Kamal Əhməd oğlu Əhmədov () — Azərbaycan rəssamı, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1992).
Həyatı Kamal Əhmədov 1940-cı ildə fevralın 28-də Bakıda, İçərişəhərdə anadan olmuşdur. İnşaatçı-mühəndis olan atasının işi ilə əlaqədar Qarabağa – Ağdama köçürlər. Atası Kamalı Əhmədovu ona yaxşı təhsil verəcək, istedadını inkişaf etdirə biləcək peşəkar pedaqoqların çalışdığı uşaq evinə verilməsini təkidlə xahiş edir. Uşaq evi kollektivinin Səməd Vurğunla görüşündə Ə. Kamalın onun şeirlərini ifadəli, şövqlə söyləməsi şairin diqqətini cəlb etmişdir.
O, məktəbli ikən rəsm dərnəyinə gedir, 1964-cü ildə isə akademik təhsil sistemini inkar edən ifrat fərdiyyətçi, üsyankar xasiyyəti ilə ad çıxarmış bu gənc Ə. Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirir. Onun müəllimlərindən biri Moskvada rəssamlıq təhsili almış ilk azərbaycanlı qadın rəngkar Vəcihə Səmədova idi. Rəngkarlıqda realist ənənələrinin, akademik normaların prinsipial tərəfdarı olmasına baxmayaraq, Vəcihə xanım Kamalın işlərini çox bəyənir və ona kömək etməyə çalışır. Sovet rəhbərlərinin portretlərini çəkmək istəmədiyi üçün gənc rəssam təhsilini böyük çətinliklə başa vurur. 150px|thumb|left|Kamal Əhmədin "Ailə" tablosu, 1987-ci il
Ailəsi Bir müddət sonra rəssamın anası yatalaq xəstəliyindən vəfat edir, bundan yarım il sonra isə atası da dünyadan köçür. Uşaqları Bakıya aparıb, müxtəlif uşaq evlərinə verirlər. Bacısı iki yaşında vəfat edir, qardaşını bir müddət sonra nənəsi götürür, Ə. Kamal isə on səkkiz yaşınadək Şüvəlanda – uşaq evində qalır. 1980-ci ildə ailə həyatı quran rəssamın Kamilla Əhmədova adlı bir qızı dünyaya gəlmişdir. Hətta həmin illərdə rəssam həyat yoldaşını təsvir edir, ailə səadətini təcəssüm etdirən tablolar yaradırdı. Kamal Əhmədin "Ailə" tablosu onun şah əsərlərindən biri hesab olunur. Bir tərəfdən əsərin dürüstlüyü, digər tərəfdən rəssamın fantaziyası heyrət doğurur. Məxməri gecə əsərin qəhrəmanlarını ağuşuna alıb, sənətkar onları dəniz sahilində, masa arxasında çay dəsgahı zamanı təsvir edib. Gur işıq mülayim ləpədöyəni və qızılı qum zolağını gecə zülmətindən qurtarmağa çalışır, o, həm də tamaşaçıya üz tutan, öz düşüncələrinə dalan, uzun-uzadı söhbət edən personajları işıqlandırır. Ön plandakı armudu çay stəkanlarının düzüldüyü əyriayaq masanı işıqlandıran bu mülayim sarı işıq rəssamın gözlərində yer alan qüssəni yumşaltsa da, qadının narahat baxışında qığılcım kimi sayrışır – ərinin üzündəki zahiri dinclik onu aldada bilmir. Taleyin zərbəsinin labüdlüyü qısa dinclik və xoşbəxtlik anına kolgə salır, qadını qorxu buxovlayır, o qızını möhkəm qucaqlayaraq iztirablardan qorumağa çalışır. Kamal isə hələ də tənhadır, onun palitrasından rənglər süzülür, boyakarlıq ona günəşi də, ayı da əvəz edir.
Səttar Bəhlulzadə ilə tanışlığı Böyük fırça ustası Səttar Bəhlulzadə ilə tanışlığı, bu sənətkarın həyat tərzi, fikirləri Ə. Kamalı dərindən sarsıdır, Ə. Kamal da Səttar Bəhlulzadə kimi Nizami və Füzulinin fəlsəfəsi ilə maraqlanır, böyük mütəfəkkirlərdən sitatlar gətirir və hədəfi üfüq xətti kimi xəyali və əlçatmaz həqiqəti tapmaq olan əsl dərvişə çevrilir. Gənc olan Kamal Əhməd Azərbaycan avanqardının banisi Cavad Mircavadovu da özünə müəllim sayırdı. Gələcəyin istedadlı rəssamı öz yolunun axtarışlarında bu iki sənətkarın təsviri metodlarını dərk etməyə çalışırdı.
Əgər B. Səttar ona Azərbaycanın poeziya, fəlsəfə və muğam dünyasını, abstrakt və ideal aləmi açmışdısa, Mircavad Ə. Kamala əsl Abşeronu bəxş etdi. Mircavad hesab edirdi ki, rəngkarlığı yalnız Abşeronda öyrənmək lazımdır. Digər abşeronlu rəssamlar kimi Kamal Əhməd üçün də, Abşeron torpağı və sakinləri əsas ilham mənbəyi idi, Amma Kamalın Abşeronu bir qayda olaraq lakonik, müxtəsər və sərtdir. Kamal uzun müddət Abşeronun Görədil kəndində yaşayıb və yaratmışdır. Yerli sakinlər ona yarıuçuq evdə yaşamağa icazə verirlər, evin qapısını köhnə də olsa parlaq boyalarını saxlamış kilim əvəz edir, elektrik cərəyanı olmadığından Kamal gecələr öz balaca otağında ağ neft lampası yandırmalı olurdu. Kamala da həmin nəslin əksər rəssamları kimi, Abşerondakı unikal qoruq olan Qobustan güclü təsir edir.
Yaradıcılığı O, Sovet sosial realizm məktəbinin göstərişlərinə əməl etməkdən imtina edərək incəsənətdə öz üslubunu yaratmışdır. Onun əsərləri çox vaxt tünd rənglərlə işlənmiş, qara fona malik simvollarla zəngindir. Onun obrazları qəribə, fantastik quşlar, itlər, uzunqulaqlar və digər heyvanlardır. Çoxfiqurlu tablo və portretlər, mənzərə və natürmortlar, abstrakt kompozisiyalar rəssama xasdır. Kamal Əhməd 1968-ci ildə Rəssamlar İttifaqının üzvü seçilmişdir. O, 1969-cu ildə Moskvada Ümumittifaq bədii sərgidə iştirak etmişdir. Rəssamın 1987-ci ildə Bakıda ilk fərdi sərgisi keçirilmişdir. 1980-ci illərin sonundan başlayaraq Kamal Əhmədin əsərləri ABŞ, İtaliya, Türkiyə, Polşa, Əlcəzair, Yaponiya və Rusiyada nümayiş etdirilir, azərbaycanlı rəssamın fırçasından çıxan gözəl işlər muzey və şəxsi kolleksiyaları bəzəyir.
1989-cu ildə İtaliyanın Vareze şəhərində sovet rəssamlarının qrup sərgisində iştirakı Ə. Kamalın yaradıcılıq bioqrafiyasında əlamətdar hadisə oldu. Sənətkarı oraya 1988-ci ildə Moskvada Ümumittifaq sərgidə onun əsərlərinə heyran qalmış italiyalı kuratorlar dəvət etmişdilər. Bu, SSRİ Rəssamlar İttifaqı ilə Vareze şəhərinin Villa Mirabello (Musei Civici di Villa Mirabello) bələdiyyə muzeyi arasında sərgi mübadiləsi ilə bağlı uzunmüddətli müştərək layihə idi. Muzeydə SSRİ-dən doqquz sənətkarın əsərləri nümayiş etdirilir. Xaricə getməkdən məhrum olan, ölkəsində heç bir fəxri ad almayan dissident onun sitayiş etdiyi dahi rəssamların vətəni olan ölkəni görmək imkanı qazanır. Onun əsərləri böyük əks-səda doğurur, şəhər meri sərginin açılışında Kamal Əhməd haqqında şövqlə danışmış, azərbaycanlı rəssamı müasir incəsənət tarixində yeni şəxsiyyət adlandırmış, onun əllərindən belə öpmüşdür.
Əsərləri
Tamamlamadığı əsəri "Avtoportret. Çarmıxa çəkilmə" Bu əsər Ə. Kamalın tamamlaya bilmədiyi sonuncu əsəri oldu – o özünü başında tikanlı çələngi olan İsa obrazında təsvir edir. Bu, rəssamın güzgüdə öz əksini çəkdiyi adi avtoportret deyil. O, özünə təkcə kənardan baxmır, sanki həm də onun ölməz ruhu başqa aləmdən işgəncə verilmiş cismini, onun son iztirablarını seyr edir.
Mükafatları 1988-ci ildə "Abşeron qadınları" rəsminə görə Moskvada keçirilən beynəlxalq bədii sərginin diplomu ilə təltif edilmiş, 1989-cu ildə "Salvador Daliyə İthaf" əsəri Xəzəryanı respublikaların (Azərbaycan, Qazaxıstan, Rusiya, Türkmənistan) I Biennalesində Qran-pri mükafatına layiq görülür. O, 1993-cü ildə Bakıdakı Novruz bayramına həsr olunmuş "Rəssamın ailəsi" silsiləsinə görə I dərəcəli mükafata layiq görülmüşdür. Azərbaycan təsviri sənətini yeni meyllərlə zənginləşdirən Kamal Əhmədə yaradıcılıq uğurlarına görə 4 mart 1992-ci ildə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı verilmişdir.
Ölümü Kamal Əhməd 29 noyabr 1994-cü ildə vəfat etmişdir.
Xatirəsi
Haqqında deyilənlər Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov Kamal Əhmədlə bağlı xatirələrini belə bölüşmüşdür:
Tanınmış yazıçı-publisist Azər Abdulla:
Bakı İncəsənət Məktəbinin direktoru Rafael Gülməmmədli:
Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı:
Şair, əməkdar incəsənət xadimi Çingiz Əlioğlu:
Sənətşünaslıq rektoru, professor Cəmilə Həsənzadə:
Tədbirlər Şəxsi sərgi, "Abşeron" qalereyası, Bakı, Azərbaycan (2004-cü il) E-phem·er·a –nın qrup halında sərgisi, Bakının müasir incəsənət muzeyi, Azərbaycan (2014-cü il) "Xalq Əmanəti" layihəsi (2017-ci il, 19 may)
Qalereya
İstinadlar
Xarici keçidlər Kamal Əhməd dünyası "Xalq Əmanəti"ndə — Fotolar Boyumuzun çatmadığı adam — Kamal ƏHMƏD
Həmçinin bax Rəssam Rəssamlıq Rauf İsmayılov (rəssam)
Kateqoriya:Azərbaycan rəssamları Kateqoriya:İçərişəhərdə_doğulanlar