Maksimilyan de Boharne ( ) — fransız hərbçi Ejen de Boharnenin oğlu, IV Loyxtenberq hersoqu. Moritz fon Yakobinin tələbəsi olan Maksimilyan, qalvanoplastika sahəsində qabaqcıllardan biri və ümumiyyətlə mis və bürünc metal emalı üzrə mütəxəssis, eləcə də incəsənət kolleksiyaçısı kimi tanınır. O, Rusiyada ilk lokomotiv zavodlarının sahibi idi.

1817-ci ildə Münxendə dünyaya gəldi. Atası Napoleon Bonapartın ögey oğlu fransız hərbçi Ejen de Boharne, anası isə Bavariya kralı I Maksimilyanın qızı Avqusta Amaliyadır. Ögey babası Napoleon Bonapartın məğlub edilməsindən sonra, atası ailəsini də yanına alaraq xanımının vətəni olan Bavariyaya sığınmışdı. Maksimilyan da bu əsnada dünyaya gəlmişdi. Bu səbəblə uşaqlıq illəri Bavariyada keçdi. Atasının 1824-cü ildə vəfatından sonra anasının himayəsində böyüdü. Atasının daşıdığı Loyxtenberq hersoqu ünvanı və mülkü isə böyük qardaşı Avqust de Boharneyə keçdi. Ancaq qardaşının 1835-ci ildə geridə rəsmi varis buraxmadan gənc yaşda vəfat etməsinin ardından bütün bu ünvan və mal-mülk Maksimilyana qaldı.

1836-cı ildə rus çarı I Nikolayın qardaşı böyük knyaz Mixail Pavloviç Münxenə rəsmi səfərə gəldi. Səfər əsnasında anası tərəfindən qarşılanan qonaqların şərəfinə ziyafət verildi. Ardından Bavariya-Rusiya münasibətlərini gücləndirmək üçün iki ailə arasında bir evlilik tərtiblənməsi müzakirə edildi. 1837-ci ildə Maksimilyan de Boharne çarın dəvətiylə Sankt-Peterburqa yollandı. Çar ailəsiylə yaxından tanış oldu və imperiyanın müxtəlif əyalətlərinə səyahət etdi. Bu rəsmi səfərin sonunda Maksimilyan de Boharne ilə çarın sevimli qızı Mariya Nikolayevna arasında eşq münasibəti başlamışdı. Ancaq çarın müəyyən şərtləri vardı. Qızıyla evləndiyi təqdirdə, Maksimilyan Rusiyada yaşamalı və çar ordusunda xidmət etməli idi. Üstəlik doğulacaq övladları pravoslav məzhəbinə uyğun şəkildə böyüdülməli və de Boharne soyadından imtina edərək Romanovski soyadını almalı idi. Bütün bu şərtləri qəbul etməsinin ardından, 5 dekabr 1838-ci ildə cütlüyün nişanlandığı elan edildi. 2 iyul 1839-cu ildə Qış sarayında evlənən cütlüyün şərəfinə çar tərəfindən 2 saray inşa edildi. Saraylar inşa edilənədək (1845-ci ilədək) Qış sarayında məskunlaşan cütlüyün bu nigahdan 7 övladı doğuldu.

Aleksandra Maksimilyanovna (1840-1843) Mariya Maksimilyanovna (1841-1914) Nikolay Maksimilyanoviç (1843-1891) Yevgeniya Maksimilyanovna (1845-1925) Ejen Maksimilyanoviç (1847-1901) Sergey Maksimilyanoviç (1849-1877) Georq Maksimilyanoviç (1852-1912)

Öz saraylarına köçdükdən sonra Münxendəki şəxsi kolleksiyasını Sankt-Peterburqa daşıdı. Bu kolleksiyadakı bir çox əsər hal-hazırda Ermitaj muzeyində sərgilənir. Cütlüyün evliliyi xoşbəxt başlasa da, sonrakı illərdə hər ikisinin də nigahdan kənar münasibətləri oldu. Hətta onların son 3 övladının atasının kimliyi müəmmalı qaldı.

1845-1846-cı illərdə Ural dağlarındakı ekspedisiyalara qatıldı və bu əsnada ağır xəstələndi. Ardından vərəm diaqnozu qoyulduğu üçün daha isti iqlimdə müalicəsini davam etdirmək tövsiyə edildi. Bu məqsədlə, Estoniya və Malyorkada bir müddət qaldı. 1 noyabr 1852-ci ildə Sankt-Peterburqda vəfat etdi.

Mənbə

Ədəbiyyat Belyakova, Zoia (2010). Honour and fidelity: The Russian Dukes of Leuchtenberg. Logos Publisher. pp. 14–28 Belyakova, Zoia (1995). Grand Duchess Maria Nikolayevna and Her Palace in St. Petersburg. Hazar Publishing. pp. 40–41. ISBN 1-874371-54-7 Per Nordenvall (1998). "Kungl. Maj:ts Orden". Kungliga Serafimerorden: 1748–1998 (in Swedish). Stockholm. ISBN 91-630-6744-7

İstinadlar

Kateqoriya:Leyxtenberqlilər Kateqoriya:Leyxtenberqlilər Kateqoriya:Rusiya paleontoloqları Kateqoriya:Rusiya zooloqları Kateqoriya:Zoologiya taksonlarının müəllifləri