Sündü — Azərbaycan Respublikasının Qobustan rayonunun Sündü kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Kənd Qobustan şəhərindən 95 km şərqdə, Sündü platosunda yerləşir. Mənbələrə görə, Sündü kəndinin tarixi eramızdan əvvələ təsadüf edir. Sündü kəndi Azərbaycanın ən qədim yaşayış yerlərindən biridir. Bu kəndin tarixi 5 min ildən artıqdır. Onun ərazisində tapılan maddi-mədəniyyət nümunələrinə əsasən kəndin tunc dövründə salınması ehtimal olunur. Tarixi mənbələr, yer adları bunu təsdiq edir.

Bu kəndin qədimliyini sübut edən faktlardan biri də burada mövcud olan Sündü məscididir. 920-ci ildə tikilən bu məscid hazırda fəaliyyət göstərir. Əhalinin əsas məşğuliyyəti əkinçilik, heyvandarlıq və sənətkarlıq olub.

Kənd 1918-ci ilin qanlı mart hadisələrindən – erməni təcavüzündən, soyqırımdan da yan keçməyib, daha çox əziyyət çəkib, dəhşətli itkilərlə üzləşib. 1918-ci ilin mart, aprel və may aylarında Azərbaycanın bir çox bölgələrində olduğu kimi Sündü kəndində də ermənilər misli görünməyən vəhşiliklər törədiblər.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə, 1918-ci ilin avqust ayında yaradılan komissiya tərəfindən soyqırım faktları araşdırılmışdır. Soyqırımı olan kəndlərdə yerli əhali ilə görüşərək iclaslar keçirən və həmin iclasları rəsmi şəkildə protokollaşdıran həmin komissiyanın üzvləri 1918-ci il noyabr ayının 8-də Sündü kəndində də görüş keçirmiş, görüş və hadisələr protokollaşdırılmışdır. İclasın protokolundan görünür ki, 1918-ci ilin aprel ayında, yəni soyqırım törədilən zaman Sündü kəndində 433 ev olmuş, əhalinin sayı 2.553 nəfər təşkil etmişdir. Ermənilərin törətdikləri soyqırım zamanı 198 ev yandırımış, 295 nəfər qətlə yetirilmişdir. Kəndin qocaman sakini Səbzalı kişinin xatirələrindən: "

İlk qurbanlarımız Sündü kəndi ilə Xilmilli kəndi arasındakı “Dikdaş” adlı ərazidə olub. Qoçalı Cəbi oğlu və onun həyat yoldaşı Töhfə adlı qadın öz torpaq sahələrində işləyən zaman erməni hücumuna məruz qalıblar. Sonra Sündü kəndi top atəşinə tutulur. Əhali silahsız olduğuna görə yalnız qaçmaqla canlarını qurtarmağa çalışırlar. Lakin silahlı erməni dəstələri onları təqib ediblər. Yaşlı insanlar, azyaşlı uşaqlar kütləvi şəkildə qətlə yetiriliblər". Əhalinin qaça bilən hissəsi "Acıdərə" adlanan yer vasitəsilə qaçıb Kürdəmirə, oradan isə Azərbaycan Xalq Cümhuruyyətinin fəaliyyət göstərdiyi Gəncə şəhərinə gedib çıxıblar. Yalnız Türk İslam Ordusu Bakını azad etməyə gələndən sonra yerli əhali öz doğma yurdlarına qayıdıb. Bütün bu məlumatlar Azərbaycan Dövlət Arxivində 1061 nömrəli fondda yerləşir.

1937-ci ildə Sündü kəndi də sovet hökumətinin işgəncə terrorundan qurtula bilmir. Həmin ildə kənddən 15 nəfər sürgün edilmişdi. Kənd məktəbinin müəllimi Fariq Məmməd oğlun Həsənovun dediklərindən: "Atam danışırdı ki, o vaxt qaça bilməyən və onu aparmaq çətin olan yaşlı bir qadını həyətdə taxıl saxlamaq üçün istifadə olunan quyuda gizlədiblər. Əhali "Qəzənfər" adlanan yerdə, mağaralarda gizlənib. Ermənilər bu ərazini tərk edəndən sonra yenidən kəndə qayıdıb quyudakı həmin qadını da xilas ediblər. Babam Bağı kişi İslam Türk Odusunun bu ərazilərdən keçərək Bakıya doğru uğurlu yürüşünü xatırlayırdı. Başqa bir faktı qeyd edim ki, həmin hadisələr zamanı Umuleyla qadın danışırdı ki, onun yeganə bir körpəsi olub, o, uşağını götüb qaçırmış. Yolda ermənilər onun əlindən körpəsini alaraq gülələyiblər. Həmin qadın isə yalnız qaçaraq canını qurtara bilib. O qadın sonralar bu dəhşətli hadisıni hər zaman xatırlayırmış". Sündü kəndinin digər bir yaşlı sakini Nəcəfquliyev Boyükağa Əliağa öğlunun dediklərindən:

Toponimikası Kənd Sündü platosundadır. Sinədi adının təhrif olunmuş formasıdır. Oykonim Azərbaycan dilindəki sinə (döş, yamac) və tat dilindəki di (kənd) sözlərindən ibarət olub, “yamacdakı kənd” mənasındadır. 1848-ci il məlumatına əsasən, həmin ərazidə Sündü icması da olmuşdur.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

İctimai-siyasi həyatı Sündü kəndində 50 saylı Qobustan–Xızı–Quba Seçki Dairəsinin 23 saylı seçki məntəqəsi yerləşir. Azərbaycan Respublikası Prezidentinin seçkilərində, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə, Azərbaycan Respublikasının bələdiyyələrinə seçkilərdə və ümumxalq səsverməsində (referendumda) 50 saylı Qobustan–Xızı–Quba saylı seçki dairəsi (23 saylı Sündü kənd seçki məntəqəsi) üzrə kütləvi tədbirlər yolu ilə seçkiqabağı təşviqatın aparılması üçün Sündü kənd mədəniyyət evinin qarşısında açıq havada yer ayrılmışdır.

Mədəniyyəti və təhsili Kənddə Azərbaycanın Milli Qəhrəmanı Şikar Şikarov adına orta məktəb fəaliyyət göstərir. Qeyd: Azərbaycanın Milli Qəhrəmanı Şikarov Şikar Şükür oğlu əslən Sündü kəndindəndir, 1953-cü ildə anadan olmuşdur. Bakı Ali Ümumqoşun Komandirlər məktəbini fərqlənmə diplomu ilə bitirdikdən sonra Rusiya ərazisində–Uzaq Şərqdə batalyon komandiri vəzifəsində xidmət etmiş, bundan sonra Frunze adına Hərbi Akademiyada akademik hərbi təhsil almışdır. Akademiyanı bitirdikdən sonra Almaniyadakı Sovet Qoşunları Qrupu tərkibində təkmilləşmə keçmiş, Kiyev Hərbi Dairəsinin hərbi hissələrindən birində qərargah rəisi vəzifəsində xidmət etmişdir. Azərbaycanda Qarabağın ərazi bütövlüyü uğrunda gedən müharibədə iştirak etmək məqsədilə vətənə qayıdır, Milli Ordunun yaradılmasında fəal iştirak edir. 1991-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisinin 1-ci müavini təyin edilir. 1992-ci ilin martında cəbhəyə gedir, bir çox döyüş əməliyyatlarının hazırlanıb həyata keçirilməsində hərbi mütəxəssis kimi xidmətlər göstərir. Ömrünü ölkəmizin bütövlüyü uğrunda gedən mübarizəyə həsr etmiş Şikar Şikarov 1992-ci il iyunun 13-də Tərtər döyüşlərində qəhrəmancasına şəhid olmuşdur. Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Həmçinin uşaq bağçası, mədəniyyət evi, kitabxana, kinoqurğu, xəstəxana, memarlıq abidələrindən məscid (X əsr), arxeoloji abidələrdən orta əsrlərə aid mağaralar vardır. 2019-cu il mayın 7-də prezident İlham Əliyev Sündü kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Sündü kəndində 360 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılıb.

Ölkə əhəmiyyətli arxeoloji abidələr Qədirtəpə kurqanı (tunc dövrünə aid olub, Sündü kəndindən 2 km şimal-qərb istiqamətində yerləşir, artıq məhv olub – inv.№ 1354); Köhnə qəbiristanlıq (orta əsrlərə aid olub, Sündü kəndindən şimalda yerləşir – inv.№ 5878); Quyulu mağaralar–2 ədəd (orta əsrlərə aid olub, Sündü kəndinin cənubunda, Qəhlə dağında yerləşir – inv.№ 5879); Mağaralar–8 ədəd (orta əsrlərə aid olub, Sündü kəndinin cənubunda, Qəhlə dağında yerləşir – inv.№ 5880); Qəzənfər quyulu mağaralar–2 ədəd (orta əsrlərə aid olub, Sündü kəndində, Qəzənfər dağının cənub tərəfində yerləşir – inv.№ 5881); Mağaralar–4 ədəd (orta əsrlərə aid olub, Sündü kəndindən 8 km cənubda yerləşir – inv.№ 5882); Qədim yaşayış yeri (orta əsrlərə aid olub, Sündü kəndindən 20 km qərbdə yerləşir, artıq məhv olub – inv.№ 5883).

Yerli əhəmiyyətli memarlıq abidələri Kənd ərazisində yerləşən Sündü məscidi (X əsrə (920-ci il) aid olub, Sündü kəndinin mərkəzi hissəsində yerləşir – inv.№ 4593)).

Səhiyyəsi 50 çarpayılıq Sündü kənd sahə xəstəxanası kənd əhalisinə tibbi xidmət göstərir.

Coğrafiyası və iqlimi Sündü kəndi Böyük Qafqaz dağlarının cənub-şərq ətəklərində, Azərbaycan Respublikasının şərq hissəsində yerləşir. Yayı quraq keçən mülayim isti iqlimin olması ilə səciyyələnir. Tez-tez Xəzri küləkləri (şimal-şərq) əsir, şərq və cənub–şərq tərəfdən isti küləklərin əsməsi də təsadüf edilir.

Əhalisi Sündü kəndinin əhalisi 2682 nəfərdir. Əhali milli tərkibinə görə Azərbaycan türklərindən ibarətdir, kənddə Azərbaycan türkcəsindən başqa hər hansı yerli dil və dialektdə danışılmır.

1918-ci ilin mart soyqırımında ermənilər tərəfindən Sündü kəndində 295 nəfər kənd sakini şəhid edilmişdi.

İqtisadiyyatı Əhalisi əkinçilik (dənli bitkilər, xüsusilə taxıl), üzümçülük və heyvandarlıqla məşğuldur. Taxılçılıq əsasən dəmyə şəraitində becərilir.

İstinadlar

Xarici keçidlər Qobustan Rayon İcra Hakimiyyəti Heydər Əliyev Fondu Azərbaycan Respublikasi Qobustan Rayon İcra Hakimiyyəti

Həmçinin bax

Kateqoriya:Qobustan rayonunun kəndləri