Əbül-Vəfa Burhanəddin İbrahim ibn Əli ibn Məhəmməd əl-Cəyyani əl-Mədəni (; ) — Maliki fəqihi, bioqraf.
Həyatı Mədinədə anadan olmuşdur. Hopkins onun doğum tarixini təxminən hicri 760-cı (1359) il kimi göstərmişdir. Lakin bioqrafik mənbələrdəki məlumatlar bu fikrin doğru olmadığını sübut edirlər. Bundan əlavə, müəllimlərindən Cəmaləddin Əbu Abdullah Məhəmməd ibn Əhməd əl-Mətərinin hicri 741-ci (1340) ildə, Məhəmməd ibn Əhməd əl-Əqşəhrinin isə daha əvvəl vəfat etdiyi nəzərə alınarsa, İbn Fərhunun hicri 729-cu (1329) ildən əvvəl doğulduğu ehtimal edilir.
O, bir çox alim yetişdirmiş bir ailəyə mənsub idi və ulu babalarından Fərhuna nisbətlə İbn Fərhun ləqəbi ilə tanınmışdır. Ədnanilərdən Yəmər ibn Malikin nəslindən gəldiyi üçün Yəməri, əcdadları Əndəlüsə gedərək bir müddət Ceyyən (Jaén) şəhərinin Üyyan kəndində yaşadıqlarına görə isə Üyyani nisbələri ilə də tanınırdı. Anası və ata nənəsi Məhəmmədin nəslindən idi.
İlk təhsilini atasından və əmisi Bədrəddin ibn Fərhundan almış, onlardan hədis rəvayət etmişdir. Daha sonra Əfifəddin Abdullah əl-Mətəri, İbn Cabir əl-Vadiyaşi, İbn Ərəfə (Əbu Abdullah ibn Ərəfənin atası), İbn Cabir əl-Həvvari, İbn Mərzuq əl-Xətib və Zübeyr ibn Əli əl-Üsvani kimi alimlərdən dərs almışdır. Fiqh, fiqh üsulu, fəraiz (miras hüququ), nəhv (ərəb qrammatikası), hədis, qazılıq, vəsaiq (notariat) və tərcümeyi-hal sahələrində yüksək bilik qazanmışdır. Hicri 775-ci (1373) ildə Hümsə, həmin il və ya bir il sonra Misirə, hicri 792-ci (1390) ildə isə Qüds və Dəməşqə səfər etmişdir.
Rəbiülaxir hicri 793-cü (mart 1391) ildə Mədinə qazısı vəzifəsinə təyin olunmuş və ömrünün sonuna qədər bu vəzifədə qalmışdır. Ondan oğlu Əbül-Yümn Məhəmməd, Əbu Məhəmməd Abdullah ibn Məhəmməd əl-Yəməri, Əbül-Fəth Şərəfəddin Məhəmməd ibn Əbu Bəkr əl-Məraği, Məhəmməd ibn Xalid İbn Zəhrə, Məhəmməd ibn Məhəmməd əl-Mətəri, Hüseyni əl-İci və başqa alimlər hədis rəvayət etmişlər.
Mədinədə maliki məzhəbinin yayılmasına rəhbərlik edən İbn Fərhun müsbət xüsusiyyətləri ilə xalqın sevgisini qazanmışdır. O, 10 Zilhiccə hicri 799-cu (4 sentyabr 1397) ildə Mədinədə vəfat etmiş və Bəqi qəbiristanlığında dəfn olunmuşdur.
Əsərləri İbn Fərhun "əd-Dibacül-muzhəb fi mərifəti-əyani-üləmail-məzhəb", "İrşadüs-salik ilə əfalil-mənasik" və başqa əsərlərin müəllifidir.
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Mədinəlilər