Diks-Yuit kolleci və ya On Səkkizlər Kolleci () — 1180-ci ildə Fransada təsis edilmiş kollec. Diks-Yuit kolleci Paris Universitetinin ilk kolleci olmuşdur. Kollec on səkkiz tələbənin təhsilini maliyyələşdirmək məqsədilə yaradılmışdı.

Tarixi

Kollec 1180-ci ildə Yerusəlim ziyarətindən qayıtmış Londonlu Jos () adlı ingilis tərəfindən təsis edilmişdir. O, Ru-de-Poyri () küçəsinin cənubunda yerləşirdi.

Kristofer Bekvit "Monastır döyüşçüləri: Orta əsrlər dünyasında elmin Mərkəzi Asiya mənşəyi" () adlı əsərində iddia edir ki, Diks-Yuit kolleci Mərkəzi Asiya mədrəsələri nümunəsində yaradılmışdır: "Jos tərəfindən təsis edilmiş kollec o dövrdə Suriyada və ətraf bölgələrdə geniş yayılmış tipik mədrəsələrlə eynidir. Bunlar adətən ianələr hesabına fəaliyyət göstərən, nisbətən kiçik və əksər hallarda iyirmidən az tələbənin yaşadığı təhsil müəssisələri idi."

Kollecin təsis sənədində deyilir:

"Biz, Paris kilsəsinin dekanı Barbedor... həm müasirlərimizin, həm də gələcək nəsillərin bilməsini istəyirik ki, Londonlu cənab Jos Yerusəlimdən qayıtdıqdan sonra Parisdəki Müqəddəs Məryəm (Notr-Dam) hospitalında kasıblara və xəstələrə göstərilən qayğını böyük ehtiramla nəzərdən keçirdi. O, orada qədim adətə uyğun olaraq yoxsul ruhani tələbələrin yerləşdirildiyi bir otaq gördü və bizim, həmçinin həmin dövrdə Paris kansleri və həmin müəssisənin hüquqi nümayəndəsi olan magistr Hilduenin məsləhəti ilə həmin otağı eyni müəssisənin nümayəndələrindən 52 livr qarşılığında əbədi istifadə hüququ ilə bu tələbələrin ehtiyacları üçün satın aldı. Şərtə əsasən, həmin nümayəndələr əbədi olaraq on səkkiz tələbə üçün münasib çarpayı təmin etməli və hər ay sədəqə sandığında toplanan ianələrdən on iki denye ayırmalı idilər."

XVII əsrdə Paris Universitetinin yenidən təşkili zamanı kollec fəaliyyətini dayandırmışdır.

İstinadlar

Kateqoriya:Paris Universitetinin kollecləri Kateqoriya:1180-ci ildə Avropada yarananlar Kateqoriya:1180-ci ildə Fransada yarananlar Kateqoriya:XII əsrdə Fransada yarananlar Kateqoriya:XII əsrdə yaradılmış təhsil müəssisələri