Əbu Yusif Yaqub ibn Şeybə ibn əs-Salt əs-Sədusi əş-Şeybi (; ) — fəqih, mühəddis və hədis hafizi.

Həyatı Hicri 180-ci (796) və ya 182-ci (798) ildə Bəsrədə anadan olmuşdur. Hicri 200-cü (815) ildən sonra hədis öyrənməyə başlamışdır. Əbül-Vəlid ət-Təyalisi, Əffan ibn Müslim, Yezid ibn Harun, Rəvh ibn Ubədə, Əzhər ibn Səd, Əbu Amir əl-Əqədi, Əli ibn Mədini, Yəhya ibn Məin və Əhməd ibn Hənbəl kimi mühəddislərdən dərs almışdır. Ondan nəvəsi Məhəmməd ibn Əhməd ibn Yaqub, Yusif ibn Yaqub əl-Əzraq və başqaları hədis rəvayət etmişlər.

Təhsilini başa vurduqdan sonra Bağdada köçüb burada və Samərrada hədis tədris edən İbn Şeybənin "siqa" (etibarlı ravi) olduğu barədə alimlər yekdil olmuşlar. Maliki məzhəbinə mənsub fəqih olan İbn Şeybə maliki fiqhini Malik ibn Ənəsin tələbələrindən öyrənmişdir. Bu məzhəbə dair əsərlər yazdığı rəvayət edilsə də, mənbələrdə onun bu mövzuda hər hansı kitabının adı çəkilməmişdir.

Xəlifə Mütəvəkkil-Əlallah İbn Şeybəni Bağdada qazıl-quzat (baş qazı) təyin etmək istəmiş, lakin Əhməd ibn Hənbəlin onun bidətçi olduğunu irəli sürməsi nəticəsində bundan vaz keçmişdir. Bildirilir ki, İbn Şeybə müəllimi Əhməd ibn Müəzzəlin təlqini ilə xəlqül-Quran məsələsində təvəqquf etməsi səbəbindən İbn Hənbəl tərəfindən ittiham olunmuşdur. Onun bu mövqeyinə görə əhalinin İbn Şeybədən üz döndərdiyi və onun "əl-Müsnədül-kəbir" əsərinə maraq göstərmədiyi güman edilir. Kitabın çox həcmli olması da ona kifayət qədər maraq göstərilməməsinin səbəbi ola bilər.

İbn Şeybə varlı və səxavətli bir insan olduğundan, əsərinin təmiz nüsxəsinin hazırlanması və köçürülməsi üçün qırx katib tutduğu, onları öz evində yerləşdirdiyi, bu işə on minlərlə dinar xərclədiyi və nəticədə maddi cəhətdən möhtac vəziyyətə düşdüyü bildirilir.

İbn Şeybə 262-ci il Rəbiüləvvəl ayının 13-də (16 dekabr 875) Bağdadda oğluna dərs verərkən vəfat etmişdir.

Əsərləri Onun dövrümüzə qədər gəlib çatmış yeganə əsəri "əl-Müsnədül-kəbirül-muəlləl"dir. Adı məlum olan digər bir əsəri isə "Müsnədu Ömər ibn Xəttab ənin-Nəbiy"dir.

İstinadlar