Sultan Əlaəddövlə Bozqurd bəy Süleyman bəy oğlu Zülqədər (; ; ) — 1480-ci ildən vəfatına qədər Zülqədəroğulları bəyliyinin onuncu hökmdarı.
Kiçik Asiyada qurulmuş Zülqədəroğulları bəyliyi Osmanlı imperiyası, Məmlük sultanlığı, Ağqoyunlular və yeni yaranan Səfəvilər dövləti kimi Qərbi Asiyanın böyük dövlətləri arasında strateji mövqedə yerləşən kiçik bir bufer dövlət idi. Zülqədəroğulları bəyliyinə nəzarət uğrunda rəqabət aparan Məmlüklər, Osmanlılar və Səfəvilər daim bəyliyin daxili işlərinə müdaxilə etmiş və sülalə üzvlərindən öz namizədlərini hakimiyyətə gətirməyə çalışmışdılar.
Əlaəddövlə Bozqurd bəy Osmanlı sultanı II Mehmedin (hakimiyyəti: 1444–1446, 1451–1481-ci illər) köməyi ilə hakimiyyətə gəlmiş və öz qızı Ayşə Xatunu Osmanlı şahzadəsi Bəyazid ilə evləndirmişdi. Əlaəddövlə Bozqurd bəy əvvəlcə Məmlük sultanlarına qarşı mübarizə aparmış və üsyankar Məmlük naiblərini dəstəkləmişdi, lakin o, 1488-ci ildə, Osmanlı dövlətinin 1485–1491-ci illərdə Məmlük sultanlığı ilə müharibəsində bir neçə böyük məğlubiyyətə uğraması və qoruyucu rolunu daşıya bilməməsi səbəbindən Qahirə ilə sülh bağlamağa qərar vermişdi. O həmçinin, bir qızını Məmlük əmirinə ərə vermişdi. Müharibə başa çatdıqdan sonra Əlaəddövlə Bozqurd bəy hər iki dövlətlə yaxşı münasibətlər qurmağa çalışmışdı.
Zülqədəroğulları bəyliyinin Uzun Həsənin nəslindən olan, həmçinin Zülqədəroğulları sülaləsinin nümayəndələri olan və Ağqoyunlu hökmdarları Əlvənd mirzə və Murad mirzəni dəstəkləməsi 1501-ci ildə Şah İsmayıl ilə kəskin onillik münaqişəyə səbəb olmuşdur. Bu qarşıdurma hər iki tərəfə itkilər gətirmişdir, lakin sonda barışıq ilə nəticələnmişdir.
Əksər tarixçilərin fikrinə görə, Əlaəddövlə Bozqurd bəyin nəvəsi olan sultan Səlim hakimiyyətinin əvvəlində şah İsmayılı məhv etmək qərarına gəlmiş və Zülqədəroğulları bəyliyindən səfərə qoşulmağı tələb etmişdi, lakin Əlaəddövlə Bozqurd bəy şah İsmayıl ilə bağlamış olduğu razılaşmanı pozmaq istəməmiş və sultan Səlimin tələbinə cavab verməmişdi. Buna əlavə olaraq, Zülqədəroğulları bəyliyinin qüvvələri Osmanlı karvanlarına hücum edirdilər. Əlaəddövlə Bozqurd bəy sultan Səlimin səfərdən sonra üsyanda iştirak etdiyi üçün edam etdiyi sədrəzəm Dukakinoğlu Əhməd Paşa ilə əlaqə saxlayırdı. Həmçinin, sultan Səlim Əlaəddövlə Bozqurd bəyin Məmlük sultanlığı ilə əlaqədə olduğundan şübhələnirdi. Bu səbəblərə görə sultan Səlim Zülqədəroğulları bəyliyinə qarşı yürüş etmişdir. Əlaəddövlə Bozqurd bəy döyüşdə həlak olmuş və bəylik Osmanlı hakimiyyətinə keçmişdir.
Əlaəddövlə Bozqurd bəyin ölüm anında təxminən 90 yaşı var idi. Onun, oğullarının və vəzirinin kəlləsi xəbərdarlıq olaraq Qahirəyə, Məmlük sultanına göndərilmişdir.
Zəmin Zülqədəroğulları bəyliyi Anadolunun cənubi və Suriyanın şimalında yerli türkman ağası Zeynəddin Qaraca bəy (hökmdarlığı: 1337–1353) tərəfindən Məmlük sultanlığının vassalı kimi qurulmuşdur. Qaraca bəy Elxanlılar dövlətindən ayrılaraq türk-monqol zabiti Ərətna tərəfindən idarə olunan Ərətna bəyliyinin Mərkəzi və Şərqi Anadoluda ortaya çıxdığı dövrdə Zülqədəroğulları bəyliyini qurmuşdur. Məmlük sultanı Nəsrəddin Məhəmməd 1337-ci ildə Qaraca bəyi "Türkmanların əmiri" və Maraşdan Əlbistana qədər uzanan torpaqların naibi kimi tanımışdır. Əlbistan 1335-ci və ya 1337-ci ildə Zülqədəroğulları bəyliyi tərəfindən ələ keçirilmişdir. Beləliklə, Əlbistan dövlətin süqutuna qədər Zülqədəroğulları bəyliyinin paytaxtı olmuşdur. Qaraca bəy vəfat edənə qədər qonşuları ilə mübarizədə və Misir hökmdarlığına qarşı üsyanlarda iştirak etmişdir.
thumb|right|Zülqədəroğulları bəyliyi Anadolu xəritəsində. Təqribən 1400-cü il.
Zülqədəroğulları ilə Məmlüklər arasında münaqişə onun oğulları Qarsəddin Xəlil bəy (hökmdarlığı: 1353–1386) və Şaban Sülü Sevdi bəyin (hökmdarlığı: 1386–1398) dövründə davam etmiş, hər ikisi Məmlük sultanı Bərkukun (hökmdarlığı: 1382–1389, 1390–1399) əmri ilə sui-qəsd nəticəsində öldürülmüşdür. Şahbudaq bəyin babası Mehmed bəyin (hakimiyyəti: 1399–1442-ci illər) və atası Süleyman bəyin (hakimiyyəti: 1442–1454-cü illər) hakimiyyətləri dövründə Zülqədəroğulları bəyliyi Osmanlı dövləti və Məmlük sultanlığı ilə dostluq münasibətləri qurmağa siyasi nikahlar vasitəsilə cəhd göstərmişdir. Süleyman bəy öz qızı Sitti-Mükrimə Xatunu paytaxt Əlbistandan Ədirnəyə Osmanlı şahzadəsi və gələcək sultan Mehmed Çələbi ilə toyu üçün müşayiət etmişdir.
Taxt-tac mübarizəsi Süleyman bəyin geniş hərəmi və çoxlu övladı var idi. O, Süleyman bəy 28 avqust 1454-cü ildə vəfat etmişdir və varis kimi çoxsaylı oğullar buraxmışdır. Bu taxt-tac uğrunda mübarizəyə səbəb olmuşdur. Onun övladlarından birinci Məlik Arslan bəy (hakimiyyəti: 1454–1465) taxta çıxmışdır. Onun hökmdar olduğu dövrdə Zülqədəroğulları bəyliyi Qaramanoğulları bəyliyinin daxilində vərəsəlik uğrunda gedən döyüşlərdə, həmçinin Ağqoyunlu hökmdarı Uzun Həsənə (hakimiyyəti: 1453–1478) qarşı mübarizədə iştirak etmişdir. Məlik Arslan bəy ilk vaxtlar Misir ilə dostluq münasibətləri saxlamışdır, lakin onun Osmanlı dövləti ilə dostluğu davam etdirmək cəhdləri Məmlük sultanı Seyfəddin Xoşqədəmin (hakimiyyəti: 1461–1467) narazılığına səbəb olmuşdur.
Məlik Arslan bəyin hakimiyyətinin sonlarında Osmanlı imperiyası və Məmlük sultanlığı arasında Anadolu uğrunda mübarizə kəskinləşmişdir. Məmlük sultanı Seyfəddin Xoşqədəmin (hakimiyyəti: 1461–1467-ci illər) Məlik Arslan bəyin Osmanlılarla açıq-aşkar əlaqələrindən qəzəblənmişdir. Məlik Arslan bəyin qardaşı Şahbudaq bəy (hakimiyyəti: 1465–1468, 1472–1480-ci illər) Məmlük dövlətində olan zaman kömək axtarmış və Zülqədəroğulları bəyliyinin taxtını ələ keçirmək istəmişdir. O, Məmlükləri Məlik Arslan bəyə qarşı qoymaq üçün hər hansı bəhanədən istifadə etmişdir. Nəticədə, Məmlüklər Məlik Arslan bəyin Osmanlı sultanının hakimiyyəti altına keçmək istədiyindən şübhələnməyə başlamışdır. Şahbudaq bəy sultanı Məlik Arslan bəyin qətlini sifariş etməyə təşviq etmişdir. Xoşqədəm Qahirədən şimala bir fədai göndərmişdir. Məlik Arslan bəy 1465-ci ilin oktyabrında, Əlbistanda cümə namazı zamanı məsciddə qətlə yetirilmişdir. Şahbudaq bəy Məmlüklərdən mənşur alaraq taxtı ələ keçirmişdir.
Şahbudaq bəy dərhal təbəələrinin müxalifəti ilə üzləşmişdir. Onlar onu parrisiddə ittiham etmiş, Osmanlı sultanı II Mehmeddən (hakimiyyəti: 1444–1446, 1451–1481-ci illər) Şahbudaq bəyin rəqibi və onun himayəsindəki qardaşı Məlikmüzəffər Şahsuvar bəyin (hakimiyyəti: 1466–1472-ci illər) Əlbistanda taxta çıxarmağı xahiş etmişdilər. II Mehmed Məlikmüzəffər Şahsuvar bəyə müxtəlif türkman tayfaları üzərində səlahiyyət vermişdir. Osmanlı dövlətinin dəstəyi ilə Məlikmüzəffər Şahsuvar bəy qardaşına qarşı yürüş təşkil etmişdir. Şahbudaq bəy ona qarşı hər hansı bir hücumun həm də Məmlüklərə qarşı olacağını elan etmişdir. Odur ki, 1466-cı ilin yanvar–fevral aylarında Şahbudaq bəy Qahirədən kömək istəmişdir. Xoşqədəm bunun cavabında Hələbin valisi Bərdi bəyi Şahbudaq bəyə kömək üçün göndərmişdir. Məmlük qüvvələri müdaxilə etməzdən əvvəl Məlikmüzəffər Şahsuvar bəy qardaşını Zamantı qalası yaxınlığında məğlub etmişdir və Bərdi bəy 1466-cı ilin aprelində geri dönməli olmuşdur. Beləliklə, Osmanlı ordusunun köməyi ilə Məlikmüzəffər Şahsuvar bəy Şahbudaq bəyi taxtdan qovmuş və hakimiyyəti ələ keçirmişdir.
Məlikmüzəffər Şahsuvar bəy Məmlük sultanları Seyfəddin Xoşqədəm və Qayıtbay (hakimiyyəti: 1468–1496-cı illər) ilə mübarizə aparmış, Osmanlı dövləti ilə münasibətlər qurmuşdur. O, ilk növbədə Osmanlı sultanı II Mehmedin dəstəyinə arxalanmış və Məmlüklərə qarşı üstünlük qazanmış, sərhəd qalalarını və şəhərləri ələ keçirmiş, öz adına xütbə oxutdurub sikkə zərb etdirərək müstəqilliyini elan etmişdir. Onun yürüşləri Anadoluda Osmanlı, Məmlük və Ağqoyunlular arasında nüfuz uğrunda rəqabəti gücləndirmişdir, lakin ardıcıl Məmlük yürüşləri, regional bəylərin tərəf dəyişdirməsi və Osmanlı dövlətinin verdiyi dəstəyin dayanması Məlikmüzəffər Şahsuvar bəyin mövqeyini zəiflətmişdir. O, bir sıra qələbələr qazanmışdır, lakin 1471–1472-ci illərdə Yeşbəy ibn Mehdinin rəhbərlik etdiyi Məmlük ordusu qarşısında məğlub olmuş, ətrafı seyrəlmiş və Zamantı qalasında mühasirəyə alınmışdır. Təslim olacağı halda onun bağışlanacağına dair vəd verilmişdir, lakin o, əsir götürülərək Qahirəyə aparılmışdır. 1472-ci ilin avqustunda Məlikmüzəffər Şahsuvar bəy və qardaşları Bab Züvəylə darvazasında çəngələ asılaraq edam edilmişdir. Bundan sonra hakimiyyətə yenidən Şahbudaq bəy gəlmişdir.
Hakimiyyəti
İqtidara yüksəlişi Əlaəddövlə Bozqurd bəy 1428-ci ildə Süleyman bəyin oğlu olaraq anadan olmuşdur. Onun adı mifik bozqurddan gəlir. O, 1467-ci ildə qızı Ayşə xatunun Osmanlı imperiyasının hökmdarı II Mehmedin (hakimiyyəti: 1444–1446, 1451–1481-ci illər) oğlu və gələcək varisi Bəyazid (hakimiyyəti: 1481–1512-ci illər) ilə evlənməsini təşkil etmişdir. Bu evlilikdən 1467-ci ildə gələcək sultan Səlim anadan olmuşdur. Evlilikdən sonra Əlaəddövlə Bozqurd bəy bir müddət kürəkəni ilə yaşamış, lakin qısa zaman sonra Zülqədəroğulları bəyliyinə qayıtmışdır. 1472-ci ildə Məlikmüzəffər Şahsuvar bəyin Məmlüklər tərəfindən məğlub edilməsindən sonra Əlaəddövlə Bozqurd bəy Osmanlı ərazisində müvəqqəti sığınacaq tapmışdır.
Əlaəddövlə Bozqurd bəy 1479-cu ildə Sivas ərazisinə basqınlar təşkil etmişdir. Bunun cavabında yerli sancaqbəyi Mihaloğlu Əli bəy əks-hücum həyata keçirmiş, onun həyat yoldaşı və oğlunu əsir almışdır. Baş verən hadisələrdən xəbər tutan Şahbudaq bəy Əlaüddövlə Bozqurd bəyə min nəfərlik süvari köməyi göndərmişdir. Şahbudaq bəyin qüvvələri ilə Əlaüddövlə Bozqurd bəy Çiğnem çayının yaxınlığında Əli bəyə hücum etmiş, onu yaxınlıqdakı qalaya qaçmağa məcbur etmişdir. Osmanlı məmuru ilə düşmənçiliyinin nəticələrindən çəkinən Əlaüddövlə Bozqurd bəy Konstantinopola getmiş və II Mehmedə müraciət etmişdir. Osmanlı məmuru ilə düşmənçiliyinin nəticələrindən çəkinən Əlaüddövlə Bozqurd bəy Konstantinopola getmiş və II Mehmedə müraciət etmişdir. II Mehmed Zülqədəroğulları bəyliyi üzərində Osmanlı təsirini bərpa etmək istəyirdi və buna görə də Əlaüddövlə Bozqurd bəyi Çirmənin sancaqbəyi təyin etmişdir. II Mehmed Qayıtbayın əvvəllər Məlikmüzəffər Şahsuvar bəyə qarşı kömək müqabilində öz səltənətini Osmanlılara buraxma vədinə soyuq cavab verdiyini görən zaman Əlaüddövlə Bozqurd bəyi taxta çıxarmağa çalışmışdır. Məmlüklər 1480-ci ilin noyabrında Ağqoyunlu hökmdarı Yaqubun (hakimiyyəti: 1478–1490-cı illər) Ruhada qələbəsindən sonra zəif vəziyyətdə qalmışdılar. Bu münaqişədə Yeşbəy edam edilmişdi. II Mehmed Əlaüddövlə Bozqurd bəyə Kırşəhər sancağını vermişdir.
Əlaüddövlə Bozqurd bəy köməkçi Osmanlı qüvvələri ilə Şahbudaq bəy qarşı yürüş etmişdir. O, öz sərəncamında olan bəzi türkmanlarən tərəf dəyişməsi səbəbindən məğlub olmuşdur. II Bəyazidin (hakimiyyəti: 1481–1512-ci illər) qapıcıbaşısının rəhbərlik etdiyi Osmanlı qüvvələri Sisə qaçmış, burada şəhərin Məmlük valisi Saqqalsızoğlu Yusif tərəfindən öldürülmüş və onların kəllələrə Qahirəyə göndərilmişdir. Məmlük sultanı Qayıtbay (hakimiyyəti: 1468–1496-cı illər) burada cirit oyunu təşkil etmişdir. Ardınca II Mehmed Əlaüddövlə Bozqurd bəyə daha böyük ordu vermişdir və bu ordu nəhayət Şahbudaq bəyi Çiğnem çayı yaxınlığında məğlub etmişdir, lakin müasir tarixçilər qardaşlar arasındakı qarşılaşmanın tarixini açıqlamamışdır. Əlaüddövlə Bozqurd bəy artıq taxta çıxmışdır və hökmdar olduğu vaxtda artıq yetkin yaşda idi.
1480-ci ilin martında Şahbudaq bəy Hələbin valisindən Məmlük ərazisinə qəbul edilməsini xahiş etmişdir. İbn Tulun Şahbudaq bəyin 14 fevral 1481-ci ildə Dəməşqə gəlişini qeyd etmişdir. O, bu tarixdən əvvəl taxtı itirmişdi. Dəməşqin valisi Özbək Ruhanın süqutuna qarşı mübarizə apardığına görə vəzifələndirildiyi zaman Şahbudaq bəyin hakimiyyətini bərpa etmək üçün ona kömək etməmiş və onu Dəməşq qalasında həbs etmişdir. Dövrün salnaməçisi Seyrəfi Qayıtbayın Şahbudaq bəyin həbs edilməsindən məmnun olduğunu təsvir etmişdir, çünki Şahbudaq bəy Məmlük səltənətini qoruya bilmirdi.
Cem Sultan thumb|right|Qasım bəy (solda "Kilikiya padşahı" kimi təqdim olunmuşdur) və Cem Sultan (sağda "Zizim" kimi təqdim olunmuşdur)