Buz mağarası — Azərbaycan Respublikasının Goranboy rayonunun Buzluq kəndi ərazisində yerləşən, bölgə əhəmiyyətli geoloji təbiət abidəsi.

İnzibati yeri və coğrafiyası "Buz mağarası" adlanan təbiət abidəsi Goranboy rayonunun Buzluq kəndinin cənub qurtaracağında, Kürəkçayın sol tərəfində yerləşir. Mağara dəniz səviyyəsindən 1800 metr hündürlükdə qərar tutur. İnzibati baxımdan Goranboy Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin xidməti ərazisinin meşə ilə örtülü sahəsi ilə həmsərhəd olan və Buzluq kəndinin bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində yerləşir.

Tarixi və geoloji xüsusiyyətləri Mağara uzaq keçmişdə təbii fəlakət zamanı bərk süxurlardan ibarət iri qaya parçalarının mütləq hündürlüyü daha çox olan ərazilərdən yuvarlanaraq qala şəklində Kürəkçayın məcrasına toplanması nəticəsində əmələ gəlmişdir. İri qaya parçalarının toplandığı ərazi 0,22 hektar sahəni təşkil edir və hər bir tərəfi ağaclarla əhatələnmişdir.

Buz mağarası təxminən bu ərazinin mərkəzi hissəsində qaya parçalarının altında yerləşir və içərisində daim buz olur. Mağaraya daxil olmaq üçün qaya parçalarının arasından 3–3,5 metr şaquli istiqamətdə çox çətinliklə keçilə bilən dar keçidlərlə aşağıya düşmək lazımdır. Yay fəslinin və ərazidə yüksək hərarətin olmasına baxmayaraq, mağaradan buz parçaları çıxarılır. Sıx meşələrin əhatəsində, qaya daşlarının altında yayın istisində belə buz parçalarının görülməsi ehtimallara görə kəndin "Buzluq" adlandırılmasına da səbəb olmuşdur.

Mühafizə statusu Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 19 sentyabr 2017-ci il tarixli Əmrinə əsasən Goranboy rayonunun Buzluq kəndi ərazisində yerləşən "Buz mağarası"na bölgə əhəmiyyətli təbiət abidəsi statusu verilmiş və o, "Dövlət tərəfindən qorunan dövlət təbiət abidələrinin — geoloji (paleontoloji) obyektlərin Siyahısı"na daxil edilmişdir.

İstinadlar

Kateqoriya:Goranboy rayonunun mağaraları Kateqoriya:Azərbaycanın təbiət abidələri

Kateqoriya:Goranboy rayonunun mağaraları