Əli Yusif, Əli Yusif Rai, Əli Yusifzadə və ya Ağaəli Yusifzadə () — azərbaycanlı şair, siyasətçi, Cümhuriyyət tələbəsi, Gizli Müsavatın Mərkəzi Komitəsinin üzvü, repressiya qurbanı.
11 yaşından etibarən mətbuatda tərcümə və şeirləri ilə çıxış edib. Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra hökumətin İşlər İdarəsində draqoman kimi işləməyə başlayıb. "Yaşıl Qələm" cəmiyyətinin idarə heyətinin və Azərbaycan Cümhuriyyətinin rəsmi dövlət qəzeti olan "Azərbaycan" qəzetinin redaksiya heyətinin üzvü olub. Azərbaycan Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilib. Parisdə yerləşən Siyasi Elmlər Məktəbində ali təhsil alıb.
Təhsilini başa vurduqdan sonra Bakıya qayıdıb. Azərbaycan SSR Maarif Nazirliyinin mətbuat orqanı olan "Maarif və mədəniyyət" jurnalına məsul katib təyin olunub, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətində və Azərbaycan Terminologiya Komitəsində fəaliyyət göstərib. Azərbaycan Ədəbiyyat Cəmiyyətinin 21 qurucu üzvündən biri olub. Bundan başqa, Bakıda gizli fəaliyyət göstərən Müsavat partiyasına qoşulub. 1923-cü ildə Gizli Müsavatın Mərkəzi Komitəsinə üzv seçilib.
İlk dəfə 1924-cü ildə həbs olunsa da, bir neçə ay sonra azad edilib. 1926-cı ildə ikinci dəfə həbs olunub və 10 il müddətinə azadlıqdan məhrum edilərək Solovetski adalarına sürgün olunub. Sürgündə olduğu müddətdə müsavatçı dustaqlar arasında təbliğat işi aparıb, onların təşkilatlanmasında iştirak edib. 1935-ci ildə həbsdən azad olunsa da, Bakıya qayıtmasına icazə verilməyib və Daşkəndə sürgün olunub. Bir müddət Daşkənddə Qida Ticarəti şöbəsində mühasib kimi fəaliyyət göstərib. 1937-ci ildə yenidən XDİK tərəfindən həbs olunub. XDİK üçlüyünün qərarı ilə yoldaşları ilə birlikdə güllələnib.
Şair, yazıçı, Azərbaycan Cümhuriyyəti Milli Şurasının üzvü, 1928-ci ildə qurulmuş gizli antisovet "Müstəqil Azərbaycan" təşkilatının qurucu üzvlərindən biri olan Mirzə Cəlal Yusifzadənin oğludur.
Həyatı
İlk illəri Ağaəli Cəlal oğlu Yusifzadə 1900-cü il yanvarın 1-də Şuşa şəhərində anadan olub. 1911-ci ildən etibarən yaradıcılıqla məşğul olub. İlk tərcüməsi İvan Krılovun "İki kotan" şeiri olub. Əsər 1911-ci ildə "İşıq" qəzetinin 3-cü sayında çap edilib. Qəzetin sonrakı saylarında Əli Yusifzadənin "Balıq və pişik", "Anaların təfavütü" kimi əsərləri də çap olunub. Əsərlərini qəzet və jurnallarda çap etdirməklə yanaşı, bir sıra ədəbi müsabiqələrdə də iştirak edib. 1915-ci ildə Bakıda nəşr olunan "Qurtuluş" jurnalı "Qürub çağı bir yetimin məhkumluğu" mövzusunda müsabiqə elan edib. Əli Yusifzadə də bu müsabiqədə iştirak edib. İlk dəfə bu müsabiqədə "Əli Yusif Rai" imzasından istifadə edib. Qaliblər sırasında Cəfər Cabbarlı, Ümmgülsüm və Əli Yusifzadə olub. 1917-ci ildə Şuşa real məktəbində orta təhsilini başa vurub. Həmin ildə Müsavat partiyasına üzv olub. Oktyabr inqilabından sonra Şuşada yaradılmış Milli Komitənin üzvü olub. 1918-ci ilin əvvəlində Milli Komitənin tapşırığı ilə Batuma gedib və Ənvər paşa ilə görüşüb.
Azərbaycan Cümhuriyyətində 250x250px|thumb|"Azərbaycan" qəzetinin redaksiya heyəti 1919-cu il. Arxa cərgədə sağdan ikinci Əli Yusifdir.1918-ci il mayın 28-də Azərbaycan Cümhuriyyəti qurulub. Bakıya gələn Əli Yusif bəy 1918-ci il oktyabrın 26-da Maarif nəzarətinin dəftərxanasına kargüzar təyin olunub. Daha sonra ingilis, fransız və rus dillərini bildiyi üçün Azərbaycan Cümhuriyyəti hökumətinin İşlər İdarəsində draqoman kimi işləməyə başlayıb.
1919-cu il oktyabrın 13-də 59 saylı əmrlə Aslan bəy Kriçinskinin sədrliyi altında “Zaqafqaziyanın müsəlman əhalisinə qarşı rus siyasətinə dair” xüsusi komissiya yaradılıb. Komissiyanın məqsədi Rusiyanın Azərbaycanda həyata keçirdiyi müstəmləkə siyasətinə dair materialları aşkara çıxarmaq və nəşr etmək olub. Fəaliyyəti Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilib. Komissiyanın tərkibinə Xarici İşlər Nazirliyi Dəftərxanasının vitse-direktoru Konstantin Sulkeviç, Nazirlər Şurası Dəftərxanasının draqomanı, Əli Yusif və daxili işlər nazirinin şəxsi katibi Məhəmməd Ağayev daxil olub.
Əli Yusif "Yaşıl Qələm" cəmiyyətinin idarə heyətinin üzvü olub. 1919-cu il dekabrın 2-də Müsavat partiyasının ikinci qurultayında "Yaşıl Qələm" cəmiyyətinin nümayəndəsi kimi iştirak edib. "Azərbaycan", "İstiqlal", "Bəsirət" qəzetlərində və "Qurtuluş yolu" jurnalında məqalələr və şeirlərlə çıxış edib. Azərbaycan Cümhuriyyətinin rəsmi dövlət qəzeti olan "Azərbaycan" qəzetinin redaksiya heyətinin üzvü olub. Azərbaycan Cümhuriyyətinin birinci ildönümü münasibətilə "Azərbaycan" qəzetində yazdığı "Gənc nəslə" məqaləsində yazır:
Azərbaycan Cümhuriyyəti Parlamenti 1919-cu il sentyabrın 1-də ali təhsilli mütəxəssis kadrların hazırlanması məqsədilə 1919–1920-ci tədris ilində 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına xarici ali məktəblərə göndərilməsi barədə qərar qəbul etdi. Qərarın icrası üçün 7 milyon manat vəsait ayrıldı. Avropa ali məktəblərinə göndərilən hər bir tələbə üçün aylıq 400 frank təqaüd və 1000 frank məbləğində yol xərci müəyyən edildi. Əli Yusif də ali təhsil almaq üçün xaricə göndərilən tələbələrdən biri olub. Xaricə göndərilən tələbələrin ilk hissəsi 1920-ci il yanvarın 14-də Parlament və Hökumət üzvlərinin, tanınmış xeyriyyəçilərin, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakı ilə Bakı Dəmiryolu Vağzalından yola salınıblar. Bu 24 nəfərdən biri də Əli Yusif olub. Mərasimin sonunda Əli Yusif tələbələrin adından çıxış edib və daha sonra onlar Batuma yola düşüblər. Fevralın 11-də Parisə çatan tələbələri Paris Sülh Konfransında iştirak edən Əlimərdan bəy Topçubaşının rəhbərlik etdiyi nümayəndə heyəti qarşılayıb. Əlimərdan bəy tələbələr qarşısında çıxış edərək onlara nəsihətlər verib və uğurlar arzulayıb. Sonra tələbələr təhsil almaq üçün Avropanın müxtəlif şəhərlərinə yola salınıblar. Əli Yusif Parisdə yerləşən Siyasi Elmlər Məktəbinə daxil olub. 1923-cü ildə təhsilini başa vuraraq Parisdən Bakıya qayıdıb.
SSRİ-də Əli Yusif Bakıya qayıtdıqdan sonra Azərbaycan SSR Maarif Nazirliyinin mətbuat orqanı olan "Maarif və mədəniyyət" jurnalına məsul katib təyin olunub. Bakıda gizli fəaliyyət göstərən Müsavat partiyasına qoşulub. 1923-cü ilin noyabr ayında Dadaş Həsənzadə, Əhməd Hacınski, Əbülfəz Babayev və Abdulla Abdulzadə ilə birlikdə Gizli Müsavatın Mərkəzi Komitəsinə üzv seçilib. AzSSR-də fəaliyyət göstərən rəsmi qurumlarda da təmsil olunub. Maarifçi İttifaqına üzv seçilib, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətində, Azərbaycan Terminologiya Komitəsində fəaliyyət göstərib. 1923-cü ilin sonlarında Gizli Müsavat təşkilatı və Gürcüstan İstiqlal Komitəsi sovet işğalına qarşı birgə silahlı üsyan hazırlamağa başlayıblar. Bu məqsədlə Gizli Müsavatın Mərkəzi Komitəsinin üzvü Əli Yusif Tiflisə gedərək Gürcüstan İstiqlal Komitəsinin gizli fəaliyyət göstərən rəhbərlərindən biri Noe Xomeriki ilə görüşüb. Tərəflər hazırladıqları silahlı üsyanın planını müzakirə etmiş və hazırlıq işlərinin təxminən beş ay davam etməsi nəzərdə tutulmuşdu. Lakin 1923-cü ilin sonlarında həm Azərbaycanda, həm də Gürcüstanda həyata keçirilən kütləvi həbslər nəticəsində üsyanın həyata keçirilməsi mümkün olmamışdır.200x200px|thumb|Məhəmməd bəy Muradov, Bayram Hacıyev və Əli Yusif, Paris.|left1924-cü il fevralın 6-da həbs olunub. Bir neçə ay Azərbaycan Fövqəladə Komissiyasının həbs evində saxlanıldıqdan sonra 1924-cü ilin may ayında azad edilib. 1925-ci ilin fevral ayında qurulmuş Azərbaycan Ədəbiyyat Cəmiyyətinin 21 qurucu üzvündən biri olub.
1926-cı ilin fevral-mart aylarında Bakıda keçirilən Birinci Türkoloji Qurultayda Əli Yusif katib, atası Mirzə Cəlal isə tərcüməçi kimi iştirak edib. Qurultay başa çatdıqdan üç gün sonra, martın 11-də Azərbaycan Fövqəladə Komissiyasının əməkdaşı Vasinin əmri ilə Əhməd Hacınskinin, Dadaş Həsənzadənin və Əli Yusifin evlərində axtarış aparılıb və onlar həbs olunublar. Əli Yusifin istintaqı 1927-ci il fevralın 28-dək davam edib. Bu müddət ərzində o, 12 dəfə dindirilib. Fevralın 28-də 10 il müddətinə azadlıqdan məhrum edilərək Solovetski adalarına sürgün olunub. Əli Yusif, İsfəndiyar Vəkilli, Əbdül Müin Niyazi, Mehdi Sultanzadə, Sadıq İmanə, Nəsrulla İsrafilzadə, Mövsüm bəy Bəydəmirzadə ilə birlikdə 1927-ci ilin mart ayında Solovetski adalarına çatıblar. O, əsir düşərgəsində olan müsavatçılar arasında təbliğat işi aparıb, onların təşkilatlanmasında iştirak edib. Daha sonra düşərgədə keçirilmiş bir neçə aclıq aksiyasının əsas təşkilatçılarından biri olub.
1935-ci ilin yanvarında Əli Yusif sürgündən azad olunub. Lakin onun Azərbaycana qayıtmasına icazə verilməyib və o, Özbəkistana sürgün edilib. Bir müddət Daşkənd şəhərində Qida ticarəti şöbəsində mühasib kimi işləyib. 1937-ci il iyulun 10-da Özbəkistan SSR XDİK tərəfindən həbs olunub. Onu 1917-ci ildən etibarən əks-inqilabi fəaliyyət göstərməkdə, sürgün müddətində də bu mübarizəni dayandırmamaqda, həbs düşərgələrində yaradılmış Müsavat Mərkəzi Komitəsinə üzv olmaqda, düşərgələrdə aclıq və etiraz aksiyalarının təşkilatçılarından biri olmaqda ittiham ediblər. Bundan başqa, o, həbsdən azad olunduqdan sonra düşərgələrdə qalan müsavatçılarla, eləcə də Daşkənddə yaşayan müsavatçılarla əlaqə saxlamaqda və Daşkənddə azərbaycanlılardan ibarət millətçi təşkilat yaratmaq istəyində ittiham olunub. Əli Yusif bəy bu ittihamları rədd edib. XDİK üçlüyünün qərarı ilə Əli Yusif bəy və onunla həbs olunan Cəlilbəy Sultanov, Əliş Xanbudaqov və İsa Ağayev 1937-ci il avqustun 18-də güllələniblər. Əli Yusif bəyin dəfn olunduğu yer məlum deyil.
Əli Yusif bəy Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra 1992-ci il may ayının 22-də bəraət alıb.
Haqqında xatirələr Azərbaycan Cümhuriyyəti Parlamentinin və Paris Sülh Konfransına göndərilmiş Nümayəndə Heyətinin sədri, Aprel işğalından sonra Parisdə yaşayan Əlimərdan bəy Topçubaşı 1924-cü ilin aprel ayında Məmməd Əmin Rəsulzadəyə yazdığı məktubda Əli Yusif haqqında yazır: 237x237px|thumb|28 may 1920-ci il, Paris. Gizli Müsavat təşkilatının qurucularından biri, Azərbaycan Milli Mərkəzinin rəhbəri Əbdülvahab Yurdsevər Azərbaycan Kültür Dərnəyi tərəfindən nəşr olunan "Azərbaycan" jurnalında Aprel işğalından sonra Azərbaycanda sovet işğalına qarşı mübarizə aparan şəxslər və təşkilatlar haqqında "Azərbaycan istiqlal savaşından səhnələr" adlı silsilə məqalələr yazıb. Bu yazıların birində Əli Yusif haqqında da bəhs edib:
Ailəsi Yusifzadələr nəsli öz adını Qarabağ xanı İbrahimxəlil xanın dövründə Şuşada yaşayan, saraya yaxın olan şair və alim Mirzə Ağa Yusifdən alıb. Onun oğlu Hacı Mirzə Ələkbər də Şuşada doğulub. İlk təhsilini atasından aldıqdan sonra təhsilini davam etdirmək üçün Nəcəf şəhərinə gedib. Nəcəfdən qayıtdıqdan sonra Şuşada müəllimlik edib. Bir neçə kitabın müəllifidir.
Hacı Mirzə Ələkbərin oğlu, həmçinin Əli Yusif bəyin atası Mirzə Cəlal Yusifzadə şair və yazıçı olub. Tacik dilində nəşr edilmiş ilk qəzetin naşiri, Azərbaycan Cümhuriyyəti Milli Şurasının 44 üzvündən biri olub. 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayda tərcüməçi kimi iştirak edib. 1928-ci ildə yaradılmış gizli antisovet "Müstəqil Azərbaycan" təşkilatının qurucularından biridir. 1931-ci ildə Bakıda vəfat edib.
Mirzə Cəlal Yusifzadə iki dəfə ailə qurub. İlk həyat yoldaşı Leyla xanım olub. Bu evlilikdən Səhba, Əli və Şəhla adlı övladları dünyaya gəlib. Leyla xanım vəfat etdikdən sonra Mirzə Cəlal əmisi Əbdüləlinin qızı Ziba xanımla ailə qurub. Bu evlilikdən 1908-ci ildə Dilguşə, 1917-ci ildə isə Alim adlı övladları olub. Ziba xanım 1940-cı ildə vəfat edib və Mirzə Cəlalın yanında dəfn olunub.