Əbu Məhəmməd Əbdülmömin ibn Əli ibn Məhluf əl-Kumi (; ) — Müvahhidlər dövlətinin banisi və xəlifəsi.
Həyatı 1094-cü və ya 1095-ci ilin yanvarında dünyaya gəlmişdi. Bərbər mənşəlidir.
Əbdülmömin əl-Kumi ilk təhsilini doğulduğu kənddə almış, daha sonra İbn Tümərtin yanında təhsilini davam etdirmişdi. O, iti zəkası və bacarığı ilə müəlliminin diqqətini cəlb etmiş, Müvahhidlər hərəkatının ordu komandanı təyin olundu.
Müəllimi İbn Tümərtin 1130-cu ildə vəfatından sonra Əbdülmömin əl-Kumi onun tərəfdarları tərəfindən xəlifə və rəhbər kimi qəbul edildi. 1133-cü ildə ona "Əmir əl-möminin" titulu verildi. Əbdülmömin əl-Kumi əvvəlcə Mərakeşdəki bərbər qəbilələrini öz hakimiyyəti altında birləşdirməyə, daha sonra isə Murabitləri devirməyə çalışdı. O, Atlas dağlarında və Mərakeşin şimalında hakimiyyətini möhkəmləndirdi, Murabitlərlə apardığı müharibələrdə mühüm qələbələr qazandı.
1146-cı ildə Fəsi, 1147-ci ildə isə Mərrakeşi ələ keçirərək Murabitlər dövlətinə son qoydu. Bununla da Müvahhidlər Şimali Afrikanın ən güclü siyasi qüvvələrindən birinə çevrildilər.
Murabitlər dövlətinin süqutundan sonra Əndəlüsdə siyasi parçalanma gücləndi. Əbdülmömin əl-Kumi öz sərkərdələrini Əndəlüsə göndərərək İşbiliyə (Sevilya), Məlaqə (Malaqa), Qurtubə (Kordova) və digər şəhərlərdə Müvahhidlərin hakimiyyətini genişləndirdi. Lakin Əndəlüsün bütün əraziləri onun nəzarəti altına keçmədi; bəzi yerli hakimlər müqavimət göstərməkdə davam etdilər.
Əbdülmömin əl-Kumi hakimiyyətini indiki Əlcəzair, Tunis və Liviyanın bəzi ərazilərinə doğru genişləndirdi. 1152-ci ildə Bicayəni ələ keçirərək Həmmadilərin hakimiyyətinə son qoydu. 1158-ci ildə Tunisi ələ keçirdi, 1160-cı ildə isə Tripoli və Mehdiyə üzərində hakimiyyətini möhkəmləndirdi. Beləliklə, Atlantik okeanı sahillərindən Şimali Afrikanın şərqinə qədər uzanan geniş ərazi onun siyasi hakimiyyəti altında birləşdirildi.
Ömrünün son illərində Əbdülmömin əl-Kumi hərbi kampaniyalarla yanaşı, dövlətin daxili idarəçiliyinə də diqqət yetirirdi. O, hakimiyyətin öz ailəsində qalmasını və taxtın oğullarına keçməsini istəyirdi. Buna görə də, oğullarını mühüm şəhərlərə vali təyin edir, onları həm dini biliklər, həm də hərbi bacarıqlar baxımından hazırlayırdı. Varislik məsələsi ətrafında yaranan münaqişələr isə Müvahhidlər rəhbərliyi daxilində gərginliyə səbəb olmuşdu.
Əbdülmömin əl-Kumi 1163-cü ilin may ayında vəfat etmişdir.
İstinadlar
Kateqoriya:Müsəlmanlar Kateqoriya:Bərbərlər Kateqoriya:Əlcəzair tarixi Kateqoriya:XII əsr hökmdarları Kateqoriya:Mərakeş sultanları Kateqoriya:Mərakeş tarixi Kateqoriya:Şəxslər:Mərakeş şəhəri Kateqoriya:Tunis tarixi