Holzi (əsl adı: Eşli Nikolett Francipani; ) — ABŞ müğənnisi və mahnı yazarı. O, özünəməxsus ifası ilə tanınır və karyerası boyunca çoxlu nailiyyətlər əldə etmişdir. O, "Billboard Musiqi" və "Amerika Musiqi" mükafatları daxil olmaqla bir çox mükafatlara layiq görülmüş, həmçinin üç dəfə "Qremmi" mükafatına namizəd göstərilmişdir. Holzi 2020-ci ildə Time jurnalının tərtib etdiyi dünyanın ən təsirli insanları siyahısında da yer almışdır.

Holzi Nyu-Cersidə doğulub boya-başa çatmışdır. O, sosial media platformalarında öz ifalarını paylaşaraq tanınma qazanmışdır. Holzi 2014-cü ildə Astralwerks musiqi şirkəti ilə müqavilə bağlamış və həmin ilin oktyabrında "Room 93" adlı ilk minialbomunu buraxmışdır. O, minialbomun uğurundan sonra 2015-ci ildə "Badlands" adlı debüt studiya albomunu yayımlamışdır. Bu albom Amerika Səsyazma Sənayesi Assosiasiyası (RIAA) tərəfindən ikiqat platin sertifikatı qazanmışdır. Albomun ən uğurlu trekləri "Colors", "Gasoline" və "New Americana" olmuşdur.

Holzinin 2016-cı ildə The Chainsmokers qrupu ilə birlikdə ifa etdiyi mahnı olan "Closer" mahnısı hitə çevrilmişdir. Mahnı xeyli sayda çarta başçılıq etmişdir. O, 2017-ci ildə "Hopeless Fountain Kingdom" adlı ikinci studiya albomunu təqdim etmişdir. Albom Bilboard 200 çartında birinci yerə yüksəlmiş və ölkənin bir nömrəli albomu olmuşdur.

Holzi üçüncü studiya albomu olam "Manic"i 2020-ci ildə təqdim edib. Albomdan buraxılan ilk sinql "Without Me" hit olmuşdur. Bu mahnı Billboard Hot 100 çartının ən yüksək mövqeyinə çatmış və RIAA tərəfindən almaz sertifikatla mükafatlandırılmışdır. Holzinin dördüncü albomu "If I Can't Have Love, I Want Power" 27 avqust 2021-ci ildə işıq üzü görüb. Holzinin sayca beşinci studiya albomu – "The Great Impersonator" 2024-cü ildə yayımlanıb.

Həyatı Eşli Nikolett Francipani 29 sentyabr 1994-cü ildə Nyu-Cersi ştatının Edison şəhərində anadan olub. Onun anası hamilə olanda kollecdən ayrılmaq qərarına gəlmişdir. Holzinin anası təcili tibbi yardım işçisi, atası isə avtomobil satıcısı olmuşdur. Onun anası italyan və macar əsilli, atası isə az miqdarda irland əcdadı olan afroamerikalıdır. Onun özündən kiçik Sevian və Dante adlı qardaşı var. O, ilk olaraq skripka, viola və violonçel çalmış, lakin 14 yaşı tamam olanda gitaraya keçməyə qərar vermişdir. Holzi Alanis Morissett, Castin Biber və Brand New dinləyərək böyümüşdür. O, uşaq ikən valideynlərinin işi səbəbindən tez-tez müxtəlif şəhərlərə köçməli olub. Holzi yeniyetmə ikən altı fərqli məktəbdə oxumalı olmuşdur. O, Katolik inancı ilə böyüdülüb.

Holzi məktəbdə qısnamaya məruz qalıb. O, gənc yaşlarında intihara cəhd edib. Bu cəhd onun xəstəxanaya yerləşdirilməsinə və orada üç həftə qalmasına səbəb olub. Holzi bipolyar pozuntuya sahib olduğunu öyrənəndən sonra narkotik istifadə etməyə başlayıb. Onun anası da bipolyar pozuntuya sahibdir. Holzi 17 yaşında olarkən Bruklindəki Holzi stansiyasının yaxınlığında yaşayan 24 yaşlı adama aşiq olub. O, səhnə adı olan Holzini bu münasibətə görə seçib.

Şəxsi həyatı Holzi biseksualdır.

Diskoqrafiya

Badlands (2015) Hopeless Fountain Kingdom (2017) Manic (2020) If I Can't Have Love, I Want Power (2021) The Great Impersonator (2024)

Konsert turları Özü Badlands turnesi (2015–2016) Hopeless Fountain Kingdom turnesi (2017)

Birlikdə The American Youth turnesi (2015) (Young Rising Sons ilə)

Açılış aktı Imagine Dragons – Smoke + Mirrors turnesi (2015) The Weeknd – The Madness Fall turnesi (2015)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:Afroamerikalılar Kateqoriya:Biseksual qadınlar Kateqoriya:LGBT şəxslər Kateqoriya:Nyu-Cersidə doğulanlar Kateqoriya:MTV Europe Music Award laureatları Kateqoriya:MTV Video Music Award laureatları Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:İndi-pop musiqiçiləri