli raportunda general-mayor Nikolay Pankratyev Xudafərin keçidindəki "aşağı körpü"nün üç tağının dağılmış vəziyyətdə olduğunu bildirmişdir. Raporta görə, əvvəlki komandan Valerian Madatov körpünün təmirini planlaşdırmış, Pankratyev isə həmin keçidi hərbi baxımdan əlverişsiz sayaraq başqa keçid axtarmağı qərara almışdır. Raportda "aşağı körpü"nün hansı tikili olduğu göstərilmir. 1827-ci ildəki zədələnmənin 1812-ci ildə baş vermiş dağıntı ilə əlaqəsi də təsdiqlənməyib.
Sonrakı tarixi
23 avqust 1993-cü ildə Birinci Qarabağ müharibəsi zamanı Cəbrayıl rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində Xudafərin körpülərinin Azərbaycan sahilində yerləşən hissələri də işğal altına düşmüşdür.
2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpülərinin yerləşdiyi əraziyə nəzarəti bərpa etmişdir. Oktyabrın 18-də Azərbaycan bayrağı tarixi Xudafərin körpüsü üzərində qaldırılmışdır.
Memarlığı
Xudafərin körpülərinin quruluşu Araz çayının yatağındakı təbii qaya çıxıntılarına uyğunlaşdırılmışdır. Dayaqların təbii əsaslar üzərində qurulması aşırımların ölçülərinə və körpülərin ümumi planına təsir etmişdir.
Onbeş aşırımlı körpü thumb|220px|left|15 aşırımlı Xudafərin körpüsü 15 aşırımlı körpünün uzunluğu Kamil Məmmədzadənin ölçmələrinə görə təxminən 200 metr, eni 4,5 metr, su səviyyəsindən maksimum hündürlüyü isə 10 metrdir.
Körpünün inşasında çaydaşı və kvadrat formalı bişmiş kərpicdən istifadə edilmişdir. Dayaqlar çay yatağındakı təbii qayalar üzərində yerləşdirilmişdir. Qayaların qeyri-bərabər yerləşməsi nəticəsində körpünün aşırımları müxtəlif ölçülərdə qurulmuş, tikilinin xətti müəyyən əyrilik almışdır.
Məmmədzadənin dərc etdiyi cədvələ görə, aşırımların eni 5,80 metrlə 8,80 metr arasında dəyişir. Ən geniş aşırım 10-cu aşırım (8,80 metr), ən dar aşırım isə 8-ci aşırımdır (5,80 metr).
Körpünün suyarıcıları axına qarşı üçbucaq, əks tərəfdən isə yarımdairəvi formadadır. Suyarıcıların inşasında çaydaşından istifadə edilmişdir.
UNESCO-ya təqdim edilmiş sənəddə körpünün hündürlüyü 12 metr, bəzi İran nəşrlərində isə uzunluğu 160 metr göstərilir.
Onbiraşırımlı körpü thumb|On bir aşırımlı Xudafərin körpüsü 2023-cü ildə Məmmədzadənin məlumatına görə, 11 aşırımlı körpünün uzunluğu təxminən 130 metr, eni 6 metr, su səviyyəsindən maksimum hündürlüyü isə 12 metrdir.
Körpünün çayın orta hissəsindəki aşırımları daha geniş və hündür, sahillərə yaxın aşırımları isə kiçikdir. Tikilinin üzlük hörgüsündə iri, yaxşı yonulmuş əhəngdaşı plitələrindən istifadə edilmişdir.
Məmmədzadə 11 aşırımlı körpünün tikinti texnikasının 15 aşırımlı körpüdən fərqləndiyini və antik dövr inşaat üsullarına yaxın olduğunu qeyd etmişdir. Lakin bu müqayisə körpünün qorunmuş konstruksiyalarının antik dövrdə inşa edildiyini sübut etmir.
Körpü ciddi dağıntılara məruz qalmışdır. UNESCO-nun 2021-ci il sənədində onun üç orta aşırımının qorunduğu, sahil hissələrinin isə dağıldığı bildirilir. Sənəddə dağıntılar 1930-cu illərlə əlaqələndirilir.
Bəzi İran mənbələrində tikili 10 aşırımlı körpü kimi təsvir edilir. Bu fərqin aşırımların hansı üsulla hesablanmasından qaynaqlandığı müəyyənləşdirilməyib.
Tarixləndirilməsi
Körpülərin ilkin tikilmə və sonrakı yenidənqurma tarixləri haqqında müxtəlif elmi mövqelər mövcuddur. VII əsrə aid yazılı ənənə, 1027-ci ildə Araz üzərində körpü tikilməsi haqqında xəbər və XII–XIII əsrlərə aid memarlıq tarixləndirmələri fərqli dəlil növlərinə əsaslanır.
Məmmədzadə 15 aşırımlı körpünün mövcud memarlıq quruluşunu XII əsrə, 11 aşırımlı körpünün yenidən qurulmasını isə XIII əsrə aid etmişdir. Bu tarixləndirmələr müqayisəli memarlıq təhlilinə və tarixi şəraitin qiymətləndirilməsinə əsaslanır.
Azərbaycanın rəsmi abidə siyahısında 11 aşırımlı körpü XI–XII əsrlərə, 15 aşırımlı körpü isə XIII əsrə aid edilmişdir. Bu tarixlər Məmmədzadənin tarixləndirməsindən fərqlənir.
Mənbələrdə mövcud tikililərin qorunmuş konstruksiyalarını qəti olaraq müəyyən əsrə aid edən tarixli inşaat kitabəsi və ya müstəqil arxeoloji tarixləndirmə təqdim edilmir.
Tədqiqi
Xudafərin körpüləri haqqında məlumatlar müxtəlif tarixi və coğrafi əsərlərdə qorunsa da, onların sistemli memarlıq tədqiqi əsasən XX əsrdə inkişaf etmişdir.
Kamil Məmmədzadənin məlumatına görə, 15 aşırımlı körpünün elmi ədəbiyyatda erkən təsvirlərindən biri Artur Poupun redaktəsi ilə 1938-ci ildə nəşr edilmiş "A Survey of Persian Art" əsərində verilmişdir. Həmin nəşrdə körpünün sxematik təsviri yerləşdirilmişdi.
Məmmədzadəyə görə, Azərbaycan alimləri arasında körpüləri yerində araşdıran və vizual ölçmələrini aparan ilk tədqiqatçı Ə. Sadıqzadə olmuşdur. Onun materialları 1963-cü ildə "Azərbaycan memarlığı tarixi" əsərində dərc edilmişdir.
1974-cü ildə körpülərin daha ətraflı yerində tədqiqi və ölçülməsi mümkün olmuşdur. 1975–1977-ci illərdə aparılmış işlər zamanı körpülərin ölçmələri və fotoqeydiyyatı həyata keçirilmiş, yaxın ərazidəki abidələr də tədqiq edilmişdir.