Govdu qalaçası — Gədəbəy rayonu, Qalakənd kəndi ərazisində Govdu yaylağında, hündür təpənin üzərində yerləşən son tunc-ilk dəmir dövrünə aid siklopik tikili, arxeoloji abidə.

İshaq Cəfərzadə 1938-ci ildə bu qalaçanı Govdu qalaçası adı altında qeydiyyata almışdır. Lakin Govdu qalaçası Gədəbəyin ölkə əhəmiyyətli daşınmaz tarixi və mədəniyyət abidələrinin siyahısında yanlış olaraq Ağsu qalaçası kimi qeydiyyatdadır. Qalakənd kəndi ərazisindəki Govdu qalaçasında arxeoloji tədqiqatlar ilk dəfə 2019-cu ildə Arxeologiya və Antropologiya İnstitutunun Gədəbəy arxeoloji ekspedisiyası tərəfindən Tükəzban Göyüşovanın rəhbərliyi ilə aparılmışdır. Qalaça, Govdu yaylağında, meşənin içərisində, hündür təpənin üzərində yerləşir. Govdu qalaçası mövcud siklopik tikililərin içərisində ən möhtəşəmi hesab edilir. Müdafiə divarları əsasən yeddi, bir çox hallarda doqquz konsentrik sırada, boyük ölçülü daşlardan inşa edilmişdir. Qalanın daxili və xaricində çoxsaylı tikinti qalıqları vardır. Onlardan ən çox diqqət çəkəni dairəvi plana malik, orta ölçülü daşlardan tikilimiş inşaat qalıqlarıdır.

Qalaçanın mərkəzindəki ana divarın qərb tərəfində, 4,40x5 m² ərazidə aparılmış qazıntılar nəticəsində dairəvi plana malik, divarları orta ölçülü daşlarla tikilmiş, dərinliyi releyfə görə 2,10-2,30 sm olan otaq aşkar edilərək tədqiq edilmişdir. Qalaçanın inventar nömrəsi 1031-dir.

Gədəbəy rayonu ərazisində mövcud siklopik tikililərin içərisində ən möhtəşəmi Govdu qalaçasıdır. Ümumi məlumat Gədəbəy rayonunda XX əsrin əvvəllərindən başlayaraq 80-ci illərə qədər 100-dək siklopik tikili qeydə alınmış və onların bəzilərində kəşfiyyat xarakterli tədqiqatlar aparılmışdır. Cənubi Qafqazda mövcud olan siklopik tikililərin əksəriyyəti say etibarı ilə Gədəbəy rayonunun ərazisində yerləşir. Divarları doqquz sıra daşlardan ibarət olan qalaçanın tikilməsində heç bir bərkidici maddədən istifadə olunmamışdır.

2019-cu ildə qalaçada aparılan qazıntılar zamanı qalaçanın mərkəzindəki ana divarın qərb tərəfində, 4,40x5 m² ərazidə aparılan qazıntılar nəticəsində dairəvi plana malik, divarları orta ölçülü daşlarla tikilmiş, dərinliyi releyfə görə 2,10-2,30 sm olan otaq aşkar edilərək tədqiq edilmişdir ki, bu otağın tikintisində Leşkər qalaçasından fərqli olaraq çay daşlarından deyil, yerli qaya daşlarından istifadə olunmuşdur.

Gədəbəyin arxeoloji abidələrinin ilk tədqiqatçısı V.Belk Govdu qalaçası ərazisində kəşfiyyat xarakterli "qazıntılar" aparmış, daha doğrusu xəzinə axtarmışdır. O, qazıntı sahəsinin ölçülərini, mədəni təbəqənin qalınlığını, strateqrafiyasını izləməmiş, sadəcə qazılmış torpaqların arasından maddi mədəniyyət nümunələrini götürməklə kifayətlənmişdir. V. Belk qalaçanın qeyri profesional olsa da planın çəkə bilmişdir.T.N.Göyüşova (Alıyeva); 2019-cu ildə Gədəbəy rayonunda aparılmış arxeoloji tədqiqatların geniş elmi hesabatı; Bakı 2020; AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi arxivi

Qalaça meşəliyin içində yerləşir. Çox güman ki, meşə burda təbii şəkildə çox sonralar yaranıb. Doqquz sırada iri daşlarla hörülmüş (daşların ölçüləri olduqca böyükdür. Bəzi hallarda onların ölçüləri 2x3, 3x4 m qədər, daşların təxmini ağırlığı 3-4 ton, böyük daşların çəkisi isə 8-10 tona qədərdir) qalaçanın salamat qalmış ən hündür divarının hündürlüyü 4 metrə qədərdir. Qalaçanın içərisində tikinti qalıqları da vardır. Cənub tərəfdən təbii qaya ilə bağlanan qalaçanın dairəsinin təxmini uzunluğu 960-1000 metrdir. Tapılmış maddi-mədəniyyət nümunələri Govdu qalaçasının ətrafı və ona yaxın ərazilərdən son tunc-erkən dəmir dövrünə aid onlarla dağılmış daş qutu qəbirləri aşkar edilmişdir. Qazıntı sahəsindən yüzlərlə saxsı fraqment, osteoloji qalıqlar, az sayda sümük və daş alət, bir neçə obsidian parçası, aşkar edilmişdir.T.N.Göyüşova. Gədəbəydə arxeoloji tədqiqatlar. Azərbaycanda arxeoloji tədqiqatlar 2010 / AMEA arxeologiya və Etnoqrafiya institutu. 112-118.

Qalereya Govdu qalaçasından tapılmış son tunc-ilk dəmir dövrünə aid maddi-mədəniyyət nümunələri:

Həmçinin bax Leşkər qalaçası Tükəzban Göyüşova

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Gədəbəy rayonu Kateqoriya:Azərbaycandakı arxeoloji abidələr Kateqoriya:Dövrlərinə görə arxeoloji abidələr Kateqoriya:Gədəbəy rayonunun abidələri Kateqoriya:Tunc dövrü abidələri Kateqoriya:Dəmir dövrü