Xeyirxah diktator — adətən layihənin təsisçiləri olan və icma daxilində mübahisələr və fikir ayrılıqları zamanı son qərar vermək səlahiyyətini özündə saxlayan azsaylı azad və açıq mənbəli proqram təminatı tərtibatçılarına zarafatla verilən titul.

Tarixi "Xeyirxah diktator" termini () ən azı 1868-ci ildən mövcuddur və onun kompüter sahəsində istifadəsi də ilk dövrlərə gedib çıxır. Bunu 1984-cü ildə Usenet-də moderator haqqında yazılmış bir paylaşımda həmin terminin işlədilməsindən görmək olar.

"Ömürlük xeyirxah diktator" ifadəsinin ilk dəfə 1995-ci ildə Python proqramlaşdırma dilinin yaradıcısı Qvido van Rossum haqqında işlədildiyi güman edilir. Van Rossum National Research Initiatives Korporasiyasına qoşulduqdan qısa müddət sonra bu termin Python-un hazırlanmasına və seminarlarına nəzarət edəcək yarıformal qrup yaratmaq məqsədilə keçirilən görüşə dair Ken Manheimerin sonrakı məktubunda ortaya çıxdı. Bu ilkin istifadədə Van Rossumun "İlk müvəqqəti ömürlük xeyirxah diktator" adlandırılması ilə bağlı əlavə bir zarafat da yer alırdı. Titulu əvvəlcə Ken Menhaymer "xeyirxah diktator" kimi irəli sürmüş, daha sonra isə Berri Varşav "ömürlük xeyirxah diktator" variantını təklif etmişdi.

Erik Reymondun 1999-cu ildə yazdığı "Homesteading the Noosphere" () essesi də qərarları təkbaşına verən açıq mənbəli layihə sahibini və ya müşayiətçisini ifadə edən "xeyirxah diktator" termininin populyarlaşmasına töhfə vermişdir. Reymond açıq mənbə modelinin təbiətinin "diktaturanı" özünü xeyirxah olmağa məcbur etdiyini izah edir, çünki ciddi fikir ayrılığı layihənin yeni rəhbərlərin idarəçiliyi altında şaxələnməsinə səbəb ola bilər. Açıq mənbəli proqram təminatının hazırlanması layihələrinin əksəriyyətində paylanmış versiyaya nəzarət sistemlərindən istifadə olunur. Bu sistemlərdə iştirakçılar layihənin müşayiətçisinə kod dəyişikliyi sorğusu göndərirlər və müşayiətçi həmin təklifi qəbul edə və ya rədd edə bilər. Proqram təminatının digər paylanmış nüsxələri isə həmin müşayiətçinin repozitoriyası əsasında yaradılır. Xeyirxah diktator vəzifəsi şəbəkə effektinin nəticəsidir. İcmanın qalan hissəsi həmin repozitoriyaya abunə olduğu və dəyişiklikləri ora göndərdiyi üçün onlar bütövlükdə layihənin himayədarına çevrilirlər.

2018-ci ilin iyulunda van Rossum öz yerinə birini təyin etmədən Python-un xeyirxah diktatoru vəzifəsindən ayrılacağını elan etdi və bununla da Python icmasının strukturunda bu titul faktiki olaraq aradan qalxdı. 2025-ci ildə Mastodon-un tərtibatçısı Yevgeni Roçko vəzifəsindən ayrılaraq mülkiyyət hüququnu qeyri-kommersiya təşkilatı strukturuna ötürdü.

İstinadlar

Kateqoriya:Kompüter yumoru Kateqoriya:Proqram təminatının tərtibatı prosesi Kateqoriya:Azad proqram təminatı mədəniyyəti və sənədləri Kateqoriya:Proqramlaşdırma folkloru Kateqoriya:Proqram təminatı mühəndisliyi folkloru