Çingiz Göygöl, İslam Çingiz və ya İslam Hacızadə () — azərbaycanlı yazıçı, redaktor, mühəndis və siyasi mühacir.

İstanbulda təhsil aldığı dövrdə Azərbaycan Türk Tələbə Birliyinin sədri olub. Azərbaycan Kültür Dərnəyinin Müşahidə Şurasının üzvü və Azərbaycan Milliyyətçilər Dərnəyinin qurucu üzvlərindən biri olub. Türkiyədə nəşr olunan "Türk izi" və "Mücahit" jurnallarının nəşriyyat müdiri olub. 1958-ci ildə "Kommunist Rusiya və Müsəlmanlar" adlı kitabı nəşr olunub.

Haqqında İslam Muxtar oğlu Hacızadə 1909-cu ildə Gəncədə anadan olub. Orta məktəbi bitirdikdən sonra 1926–1927-ci illərdə Gəncə şəhər komsomol komitəsində işləyib. Ailə qurduqdan sonra Məşhəd şəhərinə köçən bacısı Mahtaban xanımı görmək üçün İrana gedib. Qayıtmaq istədiyi zaman sərhədlərin bağlanması səbəbindən Azərbaycana qayıda bilməyib və 1928-ci ildə Türkiyəyə köçüb.200px|thumb|left|Çingiz Göygöl və Niyazi Kürdəmirİstanbul Universitetində ali təhsil alıb. 1929-cu ildə Türkiyədə yaradılmış Azərbaycan Türk Tələbə Birliyinin sədri olub. Onun sədrliyi dövründə, 1933-cü ildə İstanbulda Azərbaycan Cümhuriyyətinin 15-ci ildönümü ilə bağlı tədbir təşkil olunub. 1934-cü ildə Türkiyədə çıxan Soyad Qanunundan sonra özünə "Göygöl" soyadını götürüb. 1949-cu ildə yaradılmış Azərbaycan Kültür Dərnəyinin Müşahidə Şurasının üzvü seçilib.

1952-ci il fevralın 8-də Niyazi Kürdəmir, Səfvət Zərdabi, İskəndər Xoyxan, Hidayət Turanlı, Məmməd Altunbay, Həmid Dönməz, Əhməd Ulusoy və Əziz Alpoud ilə birlikdə Azərbaycan Milliyyətçilər Dərnəyinin yaradıcılarından biri olub. Dərnəyin ilk sədri seçilib. Həmin ilin may ayında dərnəyin "Türk izi" adlı jurnalı fəaliyyətə başlayıb. Çingiz Göygöl jurnalın nəşriyyat müdiri seçilib. Bu dövrdə jurnalda "Ağaoğlu Əhməd bəy", "Milli dava", "Milli təsanüd ehtiyacı", "Mərhum Hacı Zeynəlabidinin ölüm ili münasibətilə", "Azərbaycan türklüyünün kommunizmlə mücadiləsi", "Mərhum Ziya Gökalpı anarkən", "Matəm günümüz" adlı məqalələri dərc olunub.

1953-cü ilin sonunda Səfvət Zərdabi və Niyazi Kürdəmirlə birlikdə Azərbaycan Milliyyətçilər Dərnəyindən və "Türk izi" jurnalının redaksiya heyətindən ayrılıb. Bundan sonra onlar "Mücahit" jurnalının nəşri üçün rəsmi icazə alıblar. 1955-ci ildən Ankarada nəşr olunan "Mücahit" jurnalının təsisçisi, sahibi və nəşriyyat müdiri olub. Bununla yanaşı, Azərbaycan mühacirlərinin nəşr etdikləri müxtəlif jurnal və qəzetlərdə məqalələrlə çıxış edib. Yazılarında "İ. Cengiz", "Cengiz Gökgöl" və "İslam Hacızadə" imzalarından istifadə edib.

Peşəcə inşaat mühəndisi olan Çingiz Göygöl uzun illər Ankarada yaşayıb və fəaliyyət göstərib. 1958-ci ildə "Kommunist Rusiya və Müsəlmanlar" adlı kitabı nəşr olunub. 1971-ci il iyulun 3-də Azərbaycanı Tanıtma Dərnəyinin qurultayında dərnəyin İntizam Divanına üzv seçilib.

Çingiz Göygöl 1986-cı il yanvarın 31-də Ankarada vəfat edib.

Ailəsi İslam Hacızadə Muxtar bəy və Yaqut xanımın ailəsində anadan olub. Yaqut xanım əvvəlcə Məşədi Yusiflə evli olub. Bu evllikdən Mirzə, Məcid və Mahtaban xanım adlı övladları dünyaya gəlib. 1901-ci ildə Məşədi Yusif vəfat etdikdən sonra Yaqut xanım ərinin bacısı oğlu Muxtar Hacızadə ilə ailə qurub. Bu evllikdən isə Çingiz, Aslan, Şölə və İslam adlı övladları dünyaya gəlib.

Çingiz bəyin qardaşı Mirzə Hacızadə 1897-ci ildə Gəncə şəhərində anadan olub. Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra parlamentinin xüsusi qərarına əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilib. Təhsilini bitirdikdən sonra bir müddət Almaniyada seleksiyaçı alim kimi fəaliyyət göstərib. Daha sonra Türkiyəyə dəvət olunub. 1961-ci ilədək İstanbulda yerləşən Halkalı toxumçuluq stansiyasında işləyib və ali məktəblərdə dərs deyib. Onun ali məktəb tələbələri üçün dərslik kimi istifadə olunan 34 kitabı, həmçinin 300-dək elmi məqaləsi çap olunub.

Digər qardaşı Məcid bəy də Avropada təhsil alıb, daha sonra Azərbaycana qayıdıb. 1930-cu ildən sonra Özbəkistanda itkin düşüb.

Çingiz bəy Pərixan xanımla ailə qurmuşdur. Bu nikahdan Yaqut, Güliz, Türkiz və Nərgiz adlı dörd qızı dünyaya gəlmişdir.

Mənbə

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Yazdığı məqalələr Mərhum Peyami Səfa bəy / "Düşünen Adam" jurnalı № 29, iyul 1961-ci il Leninizmin qayəsi / "Milli Hareket" jurnalı, № 43, fevral 1970-ci il

Kateqoriya:Türkiyə azərbaycanlıları Kateqoriya:Azərbaycanlı siyasi mühacirlər Kateqoriya:Azərbaycanlı mühəndislər