Əbu Bəkr Əhməd ibn Məhəmməd ibn İshaq əd-Dinəvərdi (; ) — hədis alimi.

Bioqrafiyası İbn əs-Sünni Dinəvərdə doğulub. Nisbələri "Haşimi" ilə "Cəfəri"dir.

O, Bağdad, Bəsrə, Kufə, Harran, Dəməşq, Misir, Cizrə kimi elm mərkəzlərinə səyahətlər edib və Nəsai, Əbu Xəlifə əl-Cumahi, Əbu Yalə əl-Mövsili, Zəkəriyya ibn Yəhya əs-Saci, İbn əl-Bəğəndi, Əbül-Qasım əl-Bəğavi, İbn Əbu Davud, Əbu Ərubə və İbn Cəvzə kimi alimlərdən bəhrələnib. Ən çox bəhrələndiyi müəllimi Nəsai olmuşdur. Bununa görə də İbn əs-Sünniyə "sahibun-Nəsai" deyilib.

Əbül-Həsən Məhəmməd ibn Əli əl-Ələvi, Qazı Əbu Nəsr Əhməd ibn Hüseyn əl-Kəssar (əsərlərinin ravisi), Əbu Əli Əhməd ibn Abdullah əl-İsfahani, Əli ibn Ömər əl-Əsədabadi kimi alimlər isə İbn əs-Sünniyə tələbəlik edib.

Şafei məzhəbinə mənsub olan İbn əs-Sünni hicri 364-cü (974 və ya 975) vəfat edib.

O, "Əməlül-yəvm vəl-leylə", "Kitabül-Qənaa" və başqa əsərlərin müəllifidir. Həmçinin Zəhəbi Nəsainin "əs-Sünənül-kübrə"sini İbn əs-Sünni tərəfindən "əl-Müctəba" adı altında ixtisar edildiyini və hazırkı "Sünənün-Nəsai"nin onun tərəfindən ərsəyə gətirildiyini iddia etmişdir.

İstinadlar

Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Ravilər Kateqoriya:X əsr şəxsləri