Azərbaycan memarlığı — Azərbaycan ərazisində müxtəlif mədəniyyətlərə aid olan abidələr kompleksi.Burada Azərbaycan termini altında həm Azərbaycan Respublikası ərazisi, həm də Cənubi Azərbaycan nəzərdə tutulur.
İbtidai memarlığın inkişafı Azərbaycan ərazisində mağaraların sayı olduqca çoxdur. Böyük və Kiçik Qafqaz dağlarının ətəklərində, Talış dağlarında, Naxçıvan MR-da, Zəngilan, Kəlbəcər, Gədəbəy, Göygöl, Şamaxı və nəhayət Füzuli rayonu ərazisində aşkar edilmiş Azıx mağarası buna misal ola bilər. Belə mağaralarda aparılmış tədqiqatlar göstərir ki, burada yaşamış ibtidai insanlar 1,5 milyon il öncə, yaşayışlarını mağaralardakı şəraitə uyğunlaşdırmaq məcburiyyətində qalsalar da sonralar şüurun inkişafı və bəzi əmək və inşaat alətlərinin yaranması ilə əlaqədar olaraq onlar yaşadıqları təbii mağaraları öz yaşayış tərzlərinə uyğunlaşdırmağa çalışmışlar. Mağaranın ortasında yandırılmış ocaq tüstüsünü xaric etmək üçün tavandan deşik (baca) açılması, yaxud müəyyən lazımi ləvazimatların saxlanması üçün mağaranın daxili divar səthində xüsusi oyuqların açılması buna əyani sübutdur.
İbtidai insanların təbii mağaralar üzərində apardıqları belə yenidənqurma işləri sonrakı dövrlərdə süni mağaraların yaranması ilə nəticələnmişdir. Təbii mağaralar kimi bir neçə küyüldən ibarət olan süni mağaralar da yer səthindən xeyli hündür məsafədə dik qayalar və dağ döşündə düzəldilmişdir. Azərbaycan ərazisində süni mağaralara Böyük Qafqaz dağlarının cənub-şərq ətəklərində, Kiçik Qafqaz dağlarında, Qubadlı rayonunda Bərguşad, Həkəri çayları vadilərində, Şirvan regionunda Mərəzə, Sündi və Dərəkənd yaxınlığında, eləcə də cənub əyalətlərində qədim Manna və Midiya dövlətlərinə mənsub olan ərazilərində də təsadüf edilmişdir.
Daş hörgüsünün meydana çıxması nəticəsində yeni tipli qazma və yarımqazma binalar inşa edilməyə başladı. Öz başlanğıcını süni mağaralardan almış belə binalar uzun bir tarixi inkişaf prosesi keçmiş və memarlıq tarixində "Qaradan" adı ilə məşhurlaşmışdır. Tarixi məlumatlara görə Azərbaycanda qaradanlardan XX əsrliyin əvvəllərinə qədər istifadə edilmişdir.
İslamdan qabaq memarlıq tarixi 250px|thumb|right|Çıraqqala Qafqaz Albaniyası dövründə (e.ə. IV əsr – eramızın VII əsri) şəhərsalma sahəsində mühüm addımlar atılmışdır. Qəbələ şəhərinin möhkəm qala divarları, saxsı borularından çəkilmiş su kəməri, Dəmirqapı (Dərbənd) keçidində daşdan tikilmiş müdafiə sistemi ("uzun divarlar"), Çıraqqala (VI əsr), Ləkit kəndindəki dairəvi xristian məbədi (V–VI əsrlər), Qum kəndindəki bazilika (təqribən VI əsr), Mingəçevirdəki məbədlər kompleksi (VII əsr) və s. bu şəhərsalma mədəniyyətinin yüksək səviyyəsini göstərir. Sasanilər dövrü memarlıq abidələrindən müdafiə tikililəri özəllikcə diqqəti cəlb edir. Xəzər dənizinin sahilindən başlayaraq, Babadağın ətəyində qurtaran Gilgilçay səddi və indiki Şabran rayonu ərazisində yerləşən Beşbarmaq dağından başlayıb, Xəzərin sahillərinə qədər uzanan Beşbarmaq səddi Azərbaycanda istehkam tikililərinin inkişafı haqqında geniş təsəvvür yaradır.
İslamdan sonrakı memarlıq Ərəb istilasından (VII əsr) sonra Azərbaycanda islam dininin yayılması ilə bağlı memarlığın da inkişaf yönü dəyişdi. Memarlıqda yeni tipli binaların – məscid, mədrəsə, türbə, karvansara və s. tikilməsi əsas xətt oldu. Bərdə, Ərdəbil, Marağa, Urmiya, Şamaxı, Şəmkir,Şabran, Beyləqan, Gəncə və Naxçıvan bu dövrdə Azərbaycanın ən önəmli şəhərləri idi. Şamaxı, Gəncə və Beyləqanın böyük şəhərlərə çevrilməsi də məhz bu dövrə aiddir.
Bu dövrdə islam dini ilə bağlı tikililərlə yanaşı, Qafqaz Albaniyasının bəzi əyalətlərində xristian məbədləri, müdafiə istehkamları inşa edilirdi. Bu qalalardan ndiki İsmayıllı rayonu ərazisində salınmış Cavanşir qalası (təqribən VII əsr) və Qazax rayonunun Yuxarı Əskipara kəndi yaxınlığındakı qala kompleksi (V–VIII əsrlər) diqqəti özəlliklə cəlb edir.
Ümumiyyətlə, islamdan öncəki və sonrakı dövrlərdə Azərbaycan ərazisində inşa edilmiş alban tikililəri memarlığın inkişafında önəmli rol oynamışdır. Bu abidələrdən Zaqatala rayonundakı Paşan və Muxax kəndlərində IV–V əsrlərə aid tikili qalıqları, Şəki rayonunun Böyük Gəldək kəndində Govurqala (VI əsr), Qəbələ rayonundakı Böyük Əmirli kəndində (IV–VIII əsr) alban məbədləri, Oğuz şəhərində alban kilsəsi (orta əsrlər), Dağlıq Qarabağın Xocavənd rayonunun Qarakənd kəndində Alban kilsəsi (I əsr), Sos kəndində (IV əsr), İatsi kəndində (V, VII və VIII əsrlərə aid 4 məbəd), Taqaverd kəndində (675), Güneyçartar kəndində (1236) alban məbədləri, Ağdərə rayonunun Aterk (V əsr), Kolatağ (614), Qoçoqot (672, 698), keçmiş Dostahir (713), Qasapet (718), Çaldıran (XII əsr) kəndlərində, eləcə də Yuxarı Qarabağın başqa bölgələrindəki Susanlıq (IV–VI əsrlər), Vanq (IX əsr), Traxtik (1094), Tsakuri (1131), Məmmədadzor (1147), Tuğ (1197) kəndlərində, Əsgəran rayonunun Şuşikənd (905), Çanaqçı (1065 və 1100), Xaçmaç (1100), Xantsk (1122), Xndzristan (1202) kəndlərində alban məbədləri dövrümüzədək mühafizə olunmuşdur.
Orta əsrlərdə memarlığın inkişafı Ərəb xilafətinin yüksəlişi dövründə Azərbaycan memarlığının inkişaf mərkəzi Bərdə şəhəri idi. Mənbələrdə "bu yerlərin Bağdadı" adlandırılan Bərdədə geniş tikinti işləri aparılmış, çoxlu məscid və başqa dini binalar, karvansara, bazar, hamam və s. tikilmişdi. IX–X əsrlərdə Xilafətin zəifləməsi nəticəsində Azərbaycanda kiçik feodal dövlətlərin yaranması ilə bağlı X–XII əsrlərdə müxtəlif memarlıq məktəbləri yarandı Arran, Təbriz, Naxçıvan-Marağa, Şirvan-Abşeron.
Azərbaycan memarlıq məktəbləri arasında ümumi üslub yaxınlığı var idi. Arran memarlıq məktəbinə (Gəncə, Bərdə, Beyləqan) mənsub sənətkarların yaratdığı binaların əksəriyyəti Gəncə zəlzələsi (1139) və monqol hücumları (XIII əsr) zamanı dağılmışdır. Gəncə və Beyləqanda aparılan arxeoloji tədqiqatlar bir sıra qurğu və bina qalıqlarını aşkara çıxarmışdır. Gəncə çayı üzərindəki 3 körpü (XII əsr), Beyləqandakı yaşayış binaları, hamam və s. qalıqları Aran memarlıq məktəbinin üslub özəllikləri haqqında aydın təsəvvür yaradır.
thumb|250px|Yusif ibn Kuseyr türbəsi Naxçıvan memarlıq məktəbinin abidələri binalarda çox boyalı kaşıdan ornamentli baştağ kompozisiyalarının tətbiqi, Şirvan-Abşeron məktəbinə mənsub tikililər sadə memarlıq bölgüləri və dekorativ oyma bəzəkləri ilə seçilir. Təbriz məktəbinin ən yaxşı abidələri üçün memarlıq quruluşunun dəbdəbəliyi, dekorların müxtəlifliyi səciyyəvidir.
Dövrümüzədək çatmış mütənasib quruluşlu, zəngin dekorlu qülləvarı türbələr və digər tikililərdə Naxçıvan məktəbinin üslub özəllikləri əksini tapmışdır. Bu məktəbin ən yüksək zirvəsini Naxçıvandakı Yusif ibn Küseyr (1162) və Mömünə xatın (1186) türbələrinin, eləcə də hazırda mövcud olmayan dini tikililər kompleksinin müəllifi memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin yaradıcılığı təşkil edir. Əcəminin yaradıcılığı üçün obrazın monumentallığı, kompozisiyanın mütənasibliyi və dekorların zərifliyi, öz dövrünə görə rasional konstruksiyaların tətbiqi, ornament bəzəklərinin oynaqlığı səciyyəvidir. Onun ornament kompozisiyaları bədiiliklə riyazi təfəkkürün üzvi birləşməsinə əsaslanır. Əcəminin yaratdığı kompozisiya və dekorativ bəzək üsulları Azərbaycanın, eləcə də müəyyən ölkələrin türbə tikililərinə böyük təsir göstərmişdir. Marağadakı Göy günbəz türbəsi (1196, memar Əhməd Məhəmməd oğlu) Əcəmi üslubuna özəllikcə yaxındır. Marağa abidələri Azərbaycan memarlığının inkişafında önəmli yer tutmuşdur. Bunlardan dövrümüzədək çatmış ən qədimi Qırmızı günbəz türbəsidir (1148, memar Bəkir Məhəmməd). Bu dövrdə Urmiyada tikilmiş Üç günbəz türbəsi (1185, memar Əbu Mənsur Musa oğlu) memarlıq quruluşuna görə Marağa abidələrinə yaxındır.
Naxçıvan məktəbinin kərpic tikililərində formalaşmış memarlıq üsulları daşdan tikilmiş türbələrdə – Naxçıvan MR-nın Cuğa kəndi yaxınlığındakı Gülüstan türbəsində (XIII əsrin əvvəli), Füzuli rayonunun Babı kəndindəki Şeyx Babı Yəqubi türbəsində (1273–1274 memarı Əli Məcidəddin olması güman edilir) və Aşağı Veysəlli kəndindəki Mirəli türbəsində (XIII–XIV əsrlər) əksini tapmışdır. Bərdədə (1322, memar Əhməd ibn Əyyub əl-Hafiz Naxçıvani) və Naxçıvan MR-nın Qarabağlar kəndində (qoşa minarəli türbə; minarələr XII əsr – XII əsrin əvvəli, türbə XIV əsrin əvvəli) qalmış türbələrin oxşarlığına və hər ikisinin XIV əsrin əvvəlində tikilməsinə əsasən bu abidələrin eyni memar tərəfindən yaradıldığı ehtimal olunur.
X–XII əsrlərdə yaşayıb yaratmış Azərbaycan memarları X–XII əsrlərdə yaşayıb yaratmış bir çox Azərbaycan memarları, bənnaları və memarlıq bəzəyi ustalarının adları müxtəlif tikililərin kitabələrində, daş plitələrində, dekorativ bəzək məmulatlarında və digər qaynaqlarında dövrümüzədək çatmışdır. Bunlardan Məhəmməd ibn Cəfər (Beyləqan rayonundakı "Peyğəmbər" qəbiristanlığındakı kitabəli plitə X əsr), İbrahim ibn Osman (Gəncə darvazası, 1063), Məhəmməd Əbubəkr oğlu (Bakıda Sınıqqala məscidi, 1078), Möhsün (XI əsr; əsərləri məlum deyil), Bəndan ibn Möhsün (XII əsr; əsərləri məlum deyil), Bəkir Məhəmməd (Marağada "Qırmızı günbəz" türbəsi 1148), Əcəmi Əbubəkr oğlu Naxçıvani (Naxçıvanda Yusif ibn Küseyir türbəsi, 1162, Mömünə xatın türbəsi 1186 və s.), Aşur İbrahim oğlu (İçərişəhərdəki İbrahim məscidinin daş mehrabı, 1171), Əmirəddin Məsud (XII əsr; əsərləri məlum deyil), Əbu Mənsur Musa oğlu (Urmiya ş. yaxınlığında "Üç günbəz" türbəsi, 1185), Əhməd Məhəmməd oğlu (Marağada "Göy günbəz türbəsi, 1196), Məsud Davud oğlu (Bakıda Qız qalası, XII əsr), Cəmaləddin (indiki Culfa rayonunun Xanagah kəndindəki Əlincəçay xanəgahında türbə, XII əsrin sonu – XIII əsrin əvvəli), Əhməd Əbubəkr oğlu (XIII əsr, Mərənd; əsərləri bəlli deyil), Əbdülməcid Məsud oğlu (Mərdəkanda dairəvi qəsr, 1232), Zeynəddin Əburəşid oğlu Şirvani (Bakı limanında Şirvanşahların "Bayıl qəsri" iqamətgahı, 1235), *Bədrəddin Təbrizi (Türkiyənin Konya şəhərində (cəlaləddin Ruminin türbəsi 1273), Məhəmməd ibn Mahmud (Arran; Turkiyənin Amasiya şəhərində) məscid minarəsi, 1236–46), Mahmud ibn Maqsud (Pirsaatçay xanəgahının minarəsi, 1256), Mahmud ibn Məsud (Bakıdakı Şəfiulla məscidi; XIV əsr), nəqqaş Əbdülmömin Şərəfşah oğlu (Təbriz; Urmiyada məscid mehrabının oyma naxışları, 1277), Mahmud Səd oğlu (Bakı yaxınlığında Nardaran kəndindəki qəsr, Bibiheybət məscidinin minarəsi, 1305–13), Əhməd ibn Əyyub əl-Hafiz Naxçıvani (Bərdə türbəsi, 1322), gəctəraş Nizam Bəndgir (Mərənd şəhərindəki Gümə məscidinin gəcdən oyma bəzəkləri, 1329), Hacı Məhəmməd (Təbriz; İsfahanda karvansara, 1331), Şahbənzər (Ağdamın Xaçındərbətli kəndində türbə, 1314), Kəştasif Musa oğlu (Nardaran Xan hamamı, 1388) və b. 10–14 əsrlərdə Azərbaycan memarlığının ən dəyərli örnəklərini yaratmışdır.
XIII–XV əsrlərdə memarlığın inkişafı Böyük inkişaf yolu keçmiş Şirvan-Abşeron memarlıq məktəbi abidələri üçün daş konstruksiyalar, tikililərin həcm-məkan həllinin lakonikliyi, daş üzərində oyma bitki ornamentləri səciyəvidir. Bakıdakı Sınqqala minarəsi (1078, Məhəmməd Əbubəkr oğlu), Qız qalası (XII əsr, memar Məsud Davud oğlu), Mərdəkan qalaları (Dairəvi qala, 1232, memar Əbdülməcid Məsud oğlu; Dördkünc qala, XIV əsr), Nardaran qalası (1301, memar Mahmud Səd oğlu), Ramana qalası (XIV əsr) və s. bu məktəbin ən yaxşı abidələri sırasına daxildir. XIII əsrdə Bakı limanında tikilmiş və hazırda suyun altında qalmış Şirvanşahların "Bayıl qəsri" adlı iqamətgahı da bu dövrün maraqlı tikililərindəndir. Bürclü divarlarla əhatə olunmuş bu binalar kompleksi (1235, usta Zeynəddin Əburəşimd oğlu Şirvani və ehtimal ki, memar Əbdülməcid Məsud oğlu) üzərindəki daş oymalar, yazı və təsvirlər qurşağı ilə birlikdə nadir memarlıq ansamblıdır. Şirvan-Abşeron memarlıq məktəbinə mənsub olan tikililərdən biri də XIII–XIV əsrlərdə formalaşmış Pirsaatçay xanəgahıdır. Pir Hüseyn türbəsinin ətrafında salınmış bu dini kompleksdəki minarənin üzərində onun tikilmə tarixi (1256) və memarın adı (Mahmud ibn Maqsud) qalmışdır. Mərəzədəki Diribaba türbəsi (1402), indiki Qusar rayonunun Həzrə kəndindəki Şeyx Cüneyd türbəsi (1544) və Bakıda Şirvanşahlar sarayı kompleksində (1420–60) Şirvan-Abşeron memarlıq məktəbinin yetkin dövrü əksini tapmışdır.