Əli Pənah oğlu Həsənov () — Azərbaycan iqtisadçısı, Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutunun rektoru (1993–2000)Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru (2000–2004), iqtisad elmləri doktoru, professor, "Tərəqqi" medalı, "Şöhrət" ordeni laureatı. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2020-ci il)

Həyatı Əli Həsənov 1937-ci il dekabr ayının 31-də Beyləqan rayonunda anadan olub.

1957-ci ildə orta məktəbi qızıl medalla bitirərək K. Marks adına Xalq Təsərrüfatı İnstitutuna daxil olmuşdur. 1962-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirib və kafedrada müəllim kimi fəaliyyətə başlayıb. 1962–1966-cı illərdə Universitetin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədr müavini seçilmişdir.

1962–1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) "Sənaye malları əmtəəşünaslığı" kafedrasının assistenti olmuşdur.

1966–1988-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun "Sənaye malları əmtəəşünaslığı" kafedrasının dosenti, 1993–2000-ci illərdə Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutunun rektoru, 2000–2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru, 2004–2011-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Əmtəəşünaslıq fakültəsinin dekanı vəzifələrində işləyib.

2011-ci ildən "Qeyri-ərzaq malları əmtəəşünaslığı" kafedrasının, 2020-ci ilə kimi UNEC-in "İstehlak mallarının ekspertizası" kafedrasının müdiri olub.

22.10.2020–13.03.2024-cü illərdə UNEC-in "Mühəndislik və tətbiqi elmlər" kafedrasının məsləhətçi-professoru çalışıb

150-dən çox elmi əsərin, o cümlədən 27 dərsliyin, dərs vəsaitinin və monoqrafiyanın müəllifidir.

13 mart 2024-cü ildə Bakı şəhərində 86 yaşında vəfat edib.

Mükafatları Müxtəlif illərdə fəxri fərmanlar, mükafatlarla qiymətləndirilib.

2006-cı ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən "Tərəqqi" medalı ilə də təltif olunub.

2011-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub.

Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Əli Pənah oğlu Həsənov Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

İstinadlar