III Vilhelm (; ) — III Niderland kralı və Böyük Lüksemburq hersoqu.
1817-ci ildə Brüsseldə dünyaya gəldi. Atası I Niderland kralı I Vilhelmin oğlu və varisi Şahzadə Vilhelm, anası isə rus çarı I Pavelin qızı Anna Pavlovnadır. Doğulduğu əsnada babası hələ də taxtda idi. Özündən 18 ay kiçik qardaşı Aleksandrla birlikdə mükəmməl saray təlim-tərbiyəsi aldı. Ardından iki qardaş Leyden Universitetində təhsilini davam etdirdi. 1827-ci ildə hələ 10 yaşında ikən babası tərəfindən polkovnik rütbəsi verildi.
1839-cu ildə dayısı olan rus çarı I Nikolayın dəvətiylə Sankt-Peterburqa səyahət etdi. Borodino döyüşünün ildönümü münasibətilə keçirilən dövlət tədbirində Kiyev Piyada birliyinin baş komandanı təyin edildi. 18 iyun 1839-cu ildə Vürtemberq kralı I Vilyamın qızı Sofiya ilə Ştutqartda evləndi. Üstəlik seçilmiş gəlin namizədi onun xalası qızı idi və hər ikisi də rus çarı I Pavelin nəvələri idi. Cütlüyün bu nigahdan 3 övladı doğulsa da, bunlardan biri yetkinlik yaşına çata bilmədi. Şahzadə Vilhelm (1840-1879) Şahzadə Mauris (1843-1850) Şahzadə Aleksandr (1851-1884)
Ancaq cütlük bir-birini sevmirdi və yalnız siyasi səbəblərlə evliliyi davam etdirirdi. 1840-cı ildə babası taxtdan çəkilməyə məcbur oldu və atası II Vilhelm adıyla taxta çıxdı. Beləcə, taxtın varisi və Oran şahzadəsi ünvanını aldı. Digər yandan ordudakı rütbələri yüksəldi. Ancaq bu yüksəliş formal xarakterli idi. Atası onu dövlət işlərindən və siyasətdən uzaq tuturdu. 1849-cu ildə atasının vəfatının ardından Niderland taxt-tacına sahibləndi. O əsnada London yaxınlığındakı bir ziyafətdə olan Vilhelm geri dönməkdə tərəddüd etdi. Çünki taxta çıxmaqda istəksiz idi. Böyük oğlu Şahzadə Vilhelmin 18 yaşı tamam olanda taxtdan çəkiləcəyini planlaşdırsa da, o gün gəldiyində bu qərarında da tərəddüd yaşadı və bu fikrindən daşındı.
Səltənətinin ilk 20 ili boyunca dəfələrlə parlamenti ləğv etdi və bir neçə hökumət kabineti quruldu. 1867-ci ildə Fransa hökuməti Lüksemburq taxt-tacını satın almağı təklif etdi. Bu isə Prussiya və Niderland arasındakı münasibətlərin pisləşməsinə səbəb oldu. Həmin il çağırılan İkinci London konfransında alınan qərara əsasən, Lüksemburq müstəqil bir dövlət halına gəldi.
1877-ci ildə xanımının vəfatından sonra III Vilhelm yeni bir kraliça axtarışına başladı. İlk niyyəti isə fransız əsilli opera müğənnisi Emilya Ambre ilə evlənmək oldu. Üstəlik, parlamentin icazəsi olmadan məşuqəsinə rəsmi ünvan belə verdi. Ancaq parlamentin və saray diplomatlarının etirazıyla bu fikrindən daşındı. Digər gəlin namizədləri isə bacısı qızı olan Yelizaveta Sibilya, Danimarka kralı IX Kristianın qızı Şahzadə Tira, Valdek və Pirmont şahzadəsi Georq Viktorun qızı Şahzadə Paulina idi. Ancaq III Vilhelm bunların heç birini qəbul etmədi və Valdek və Pirmont şahzadəsi Georq Viktorun digər qızı Şahzadə Emma ilə evlənməyə qərar verdi. Cütlük arasındakı 41 yaş fərq səbəbilə parlament dərhal təsdiq etməsə, bir müddət sonra alınan təsdiqlə cütlük 7 yanvar 1879-cu ildə evləndirildi. Cütlüyün bu nigahdan yalnız bir qızı - Vilhelmina dünyaya gəldi.
1887-ci ildə səhhəti pisləşdi və böyrək çatışmazlığından əziyyət çəkməyə başladı. Üstəlik son illərində əqli gerilik göstərməyə başladı. Xanımı Kraliça Emma naibə olaraq onun yerinə dövlət tədbirlərində iştirak etməyə başladı. Nəhayət 1890-cı ildə vəfat etdi. Vəfat etdiyi əsnada ilk evliliyindən doğulan oğullları vəfat etdiyi üçün ikinci evliliyindən dünyaya gələn 10 yaşlı qızı Vilhelmina taxta çıxarıldı. Kraliça Emma qızının naibəsi seçildi və 18 yaşına qədər bu vəzifəsini davam etdirdi.
Mənbə
Ədəbiyyat
Elzinga, D. J., ed. (2007). The Dutch constitutional monarchy in a changing Europe. Kluwer. pp. 125 & 129. ISBN 978-90-13-04866-7 Janssens, A. L. J. (2008). Uitingsdelicten (in Dutch). Kluwer. p. 177. ISBN 978-90-13-04880-3 van den Bergh, H.; Vinken, P.J. (2002). Klein republikeins handboek: honderd misverstanden over de monarchie (in Dutch). Uitgeverij Boom. pp. 58–59. ISBN 90-5352-734-6 Jørgen Pedersen (2009). Riddere af Elefantordenen, 1559–2009 (in Danish). Syddansk Universitetsforlag. p. 467. ISBN 978-87-7674-434-2
İstinadlar