Cibril Aruun Sisse (, ; 12 avqust 1981, Arl, Fransa) — Kot-d'İvuar mənşəli Fransa futbolçusu, İsveçrə futbol klubu olan "İverdon Sport" FK-un hücumçusu. 2002–2010-cu illərdə Fransa milli futbol komandasının tərkibində olaraq dünya çempionatlarında iştirak etmişdir. 2005-ci ildən bəri ləqəbi "Frodşam Mülk Lordu"dur.

Sisse, Kot-d'İvuardan Fransaya köçən bir müsəlman ailəsində anadan olmuşdur. Ailənin yeddinci və ən kiçik uşağı idi. Onun atası Manqe Sisse (1945–2009) peşəkar bir futbolçu idi. 1970-ci ildə Afrika Millətlər Kubokunda, Kot-d'İvuar milli futbol komandasının kapitanı olmuşdur. 1974-cü ildə Manqe ailəsi ilə birlikdə Cibrilin anadan olduğu Fransaya köçmüşdür.

Cibril Sisse futbol karyerasına 8 yaşında, "Arl-Avion" FK-da başlamışdır. Burada 7 il oynadıqdan sonra, klubu tərk etmişdir. Bundan sonra, 6 ay "Nim Olimpik" FK oynayan Sisse, daha sonra "Oser" FK-un gənclər heyətinə qoşulmuşdur. 1998-ci ildə A dərəcəli kluba getməzdən əvvəl, 2 il burada oynamışdır. Sisse "Oser" FK-da oynadığı 6 mövsümdə 166 oyun keçirmiş və 90 qol vurmuşdur. Sisse 2004-cü ildə, İngiltərə Premyer Liqasında oynayan "Liverpul" FK-a transfer olmuşdur. Cibril burada 82 oyun keçirmiş və 24 qol vurmuşdur. "Liverpul" FK-dakı karyerasını bitirmək istəyən Sisse, 2006-cı ildə "Olimpik Marsel" FK-a icarəyə alınmışdır. Ertəsi mövsüm "Olimpik Marsel" ilə 5 illik bir müqavilə imzalamışdır. 2008-ci ildə "Sanderlend" FK-a icarəyə alınmasıyla, İngiltərə Premyer Liqasına qayıdan Sisse, burada 38 oyun keçirmiş və 11 qol vurmuşdur. 25 iyun 2009 tarixində Yunanıstan klubu olan "Panatinaykos" FK ilə 8 milyon avroluq transfer haqqına 4 illik bir müqavilə imzalamışdır. "Panatinaykos" FK-dakı ilk ilindən sonra, klubu olan sədaqətini göstərmək üçün sağ dizinə klubun simvolu olan yonca tatuirovkası etdi. Cibril 2011-ci ildə klubda "irqçiliyə" məruz qalmasından sonra, klubun rəhbərliyinə ayrılmaq istədiyini demişdir. Cibril "Panatinaykos" FK-da 89 oyun keçirmiş və 55 qol vurmuşdur. 12 iyul 2011 tarixində Seriya A klublarından biri olan "Latsio" FK-a transfer olmuşdur. Burada 27 oyun keçirən və 5 qol vuran Sisse, 31 yanvar 2012 tarixində "Kuinz Park Reyncers" FK-a transfer olmuşdur. Sisse 20 yanvar 2013 tarixində Qətər klubu olan "Əl-Qərəfa" FK-a icarəyə alınmışdır. Burada 17 oyun keçirdikdən və 5 qol vurduqdan sonra "Kuban Krasnodar" FK-a transfer olmuşdur. Sisse "Kuban Krasnodar" FK-da 25 oyun keçirmiş və 5 qol vurmuşdur. Daha sonra "Bastiya" və "Sent-Piyeroz" futbol klublarında oynayan Sisse, 2015-ci ildə karyerasını bitirdiyini açıqlamışdı. 2017-ci ildə futbol karyerasına geri qayıdan Sisse, hal-hazırda İsveçrənin "İverdon Sport" FK-da oynayır. Cibril Sisse 17 illik futbol karyerasında 579 oyun keçirmiş və 248 qol vurmuşdur.

Cibril Fransa milli futbol komandasında debütünü 18 may 2012 tarixində, Belçika millisinə qarşı etmişdir. Cibril Sisse 2003 FİFA Konfederasiyalar Kubokunu qazanan Fransa millisinin heyətində oynayırdı. 2006 FİFA Dünya Kubokundan əvvəl Çin ilə keçirilən yoldaşlıq oyununda, Çin komandasının kapitanı Cen Cinin müdaxiləsiylə ayağı qırılmışdır. UEFA Avro 2008-in seçmə mərhələsində komandanın formasını geyməsinə baxmayaraq, müsabiqəyə seçilən heyətdə oynaya bilməmişdir. 2010 FİFA Dünya Kubokunda Raymon Domenekin seçdiyi 23 nəfərlik heyətdə özünə yer tapa bilmişdir.

İlk illəri Cibril Sisse, 12 avqust 1981 tarixində Fransanın Provans-Alp-Kot-d'Azur bölgəsində yerləşən Arl şəhərində anadan olmuşdur. Atası 1974-cü ildə Fransaya köçənə qədər Kot-d'İvuar milli futbol komandasının kapitanı olmuşdur. Cibril qardaşları Nma, Damaye, Abou, Fode, Seni və Həmiddən sonra ailənin yeddinci və son uşağı idi. Sisse 11 yaşında futbol oynamaq üçün evindən ayrılmışdır.

Klub karyerası

Oser Karyerasına "Nim Olimpik" FK-da başlayan Sisse, 15 yaşında ikən "Oser" FK ilə müqavilə imzalamışdır. 1999-cu ildə Qambardella Kubokunu qazanmışdır. 1998–99 mövsümündə A səviyyəli kluba yüksəlmiş və Liqa 1-dəki ilk oyununu 20 mart 1999 tarixində, "Pari Sen-Jermen" FK-a qarşı keçirmişdir. Sisse oyuna 77-ci dəqiqədə Tomas Deniadın yerinə daxil olmuş, klub isə matçı 1-0 hesabla uduzmuşdur. Sisse, klubdakı ilk mövsümü olan 1998–99 mövsümündə yalnız bir oyun keçirmişdir. İkinci mövsümdə də oxşar bir hal baş verdi. Bu mövsümdə Sisse yalnız iki oyun keçirmiş və qol vura bilməmişdir.

2000–01 mövsümü ərzində klubun baş məşqçisi olan Daniel Rolland, Sisseni ən ucda oynadmışdır. 5 avqust 2000 tarixində "Mets" FK-a qarşı oynadıqları matça sonradan daxil olan Sisse, oyuna girdikdən 10 dəqiqə sonra Liqa 1-dəki ilk qolunu vurmuş və kluba qalibiyyət gətirmişdir. Liqadakı ikinci qolunu 26 avqustda "Sent-Etyen" FK-a qarşı olan oyunda yenə son dəqiqələrdə vurmuşdur. Sisse müntəzəm olaraq matçalara çıxdığı ilk mövsümü olan 2000–01 mövsümündə 25 oyun keçirmiş və 8 qol vurmuşdur. Bu mövsümdən sonra, "Oser" FK-un qoşulduğu 2000 UEFA İntertoto Kubokunda "Volfsburq" FK-a qarşı oynadığı 5-ci turnir matçında Avropa kuboklarındakı ilk qolunu vurmuşdur. Bu vaxtlarda klubun baş məşqçisi olan Loran Blan ilə "Mançester Yunayted" FK-un baş məşqçisinin oyunlardan birini izləməyə getməsi, Sissenin "Yunayted"ə transferinin yaxın olduğu haqda xəbərlərin yayılmasına səbəb olmuşdur.

2001–02 mövsümünün daha ilk həftəsində oynadıqları və 5–0 hesabıyla qazandıqları "Stad Renn" qarşılaşmasında 4 qol vurmuşdur. Həmin mövsüm çempionatlıq üçün uzun bir mübarizə verdikdən sonra, "Oser" liqanı üçüncü yerdə bitirdi. Sisse həmin mövsümdə 29 oyun keçirmiş və 22 qol vurmuşdur. Mövsüm əsnasında "Liverpul"un gözləmə siyahısına girmişdir. Liverpula transferi haqda, "Əgər bir seçim etsəydim, İngiltərəyə gedərdim. Bilirəm ki, ingilis liqası mənim tərzimə ən yaxşı uyğun gələn liqadır və qəbul edirəm, mən Liverpul üçün əhəmiyyətsiz bir seçiməm." demişdir. Digər tərəfdən göstərdiyi uğurdan sonra Fransa milli futbol komandasının heyətinə qoşulan Sisse, futbol komandasının formasını da ilk dəfə bu mövsümdə geyinmişdir.

"İngiltərə stadionlarının atmosferini və istiliyini təcrübə etmək istəyirəm. Premyerşip her şeyi ilə mənə görədir. İngiltərə üslubu məni cəzb edir və məncə mənim oyun tərzimə ən çox uyğun olan yer oradır."—Sissenin İngiltərəyə getmədən əvvəl etdiyi bir açıqlama.

2002–03 mövsümündə tez-tez zədələnən Sisse, klubun Çempionlar Liqasındakı heyətində yer almışdır. 13 avqust 2002 tarixində "Boavişta" FK-a qarşı oynadıqları oyunda "Oser", matçı Sissenin 71-ci dəqiqədə vurduğu qol ilə qazanmışdır. Bu qol Sissenin Çempionlar Liqasındakı ilk qol idi. İkinci oyun 0-0 hesabıyla heç-heçə bitdiyindən, "Oser" qrup mərhələsinə qala bilmişdir. Qruplarda 2 qalibiyyət əldə edə bilən klub, üçüncü olaraq yoluna UEFA Kubokunda davam etmişdir. Bu müddətdə zədələnən Sissenin boşalan yerini Bencani Mvaruari doldurmuşdu. UEFA Kubokunda 4-cü tura qədər ilərləyən klub, bu turda "Liverpul" FK-a məğlub olmuşdur. Digər tərəfədn Fransa Kubokunda yoluna davam edən "Oser" FK, 31 may 2003 tarixində keçirilən finalda "Pari Sen-Jermen" FK-u 2-1 hesabı ilə məğlub edərək çempion olmuşdur. Bu kubok Cibril Sissenin əldə etdiyi ilk müvəffəqiyyət olmuşdur. Cibril bu mövsümdə 45 oyun keçirmiş və 21 qol vurmuşdur.

Gələn mövsümün ilk rəsmi oyununu 26 iyul 2003 tarixində Fransa Super Kubokunda "Olimpik Lion" FK-a qarşı oynayan "Oser", oyunda 2-1 hesabla məğlub olmuşdur. Klubu tərk edəcəyi haqda mətbuatda çıxan xəbərlərə qarşı klub rəhbərliyi tərəfindən edilən izahatlarda Sissenin klubda bir mövsüm daha qalacağı bildirilmişdir. 2003-04 mövsümünə yaxşı bir giriş edə bilməyən Sisse ilk qolunu 30 avqust 2003 tarixində liqanın beşinci matçı olan Oser-"Renn" oyununda vurmuşdur. 4 oktyabr 2003 tarixində "Lill" FK-a qarşı oynadığı matçda het-trik etdi. Qollarını vurmağa davam edən Sisse, pis başladığı mövsümdə də 26 qol vuraraq liqanın bombardiri olmuşdur. "Oser FK" liqanı dördüncü yerdə bitirmişdir. Bunun nəticəsində klub UEFA Kubokuna qoşulmaq haqqı qazandı. Müsabiqədə dördüncü tura qədər ilərləyən Oser, burada "PSV Eyndhoven" FK ilə uyğunlaşdı, lakin oynadığı oyunları müvafiq olaraq 1-1 və 0-3 hesabları ilə bitirdikdən sonra müsabiqəni tərk etməli oldu. Müsabiqədə keçirdiyi 7 oyunda 2 qol vuran Sisse, aralarında "Arsenal", "Liverpul" və "Mançester Yunayted"in olduğu İngiltərə klubları tərəfindən gözləmə siyahılarına əlavə edildi. Futbolçu, "Silven Viltor, Tyerri Anri və Petrik Viyeyra ilə danışdım və ora cənnət kimi səslənir." şəklində etdiyi açıqlamada İngiltərəyə getmə istəyi haqda məlumat vermişdir. Sisse Liverpul ilə 14 milyon avroluq bir müqavilə imzaladı. Cibril Sisse, "Oser FK" heyətində liqada vurduğu 70 qol ilə, 94 qol vuran Ancrey Şarmaxdan sonra klubun liqa tarixindəki ən çox qol vuran ikinci futbolçusu olmuşdur.

Liverpul Liverpulda ilk oyununu 14 avqust 2004 tarixində "Tottenhem FK"-a qarşı keçirmiş, ilk qolunu da orada vurmuşdur. "Liverpul" FK-dakı ilk mövsümündə Sisse bütün müsabiqələr daxil olmaqla 23 oyun keçirmiş və 11 qol vurmuşdur. 30 oktyabr 2004 tarixində "Blekbörn Rovers" FK-a qarşı oynadıqları matçda zədələnməsinə görə liqada yalnız 19 oyun keçirmişdir. Sisse ilə Blekbörn futbolçusu Ceyms MekEveli top üçün mübarizə edərkən Sisse yıxılmış, baldır və kiçik baldır sümükləri qırılmışdır. Fizyoterapist Derl Martin "Sağalma müddəti altı və ya doqquz, ən pis ssenariyə görə on səkkiz ay ola bilər." demişdi. Daha sonra Sissenin ayağı gipsə alındı və ayağındakı qırığa görə mövsümü bitirdiyi deyildi, ancaq 13 aprel 2005 tarixində Liverpulun "Yuventus" FK ilə olan Çempionlar Liqasının dörddəbir finalının ikinci oyununda, matçın 75-ci dəqiqəsində oyuna daxil olmuşdur. Liverpulun "Aston Villa" ilə oynadığı və 2-1 hesabıyla qazandığı mövsümün son Premyer Liqa oyununda klubun iki qolunu da o vurmuşdu. 2005 UEFA Çempionlar Liqasında, "Milan" FK-a qarşı olan oyunda bir qol vurmuşdur.

2005–06 mövsümü ərzində, "Liverpul"un baş məşqçisi Rafael Benitez, Sisseni bir neçə dəfə sağ qanadda oynatmışdı. 28 dekabr 2005 tarixindən bəri keçirdiyi 15 oyunda qol ata bilməyən Sisse, 19 mart 2006 tarixində "Nyukasl" FK-a qarşı oynalınan matçda penaltidan qol vurmuş, ancaq daha sonra etdiyi hərəkətlərə görə sarı vərəqə almışdı. Etdiyi hərəkətlərdən sonra Sisse, "Nyukasl" FK-nun azarkeşlərindən üzür istəmişdir. Daha sonra Liverpulun rəsmi veb-saytından "Kobud olmaq istəməmişdim, qol vurduqdan sonra sadəcə sevinmişdim. Əgər onlara qarşı nalayiq davrandığımı fikirləşirlərsə, onlardan üzr istəyirəm." şəklində bir açıqlama paylaşmışdır. 2005 UEFA Superkubokunda iki, 2006 İngiltərə Federasiya Kubokuda isə, bir qol vurmuşdur. Liverpul, iki kubokda da çempion olmuşdur.

Marsel thumb|150px|"Zenit" FK qarşı oynalınan UEFA Kuboku matçında Sisse 2005-ci ilin yayından bəri Sissenin "Liverpul" FK heyətini tərk edəcəyi haqda xəbərlər paylaşılırdı. Klubun mövsümə Sissesiz başlamasına görə bu dedi-qodu artmışdı. 2006-cı ilin iyun ayının əvvəllərində Sisse "Olimpik Marsel" FK heyətinə icarə olaraq qoşulmağa razılaşdı. Həmin günlərdə Fransanın Çin ilə oynadığı yoldaşlıq oyununda Sissenin ayağı ikinci dəfə qırıldı. Sissenin tez sağalacağı düşünülsə də, Sissenin Marselə transferi yanvar ayının əvvəllərindəki ara transfer dövrünə qədər təxirə salınmışdır. 2006-cı ilin iyul ayında iki klub da futbolçunun icarə olaraq "Marsel" FK heyətində oynaması haqda razılaşdılar.

thumb|left|150px|"Spartak Moskva" FK-a qarşı oynalınan UEFA Kuboku matçında Sisse